Zərrən də yox idi, yoxdan yarandın
Döndün Yaradandan, nəyə inandın?
O səni xəlq etdi, sən Onu dandın
Kimə bağlanmısan, ay boyu bəstə?
Allaha bel bağla, Allahdan istə.
Kainat möcüzə, dünya möcüzə
Yer üzü möcüzə, dərya möcüzə.
Kimlərsə göstərib guya möcüzə
Allah möcüzəsin görməyən bendə,
Allaha bel bağla, Allahdan istə.
Etibar Ondadı, vəfa Ondadı
Hər dərdin dərmanı, dəva ondadı.
Odur şəfa verən, şəfa ondadı
Sən şəfa axtarma qeyri bir kəsdə
Allaha bel bağla, Allahdan istə.
İstər Baba dağı, istər Əlincə
İstər gündüz olsun, istərsə gecə.
Yerin nə fərqi var, hardasah, necə
İstər Kufədə ol, istər Tiflisdə
Allaha bel bağla, Allahdan istə.
Əziyyət çəkirsən ağrılarından
Gah tutur belindən, gah damarından.
Allah yaxındırsa şah damarından
Sən çağır Allahı, sən onu səslə
Allaha bel bağla, Allahdan istə.
Deyirsən istəyim mən Ondan nəcə?
Sən çəkil təkliyə elə bu gecə
Ya qapan səcdəyə, ya da sadəcə
Qaldır əllərini, otur diz üstə
Allaha bel bağla, Allahdan istə.
Çiçək də dərmisən gül budağından
Övlad istəyirsən sən nə dağından?
Heç yerə yollanma bəxt otağından
Hamı yatan zaman dur yatağından
Çəkil bir kənara, otur ahəstə
Allaha bel bağla, Allahdan istə.
Müəllif: Molla Cümə
|