Şəmbə, 04.05.2024, 09:40
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Oktyabr 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

16:18
İLAHİ BİLİKLƏRİN İNSAN HƏYATINDA ZƏRURİLİYİ
Hər şeyi bilən Allah yaratdığı ilk insandan başlayaraq bəşəriyyətə çoxsaylı nemətlər, o cümlədən də ilahi biliklər bəxş edərək onu Öz dərgahında üstün bir dərəcəyə yüksəltdi. O bu barədə buyurur: “(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!” - dedi. Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər. (Sonra) O: “Ey Adəm, bunların adlarını onlara bildir!” - dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu. (Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” (əl-Bəqərə, 31 - 34)

Allah təala Adəm əleyhissalama mələklərin bilmədiyi adları öyrətdikdən sonra onları söyləməsini tələb etdi. O isə müəyyən bir dildə sərbəst danışaraq mələklərin bilmədikləri həmin adları onlara xəbər verdi. Deməli sözlər və onların qurulması insana Allah tərəfindən öyrədilmişdir. Həmçinin ayədən bəlli olur ki, Adəm çox güclü hafizəyə və iti ağıla malik idi. Çünki o, mələkləri heyran edəcək səviyyədə adları olduğu kimi söylədi. Bəzi təfsir alimləri Adəmə kainatda olan məxluqların, bir başqaları yer üzündə olanların və s. adlarının öyrədildiyini demişlər. Bu deyilənlər sübuta yetməsə də, ayədə mələklər kimi Allaha asi olmayan, daim Ona ibadət edən, ağlasığmaz qabiliyyətləri ilə mühüm tapşırıqları yerinə yetirən məxluqların elmdə üstələnməsi açıq-aydın vurğulanmışdır. Adəm öz işinin öhdəsindən elə məharətlə gəldi ki, Allah təala ona səcdə edilməsini əmr verdi. Bu, insanın ilk məktəbi və yüksək qiyməti idi. Adəm buna görə ona ilahi bilikləri öyrədən aləmlərin rəbbi Allaha layiqincə təşəkkür etməli idi.

Növbəti ayələrdə buyurulur: “(Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız.” (Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”, - dedik. (Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.” (əl-Bəqərə, 35-37)
İnsana ağıl, zəka, hafizə və sairə qabiliyyətlər verilməsi ilə yanaşı, ona Allah tərəfindən mərhəmət göstərilərək peyğəmbərlər vasitəsilə ilahi biliklər də çatdırılmışdır. Onun bu biliklərə yiyələnməsi zəruridir. Bunun bir neçə səbəbi vardır: Birincisi, dini biliklərsiz insan Qiyamətə qədər ona düşmən kəsilmiş şeytanla bacara bilməz. Uca Allah buyurur: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı urcah edərik və onun (şeytanın) yaxın dostu olar.” (əz-Zuxruf, 36) İkincisi, Allah təala öyrənilməsi zəruri sayılan bilikləri vacib buyurmuşdur. O deyir: “Bil ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur.” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Elm öyrənmək hər bir müsəlman kişiyə və qadına vacibdir.” (İrva). Üçüncüsü, Allah təala ibadəti Onun buyurduğu kimi yerinə yetirməyi əmr etmişdir. O belə deyir: “Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız.” (əl-Əraf, 3). Dördüncüsü ilahi biliklərin nazil edilməsi insan şüurunun müstəqil şəkildə Allahın sevib razı qaldığı yaxşı işləri və qəzəbinə gələn pis işləri dərk etməsində aciz olduğunu göstərir. Uca Allah buyurur: “(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin.” (Əş-Şura, 52). Əgər Allah Öz Elçisinin vəhy göndərilməzdən əvvəl imanın nə olduğunu bilmədiyini vurğulayırsa, kim cürət edib dini biliklərsiz iman haqqında danışa bilər.

Həmçinin Əli ibn Əbutalib (Allah ondan razı olsun) demişdir: Əgər ağlıma tabe olsaydım, məshi ayağımın üstünə deyil, altına çəkərdim.” (Hafiz ibn Həcər “Fəthul-Bari” əsərində rəvayətin etibarlı olduğunu demişdir.) İmam Əli bu sözləri ilə hər bir müsəlmana mühüm bir qaydanı çatdırmışdır. Həmin qayda aşağıdakından ibarətdir: “Allaha Onun buyurduğu kimi ibadət edilməlidir”.

Bununla da o, rəblərinə tam təslim olan möminlərin Quranda xatırlanan sözlərinə işarə etmişdir: (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. (əl-Bəqərə, 285)
Deməli, Quran və Sünnədə varid olan ayə və səhih hədislər onları dərk edib, etmədiyimizdən asılı olmayaq birmənalı şəkildə təsdiqlənməlidir. Biz qeyblə bağlı olmayan məsələləri müzakirəyə çıxara bilərik. Lakin bildiyiniz kimi bu heç də onlardan izah verə bilmədiklərimizi inkar etməmizə rəvac vermir. Əgər hər hansı fiqh alimi müəyyən ayə və hədisin hikmətini anlamırdısa, onu “təabbudiyyə” adlı terminlə tənzimləyirdi. Bununla da alimlər varid olan ibadətin sözsüz icrasının zəruriliyini bildirmişlər. Məsələn, nə üçün dəstəmaz alan müsəlman əzalarını təmizlənənə qədər deyil, məhz üç dəfə yuyur? Bu əməlin hikmətini aça bilməyən alim onun hikmətinin olmadığını söyləyə bilməz və eyni zamanda onu icra etməkdən də yayına bilməz.

Mən bu dediklərimlə ilahi biliklərin insan həyatında zəruriliyini nəzərinizə çatdırmaq istəyirəm. Ona görə də müsəlman Allaha öz istədiyi kimi deyil, Allah istəyən kimi ibadət etməlidir. Məgər Allah təala bu məsələni insanın öz öhdəsinə buraxıb?! Axı O, Öz dərgahından elçi mələklər göndərib. Onlar da öz növbəsində bu bilikləri peyğəmbərlərə çatdırıblar. Misal olaraq insanın icad etdiyi bütpərəst dinlərə baxaq. Onların bəzi üzvləri bütün ömrünü öz əlləri ilə düzəltdiyi bütə həsr edir. Müəyyən yeməklərdən, qadından və sairə işlərdən imtina edir. Tənhalığa çəkilərək saatlarla dua və xüsusi ayinlər icra edir. Kənardan baxsaq, o öz ilahına tam təslim olaraq öhdəsinə düşən ibadəti lazımınca yerinə yetirir. Bu cür sədaqətlə ibadət edən bütpərəst öldükdən sonra aqibəti nə olacaq deyə sual verdikdə, onun ruhunun yer üzündə yaşayan digər canlıya keçərək yenidən bu dünyaya qayıdacağını deyirlər. Ruhların bir cəsəddən, fərqi yoxdur insanın və ya sürünən, otlayan, uçan bir başqasının cəsədinə keçməsini etiqad etmək doğrudan da qəribədir. İndi sizə ət yeməməyin sirri bəlli oldu?

İslam dinində də ibadətləri yerinə yetirməkdə digərlərindən fərqlənən təbəqə, peyğəmbərlər, şəhidlər, övliyalar, alimlər və s. vardır. Lakin bütpərəstlikdən fərqli olaraq nəinki onları, hətta kəlmeyi-şəhadəti deyən hər bir müsəlmanı öldükdən sonra əbədi qalacaqları Cənnət bağları gözləyir. Onlar orada pis söz eşitməz, kədər və qəm qüssənin nə olduğunu bilməzlər. Onların ətrafında xidmətçilər dolaşar. Cənnət əhli qocalmaz və xəstələnməz. Onlardan ən sonuncu Cənnətə daxil olana dünya və onun misli qədər yer bəxş edilər. Onları qızıl və gümüş kərpiclərdən tikilmiş evləri və sairə saydıqca qurtarmayan nemətlər gözləyir.
İndi isə cavab verin hanı bütpərəstin ilahının mükafatları?! Məgər bu sağlam məntiqdir?! Bu dini icad edən şəxs hansı məqsədləri güdürdü? O öz davamçısını bütün ömrü boyu özünə xidmət etdirərək ona mükafat verməyi unudub. Əlbəttə ki, burada onun əlləri ilə düzəltdiyi insan, ağac, daş və ya heyvan bütünün heç bir rolu yoxdur. Çünki onların özü belə icad olunan dinin tərkib hissəsidir. Mən hələ yuyunmağı qadağan edən bütpərəst bir dinə qulluq edərək ömrü boyu yuyunmayan və ya saç kəsməyi qadağan edən bütpərəst dinə sitayiş edərək həyatında bircə dəfə də olsun saçlarını kəsməyən insanlardan danışmıram.
Biz bir müsəlman kimi Allahın buyurduğu dinimizlə fəxr edirik. Mən nə üçün bu cümləni belə bir qeydlə yəni, Allahın buyurduğu dinimizlə sözləri ilə dedim?! Çünki təəssüflə qeyd etməliyəm ki, bir qisim müsəlmanlar Allaha Onun nazil etdiyi dinlə deyil, özlərinin icad etdikləri puç və məntiqsiz əməllərlə “qulluq” edirlər. Onlardan bəziləri doğmayan, doğulmayan və heç bir bənzəri olmayan tək Allahı kişi, digərləri isə baba adlandırırlar. Xəbəriniz olsun ki, Allahın belə adı nəinki Quranda və Peyğəmbər hədislərində heç on dörd əsrdə mövcud olan müxtəlif məzhəblərin və təriqətlərin elmi kitablarında da yoxdur. Allaha belə ad verilməsi yolverilməzdir.

Bir başqaları Quranın bütünlüklə Yasin surəsindən ibarət olduğunu iddia edirlər. Xəbəriniz olsun ki, Quranda yüz on dörd surə var və Yasin onlardan biridir.

Bir qrup da, bəzən onların sırasında ali savadlı və dünya görüşlü insanlar da olur, Məhəmməd peyğəmbərdən söz düşərkən guya onun böyük şəxsiyyət olduğunu vurğulayırmış kimi: Məhəmməd peyğəmbər dahi adam olub, O kitabı yəni, Quranı yaxşı yazıb – deyirlər. Xəbəriniz olsun ki, Quran Allahın kəlamlarından ibarət bir kitabdır. Onu yazmağı və oxumağı bilməyən Məhəmməd peyğəmbər yazmayıb.

Bəzi insanlar da Cənnətin, Cəhənnəmin və s. qeyb aləminin olmasına inanmırlar. Onlar bu yerlərə gedib-gələnin olmadığını əsas gətirirlər. Əvvəla müsəlman öz gözləri ilə görmədiyi qeyri adi bir varlığın mövcud olmasını ona kimin xəbər verdiyini fikirləşsin. Xəbəriniz olsun ki, Cənnətin, Cəhənnəmin və s. qeybdə olan məxluqların olmasını Allah təalə Qurani Kərimdə buyurub. Sizin, Allahın Kitabında və Peyğəmbərin səhih hədislərində varid olan qeyb məlumatlarını sözsüz şəkildə təsdiqləməniz bir müsəlman kimi vəzifənizdir. Bununla heç kəsin ağlından, şəxsiyyətindən, malından və sağlamlığından bir şey azalmayacaq. Çünki sizdən öncə bunu Məhəmməd peyğəmbər və on dörd əsrdə cəmiyyətin bütün təbəqələrində yaşayan milyardlarla alim, rəhbər, var-dövlət sahibi və yüz il sağlam ömür sürmüş qüvvətli möminlər təsdiqləyib. Bu iki mənbə istisna edilməklə gözünüzlə görmədiyiniz qeyb xəbərinə mütləq inanmanız haqqında şəriətdə bir dəlil yoxdur. Məsələn, bəziləri başqa planetdən gəlmələrin olduğuna inanırlar. Bununla biz onları möminlər, əks tərəfi yəni, buna inanmayanları isə qeyri möminlər adlandıra bilmərik.

Bir neçə adam da Allahın qocaya, cavana, xəstəyə, sağlama vacib etdiyi beş vaxt namazı yalnız təqaüdə çıxmış ağsaqqalların qılmasını iddia edirlər. Halbuki, onların bu barədə heç bir əsası yoxdur. Allah təala buyurur: “Əlif, Lam, Mim. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.” (əl-Bəqərə, 1-5)
Haqqı sevən hər bir müsəlman bütün bu deyilənlərdən nəticə çıxartmalı və uca Allahın bu ayəsini yaddan çıxartmamalıdır: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” Ayəni şərh edən hafiz ibn Kəsir demişdir: Allaha yəni, Onun Kitabına, peyğəmbərə yəni, əgər o sağdırsa gedib özündən soruşmaqla yox əgər vəfat edibsə onun danışdığı kəlamlara qayıtmaqla mübahisəni həll edin. Həmçinin əmr sahibləri dedikdə alimlər və rəhbər şəxslər nəzərdə tutulur.
Əvvəla, Allah haqqın çatdırılmasını Öz üzərinə götürməklə Adəm övladına sonsuz mərhəmət göstərmiş və bununla elmin və savadın yayılması istəmişdi. İkincisi, kimliyindən, yaşından, elmindən, zəmanəsindən və s. amillərdən asılı olmayaraq heç bir insan öz təfəkkürünə əsaslanıb Allahın sevib razı qaldığı və ya qəzəbləndiyi işləri bilmək iqtidarında deyil. O müxtəlif müasir cihazları kəşf etməsinə baxmayaraq heç öz bədənində daşıdığı ruh haqqında məlumat verə bilmir. Uca Allah buyurur: “(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
Xeyr, onların elmi axirəti qavrayıb dərk edə bilməz.” (ən-Nəml, 65-66)

Allah təala buyurur: “Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır.” (Nisə, 28) Bu ayədə insanın üzərində olan ağırlıq dini hökmlərdir. Onun zəifliyi isə nəfsinin istəklərinə uymasıdır. (Təfsir əl-Cəlaleyn). Başqa bir ayədə buyurulur: “Allah insanı nütfədən (bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi.” (ən-Nəhl, 4) Yəni, insan böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə və s. inanmayaraq düşmən mövqeyinə keçdi. (ət-Təfsir əl-Muyəssir). Digər ayədə buyurulur: “İnsan tələsən (hövsələsiz) yaradılmışdır.” İnsan təbiəti etibarilə Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi hövsələsizdir, tələskəndir. (ət-Təfsir əl-Muyəssir) (əl-Ənbiya, 37) Allah təala buyurur: “Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (əl–Mülk, 14)
Allaha dua edirik ki, bizə haqqı haqq, batili də batil kimi göstərsin. Biz müsəlmanları Allaha Onun buyurduğu kimi ibadət edənlərdən etsin.

Azər Abdulla / AZƏRİSLAM

Просмотров: 687 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]