Ölkədə tez-tez təkrarlanan “insident”lərdən biri də müxtəlif ünvanlarda “qadağan edilmiş dini ədəbiyyat”ın tapılmasıdır. Belə hadisələr ən çox Sumqayıtda, sonra Bakıda, ölkənin şimal və cənub bölgələrində (birincidə əsasən Zaqatala, ikincidə Astara) baş verir. Sumqayıtda 1 ay ərzində iki dəfə “qadağan ədəbiyyat” götürülüb. Bu intensivlik ondan xəbər verir ki, ölkədə əslində din və dini ədəbiyyat sahəsində işlər heç də tam ürəkaçan deyil və körfəzdə firtına olmasa da, qorxulu sualtı cərəyanlar hər halda, var. Xüsusilə də Sumqayıt son zamanlarda müxtəlif dini qruplaşmaların yuvasına çevrilib: ölkədə bəhailərin ən geniş icması ordadır, radikal şiəliyin də bu şəhərdə mərkəzləşməsi prosesi gedir. Radikal qruplaşmalara dərin diqqət yetirməklə, şiə radikalizmini gözdən qaçırmaq düz deyil – yeri gələndə ikincisi Azərbaycan üçün daha təhlükəli ola bilər. O sadə səbəbə görə ki, bizim cəmiyyətdə vəhhabiliyin kökləri yoxdur, amma şiəliyin var. Son kitab müsadirələri də bunu təsdiqləyir.
Dini ədəbiyyat yasaqlanarkən əsas kriteriya kimi onun “ölkələr və dinlər arasında düşmənçilik salması”, məzhəbləri bir-birinə qarşı qoyması, bir sözlə, dözümsüzlük yayması götürülür. Bu cür kitablar isə əsasən İrandan gəlir və şiə fundamentalizmini təbliğ edir.Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təxminən bir il əvvəl tutduğu yasaq ədəbiyyat siyahısında olan adların əksəriyyəti nəyin necə olduğunu anlamağa imkan verir (müəlliflərin də adlarına diqqət edin):
"Rəsulallah" (müəllifi Şeyx Abbas Qumi), "Kərbəla şəhidlərinə ağlamaq" (Cəfər Bəndidərya), "Şəriət hökmlərinin izahı" (Ayətulla Məhəmməd Fazil Lənkərani), "Əhli-beyt" (Ayətulla Fazil Lənkərani), "Necə hidayət oldum” (Məhəmməd Ticani Səmavi), "Şiəlik necə yaranmışdır?" (Seyyid Məhəmməd Baqir Sədr), "İmamiyyə şiələrinin əqidələri" (Ayətulla Cəfər Sübhani), "Şiə cavab verir" (Seyyid Rza Hüseyni Nəsəb), "On dörd məsumun həyatı" ("Əl-Bəlaq" müəssisəsi), "Məsum imamların həyatı" (Mehdi Pişvari), "Məhərrəmlik" (Seyyid Əli Əkbər Ocaqnejat), "Məhərrəmlik haqda sual-cavab" ("Təkamül" Tərcümə Mərkəzi)... və sair və ilaxır bu ruhda...
Göründüyü kimi, əksəriyyəti şiəliklə bağlı kitablardır, müəlliflərinin hamısı iranlıdır. Maraqlısı odur ki, vəhhabiliklə bağlı ədəbiyyat da - məsələn, "Vəhhabi firqəsi" (Seyyid Məhəmməd Həsən Qəzvini), "Vəhhabiliyin ayinləri" (Ayətulla Cəfər Sübhani)...,- İran din xadimlərinin qələminin məhsuludur! Onlar özləri bilərəkdən Vəhhabi obrazını yaratmaq və çarpaz atəşə tutmaqla məşğuldurlar.
Adları çəkilən kitabların əksəriyyəti İsrail dövlətinə, vəhhabilərə, sünni məzhəbinə, xristianlığa nifrət aşılamağa həsr olunub. Onlardan birini - Məhəmməd Ticani Səmavinin "Necə hidayət oldum” adlı zəhərli kağız topasını radkial şiə olan uzaq qohumum oxumaq üçün mənə vermişdi. Ki, bəlkə haqq yoluna gəlim. Buna çox çalışdım. Amma müəllifin Hz.Ömərin necə qadın zorlamasını təsvir etdiyi səhnəyə çatanda iyrəndim və Hidayət yolundan imtina etdim. Düşünəndə ki, bu kitab sadəcə İrandan gəlib deyə (!!!) ölkədə şiə əhalinin əksəriyyəti onu oxuyur və yazılanları həqiqət kimi qəbul edir (təəssüf, amma doğrudan da belədir), dəhşətə gəlirəm. Belə kitabları yaymaq Azərbaycanda dini (ilk növbədə məzhəblərarası) sabitliyin altına bomba qoymaq deməkdir. Və nə qədər ki gec deyil, onları zərərsizləşdirmək lazımdır.