Əsrlərlə qılınc zərbəsi ilə istila olunub, millətlərin qan və göz yaşları ilə bir-birinə bitişdirilən torpaqlar başsızlıq sayəsində məhv olub gedir. Şəddadın zülm ilə abad olmuş imarəti uçur., dağılır. Böyük ölkə bir-birinə dəyir: Rusiyanın qiyaməti qopur. Geniş bir dövləti mərkəz bir orta idarəyə qadir deyil. Hökümətə göndə bir adam daxil olur, biri çıxır. Sabit idarə yox, nizam yox, qayda yox, əmin-amanlıq yox. Güclü gücsüzü döyür, əzir və təhqir eləyir; abrı və namusu ara yerdə gedir. Başsızlıq gün-gündən ölkəni ağzına alır; nahaq qanlar tökülür, abadanlıqlar talan olunur. Bu hal getdikcə şiddət eləyir və eləyəcək, aləm viran olur və olacaq. Rusiya hökümətindən cəm’i millətlər ümidini çəkib öz başını öz ətəkinə bükməyə başlayır. Rusiya millətləri hərə öz cəmiyyət və şuraları ilə idarə olunmağa üz qoyur, qoşun toplayırlar. Hər millət öz fərdini axtarıb tapır; əl-ələ verib camaatın halına qalır. Çünki mili himmətdən savayı özgəsi milləti bu dəhşətli zamanda müdafiə eliyə bilməz!
Bu sətirləri millətlər şurasından qayıdarkən yazıram. Orada eşitdiyim məruzələrdən sonra od tutub yanıram. Çünki cəm’i millət öz yükünü təpəyə vurub və vurur. Biz isə köhnə ətalət və kəsalət ilə yaşayırıq.
İndiyə kimi bizim nə mərkəzi bir şuramız, nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz milli işimizi öz əlimizə ala bilmirik.
Ey nəcib türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et! Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər.
Ayılın, toplaşın! Rusiyanın siyasi həyatı yeni bir dairəyə girir. Rusiyada yaşayan millətlər üçün tarix yeni bir səhifə hazırlayır. Ədəmi mərkəziyyət binası qurulur. Ölkə fedarasion üsuli ilə idarə olunmaq istəyir.
Imdiyə kimi Peterburq hər millət üçün, əmrlər veriyordu, imdi isə qanunları millətlərin milli məclisləri yazacaq. Hərənin öz malı, öz dövləti, öz səadəti özünə məhvəl olacaq.
Pəs böyllə bir gözəl yaşayış üçün niyə çalışmırsınız? Niyə fürsəti fot eləyirsiniz? Keçirirsiniz. Sonra peşman olarsınız! Bu zaman firqəbazlıq zamanı deyil. Onlar üçün sonralar da vaxt olacaq. Imdi toplaşın, milli idarə yapın, sonra firqə qeylüqalını salarsınız.
Ey “hümmətçilər”! Ukraynanın cəm’i firqələri ittifaq edib., Ukrayna muxtariyyətini yapdılar. Muxtariyyət olmasa, ölkə başsızlıq bəlasından xilas omasa, orada firqə həyatı da olmaz. Pəs əqidə davası eyləmək zamanı deyil. Mərkəziyyəti öldürüb, yerində ədəmi mərkəziyyət payidar edilməlidir. Milli idarə qoy çöl tərəfdən düzəlsin, sonra içini düzəltdikdə mübahisə edərik.
Ey dini firqələr! İslamiyyəti hər şeydən qabaq tutursunuz. Bizim dediyimiz sizin əqidəyə zidd deyil. Əlimizdə milli idarə olsa, din şərafəti də artar. Köhnə idarə tərəfindən dinimiz hər an, hər dəqiqə təhqir olunurdu. Yeni idarə üçün çalışmalı ki, tahı bir də o qədim vaxtlar geri qayıtmasın!
Ey dövlətlilər! Pul qazanmaq asandırsa da, saxlamaq bu saat çətindir. Çünki dərəbəylik zamanında heç kəsin canı və malı əmin-amanlıq tapmayacaq. Əgər istəyirsiniz ki, mal və dövlətiniz əlinizdə qalsın, qazandığınız pulların bir hissəsini millət sandığına verin milli idarə yapmağa sərf eləsinlər. İnanın ki, milli idarəmiz omasa, can, mal və namusunuz əldə qalmayacaq. Rusiyada törəyən işlərdən sizin xəbəriniz yoxdur. Bunun axırı çox pərişan olduqda da sədəməsi ancaq bizə toxunacaq. Çünki biz millət işinə nəzər yetirmirik. Ayılmaq vaxtıdır!
Ey cavanlarımız! Eyş-işrət zamanı deyil! Hər millətin cavanları millət üçün imarətlər yapırlar. Gecə-gündüz çalışırlar. Məgər siz onlardan əskiksiniz? Onlarda olan zor, qüvvə sizdə də var. Rəşadət və cürətdə siz onlardan da irəlidəsiniz. Böylə olduqda pəs sizin səsiniz niyə gəlmir? Niyə Azərbaycan türklərinin bayrağını uca tutmursunuz?
Ey cavanlar! Cəm’i millətlər sizin işə diqqət ilə baxır. Sizdən qeyrət gözləyirlər. Pəs siz haradasınız?
Ədəmi mərkəziyyət fikrinin başında toplaşın: “Müsavat” firqəsinə yazılın! Yatmışları oyadın. Onları federasion nuru ilə işıqlandırın! Durmaq zamanı deyil. Bir mərkəzə tabe Rusiya uçurum qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun idarə ixtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın.
Ey ziyalılar! Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada toprağın və mülkün çoxu bizim, dövlət bizim, onda yaşayan millətin çoxu bizim, danışılan dil bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim... Pəs Allahın o gözəl nemətindən niyə üz döndərirsiniz? Çürət ediniz, iş görünüz! “Müsavat” şöbələrini hər şəhər və kəndlərə yayınız! Durmaq zamanı deyil; bir az səbr eləsəniz, gözəl ölkəmiz fut olub əldən gedər!
Qorxmayın, tutduğunuz işdə sizi heç kəs təqsirləndirməz. Çünki pis fikrə düşmürsünüz. Yapdığınız təşkilat ilə həm Rusiyanı hifz edirsiniz, həm Azərbaycanı.
Qorxmayın, tutduğunuz işdə sizi heç kəs təqsirləndirməz. Çünki pis fikrə düşmürsünüz. Yapdığınız təşkilat ilə həm Rusiyanı hifz edirsiniz, həm Azərbaycanı.
Ey bəylər, xanlar, mülkədarlar! Öylə güman eləməyin ki, Azərbaycan muxtariyyəti sizi uçurub-dağıtmaq fikrindədir. Muxtariyyət uçurmaq üçün yaranmayıb, bəlkə yaratmaq və bina etmək üçün yaranıb. Muxtariyyət onun üçün düzəlir ki, dərəbəylik zamanında millətin mal və canı sağ və salamat qalsın. Muxtariyyət onun üçündür ki, namusumuz ayaqlar altına düşməsin.
Ey türklər! Qars-Ərdahan müsibətləri, Umru, Qəsri-Şirin və qeyri yerlərin talanı sizə bunu öyrətdi ki, başsız və pərakəndə milləti hər yetən döyür, incidir və öldürür. Zəmanə böylə xərab zəmanədir ki, ağlamağa, göz yaşlarına qulaq asan olmur. Zamanə iş zəmanəsidir.
Məgər neçə milyon türkün gücü yoxdur? Güc var. Ancaq dağınıq gücdür. Böylə güc faydalı olmaz. Toplanıb cəm’i gücümüzü təşkilata tabe etməliyik. Ədəmi mərkəziyyət qayəli Azərbaycanda bir idarə yaradılmalıdır ki, Dağıstan, Bakı, Gəncə, Batum və Qars vilayətlərindəki türklər mal, və namusunu mühafizə eləsin. Həm hal-hazırda, həm gələcəkdə asudə və səadətli yaşamağını təmin eləsin.
Toplanın! Qoşun düzəldin! Zərurət vaxtı ölkəmizi əmin-amanlığa çıxardan milli əsgər olacaq. Ləngiməyin: “Fürsəti fot eliyən aqil deyil, divanədir”!
Kiyev, əvvəli-noyabr, 1917.