1875-ci il dekabr ayının 7-də Şəki şəhərində anadan olmuş Fəitəli xan Xoyskinin atası İsgəndər xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Buradan Qafqaza, Azərbaycanın Nuxa qəzasına köçmüş və Nuxada ailə həyatı qurmuşdur. İsgəndər xan rus ordusunda general-leytenant rütbəsindək yüksəlmişdir. İsgəndər xanın Cahangir xan, Hüseynqulu xan, Fətəli xan və Rüstəm xan adlı dörd oğlu olmuşdur. Onlardan Fətəli xan ilə Rüstəm xan Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər (muvafiq olaraq 1901 və 1913-cü illərdə). Hər ikisi uzun müddət rus ədliyyəsində prokuror, sonra isə vəkil işləmişdilər (Hüseyn Aypara Azərbaycan ictimai mübarizəsi tarixi, Bakı, 1991, səh 235-236). Mövsüm Əliyevin Rüstəm xan Xoyski haqqında məqaləsində (“Odlar yurdu”, 1990-cı il, iyun, № 12-13) oxuyuruq ki, Xoyskilərin əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Onların nəslinin adı Dünbülü Batman Qılıncdır. 1803-1806-cı illərdə Azərbaycanı işğal edən rus ordusunun komandanı general Sisianov Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim etmişdir. Həmin dövrdən bu nəsil Rusiyanın müstəmləkəsi olan Azərbaycanda Xoyski familiyası ilə məşhurlaşmışdır. 1902-1907-ci illərdə Fətəli xan əvvəlcə Suxumda barışıq hakiminin köməkçisi, sonra həmin məhkəmədə müstəntiq, daha sonralar isə Yekaterinador dairə məhkəməsində prokuror nəzarəti prokurorunun müavini olmuşdur. Onu da qeyd edək ki, hələ Moskva Universitetində təhsil aldığı tələbəlik illərində gənclər hərəkatına qoşulmuş, Moskva Universitetini təkcə hüquqşünas kimi deyil, həm də geniş dünyagörüşlü bir siyasətçi kimi başa vurmuşdu. 1905-ci ilin avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I qurultayında yaradılmış “İttifaqi müslimin” təşkilatının işində fəal iştirak etməsi, hüquq və iqtisadiyyat komissiyalarının tərkibindəki gərgin fəaliyyəti də bu deyilənləri bir daha təsdiq edirdi. 1907-ci ildə Fətəli xan Xoyski Yelizavetpol quberniyasından II Dövlət Dumasına deputat seçilir və Dumanın müsəlman fraksiyasına daxil olur. Dumadakı fəaliyyətində xüsusilə aqrar məsələ və onun həlli yolları haqqında fikirləri böyük əhəmiyyətə malik olmuşdu. Fətəli xan öz çıxış və təkliflərində çarizmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyasəti yeritməsini pisləyir və göstərirdi ki, bu məsələdə yerli xalqların hüquqlarının bundan sonra da tapdalanmasına heç bir vəchlə yol vermək olmaz və çarizmin köçürmə siyasəti torpaq məsələsi ədalətli həllini tapana qədər dayandırılmalıdır.
1996-cı il yanvarın 6-da “Azərbaycan” qəzetində Dilarə Seyidzadə və Asif Rüstəmlinin dərc etdirdikləri “Vətənə, xalqa sədaqət rəmzi” adlı məqalədə göstərilir ki, F.Xoyski deputat səlahiyyətlərindən istifadə edərək həmkarları X.Xasməmmədov və M.Mahmudovla birlikdə Rusiyanın Müdafiə Nazirinə sorğu göndərmiş, hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş etmişdi. Xoyski eyni zamanda mayın 18-də 173 deputatın imzası ilə milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına layihə təqdim etmişdir. Yalnız 1907-ci il iyunun 3-də Dövlət Dumasının qovulması həmin layihənin müzakirəsinə imkan verməmişdir. Bir sözlə, F.Xoyski xalqının mənafeyi ilə bağlı bütün məsələlər ətrafında öz fikrini bildirmək üçün Duma tribunasından məharətlə istifadə etmişdir. Görünür, bu sahədə əldə edilən təcrübə F.Xoyskinin sonrakı siyasi fəaliyyətində də silinməz izlər buraxmışdır. O, 1908-ci ildən 1917-ci ilin əvvəllərinə kimi əvvəlcə Gəncə, sonra isə Bakı dairə məhkəmələrində andlı müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmamış və xalq arasında böyük nüfuz qazanmışdır.
Rusiyada 1917-ci il Fevral inqilabından sonra yaranmış əlverişli şəraitdə onun dərhal geniş siyasi fəaliyyətə qoşulması da həmin sahədə artıq zəngin təcrübə qazanmasından irəli gəlmişdi. O, 1917-ci ilin martında Bakıda yaradılmış Milli Müsəlman Şurası müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. Həmin ilin aprelində isə Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanları Qurultayında iştirak edir.
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya qanunvericilik orqanı olan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlardan ibarət Zaqafqaziya seymi fəaliyyətə başlayır. Seymin müsəlman fraksiyasına F.Xoyski də daxil idi.
1918-ci il aprelin 22-də Zaqafqaziya Seymi müstəqil Zaqafqaziya Federativ Respublikasını yaratdı. Aprelin 26-da yaradılmış yeni Zaqafqaziya hökumətində F.Xoyski ədliyyə naziri vəzifəsini tutdu. Lakin Zaqafqaziya Federasiyası da nə xarici, nə də daxili siyasətdə elə bir mühüm dəyişikliyə nail ola bilmədi, daha doğrusu, çox mürəkkəb siyasi vəziyyətdə Zaqafqaziyanın üç əsas millətinin iradəsini ifadə etməyə qadir olmadığını nümayiş etdirdi. 1918-ci il mayın 26-da son iclasına toplaşmış Seymi gürcü nümayəndələri tərk edərək Gürcüstanın istiqlaliyyətini elan edirlər. Mayın 27-də F.Xoyskinin də daxil olduğu Seymin azərbaycanlı deputatları Azərbaycan Milli Şurasını yaradırlar. Mayın 28-də Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni elan edir və hökuməti təşkil etməyi F.Xoyskiyə tapşırır. Həmin gün F.Xoyskinin təqdimatı ilə Nazirlər Şurasının tərkibi təsdiq edilir.
May ayının 30-da o zamankı dünyanın 20-yə yaxın əsas mərkəzlərinə aşağıdakı məzmunda radio-teleqram göndərilir: “Xarici işlər nazirinə. Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetopol şəhərində yerləşir. İmza Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”.
Azərbaycan hökumətinin ilk addımlarından biri 1920-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə “Sülh və dostluq” müqaviləsi imzalaması oldu. Bu müqavilə ilə Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk xarici dövlət kimi ona hərbi yardım göstərdi. Sonralar bu müqavilənin zəruriliyi Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışındakı nitqində belə şərh edilirdi: “Türkiyə Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaxt lazım olsa, hüququmuzun müdafiəsi üçün türklər bizə bir qədər əsgər verməli idilər. Ona görədir ki, darda qaldıqda bu çarəyə tənəssül edildi.
Bizim xaricdən qüvvə almaq üçün başqa millət və dövlətə müraciət etməyimiz bəzi şəraitdən mümkün deyildi: müraciət etsəydik də bir nəticə hasil olmazdı, ona görə də dindaş və millətdaşımız olan Türkiyəyə müraciət edildi”.
1918-ci il iyunun 16-da Milli Şura və hökumət Gəncəyə köçdü. İyunun 17-də isə Milli hökümət o zaman türklərlə münasibətdə yaranmış gərginliyi aradan qaldırmağa müvəffəq oldu. Həmin gün Milli Şuranın Gəncədə keçirilən iclasında Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icra hakimiyyətinin Azərbaycan müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqda iki mühüm qərar qəbul edildi. Milli Şura F.Xoyskinin müxtəlif partiyaların nümayəndələrindən təşkil etdiyi yeni hökuməti təsdiq etdi. Hökumət proqramı ilə çıxış edən F.Xoyski bildirdi ki, onun başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə aparmaqdır. F.Xoyskinin rəhbərliyi ilə Azərbaycan hökuməti ilk növbədə dövlət aparatının təşkili işini davam etdirir. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin aparatı yaradılır. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olunur. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edilir. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qənun qəbul olunur. Bir sözlə, paytaxt Bakıya köçürülənə qədər F.Xoyski hökuməti ölkənin iqtisadi və siyasi həyatı ilə bağlı bir sıra mühüm tədbirlər də həyata keçirmişdi (poçt-teleqraf, pul məsələsi və s.). Hökumətin bu dövrdəki fəaliyyətini F.Xoyski obrazlı şəkildə “təlatüm içərisində qayalar arasında nazik taxta qayıqda gedən gəmiçinin vəziyyətinə” bənzətmiş və göstərmişdi ki, gərək həmin gəmiçi vəziyyətində bulunan hökumət qayığını elə aparmalı idi ki, daşa dəyib dağılmasın.
1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri azad edildikdən dərhal sonra, yəni sentyabrın 17-də ADR hökuməti Bakıya köçür. Bakı Azərbaycan dövlətinin paytaxtı elan olunur.
1918-ci il noyabrın 9-da F.Xoyskinin məruzəsi üzrə Azərbaycan hökuməti Azərbaycanın üçrəngli milli bayrağını təsdiq edir.
Məlum olduğu kimi, həmin dövrdə Azərbaycanda çox mürəkkəb bir vəziyyət yaranmışdı. Yəni, Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyə hökuməti 1918-ci il oktyabrın 30-da imzaladığı Mudros barışıcı əsasında öz qoşunlarını Azərbaycandan çıxarmış, noyabrın 17-də isə ingilislər Bakıya gəlmişdilər. Hələ daha əvvəl Ənzəlidə ingilis komandanlığı ilə aparılan danışıqlar heç bir müsbət nəticə verməmişdi.
Azərbaycan Milli Şurası belə çətin bir anda 1918-ci il noyabrın 19-dakı iclasında 120 nəfərdən ibarət Azərbaycan parlamenti yaratmaq haqqında hökumətin təqdim etdiyi qanun layihəsini bəyəndi.
Yeni yaradılmış Azərbaycan Respublikası parlamentinin 1918-ci il ilk iclasında F.Xoyski hökumətin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında hesabat verir. Parlament hökumətin təşkilini və ona rəhbərliyi yenidən F.Xoyskiyə tapşırır. Dekabrın 26-da Fətəli xan hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə çıxış edir. Bu hökumətdə F.Xoyski həm də xarici işlər naziri vəzifəsini tutur. 1919-cu ilin martında yaranmış böhranla əlaqədar F.Xoyski hökuməti istefaya çıxmışdı. Lakin F.Xoyski bundan sonra da siyasi fəaliyyətini davam etdirmişdi. Azərbaycan parlamentinin üzvü kimi, Fətəli xan siyasi, iqtisadi və maliyyə iclaslarının müzakirələrində yaxından iştirak edirdi. 1919-cu ilin dekabrında isə N.Yusifbəylinin təşkil etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini tutmuş və 1920-ci ilin aprel hadisələrinə qədər həmin vəzifədə çalışmışdı.
ADR-in süqutundan sonra Tiflis şəhərinə mühacirət etmiş F.Xoyski həmin il iyunun 19-da orada muzdlu erməni quldurları tərəfindən qətlə yetirilmişdi.
Yeri gəlmişkən, ADR-in tanınmış xadimlərindən biri X.Xasməmmədov 1933-cü ildə İstanbulda çıxan “Azərbaycan yurt bilgisi” jurnalında dərc etdirdiyi məqalə F.Xoyskini 28 mayın böyük qurbanı adlandırmış və böyük bir ümidlə bildirmişdi: “Şübhəsiz bir gün gələcək, Azəri türkləri də milli cümhuriyyətin bu fətrət (durğunluq) dövründən qurtulmuş olacaqdır. İştə o zaman hürr məmləkətimizin mədyun (borclu) və həqiqətli övladları, qürbət ellərin mətruk (tərk edilmiş) məzarıstanında istirahət edən mərhum Fətəli xanın baniyələrini, onun qəlbimizdə yaşayan əziz ruhu ilə bərabər milli yurda, çox görmüş və keçirmiş zavallı ölkəmizə nəql edəcək və şairin dediyi kimi ona kimsənin irişəməyəcəyi iftixarlı bir abidə dikəldəcəkdir”.
Bunu bizim həm vicdanımız və həm də milli qürurumuz tələb etməkdədir” (“Dalğa” qəzeti, 18 may - 3 iyun, 1991-ci il).
F.Xoyskinin qohumları barədə. Yuxarıda göstərdiyimiz kimi, Fətəli xanın kiçik qardaşı Rüstəm xan da Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlərdəndir. O, qardaşının təşkil etdiyi ilk hökumətdə dəftərxana müdiri təyin olunmuş, 1919-cu il yanvarın 1-dək bu vəzifədə qalmışdır. 1918-ci il dekabrın 22-də F.Xoyskinin üçüncü hökumət kabinəsində sosial-təminat naziri təyin edilmişdi. O, sonralar N. Yusifbəylinin təşkil etdiyi birinci (14.09.1919) kabinədə sosial təminat, ikinci (24.12.1919) kabinədə isə sosial təminat və səhiyyə nazirinin müavini olmuşdur.
1920-ci ilin aprelindən sonra Azərb. SSR Dövlət Plan Komitəsində hüquq məsləhətçisi işləmiş, ilin sonunda Moskvaya köçərək orada ailə həyatı qurmuş və müxtəlif dövlət vəzifələrində çalışmışdır. F.Xoyski 1948-ci ildə Moskvada vəfat etmiş Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.
Mövsüm Əliyevin Rüstəm xan Xoyski haqqında yazdığı məqalədən aydın olur ki, Fətəli xanın böyük qardaşı Hüseynqulu xan ABŞ-a mühacirət etmişdir. Çünki əmisi haqqında məlumatları məhz Hüseynqulu xanın oğlu Zahid xan Xoylu 1989-cu il avqust ayının 18-də ona bildirmişdir.
“Aydınlıq” qəzetinin 1990-cı il 4 avqust tarixli sayında E.Ağamalıyevanın “Fətəli xanın yadigarı” adldı məqaləsi dərc olunmuşdur. Fətəli xan Xoyskinin qızı Tamara xanım Hüseynova — Xoyskaya Mirzə Davud Hüseynova ərə getmiş, 1938-ci ildə onun güllələnməsindən sonra 19 il həbsxanalarda, düşərgələrdə yaşamağa məcbur olunmuşdu. Tamara xanım yalnız 1955-ci ildə bəraət qazanaraq vətənə qayıtmış, 60-70-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində işləmişdir