Çərşəmbə axşamı, 19.11.2024, 10:33
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 7
Qonaq 7
İstifadəçi 0

Məqalələr


Ermənilərə İrəvanı niyə verdik?
Əslində, bütün bunlar çox yaxşıdır. Birinci Cümhuriyyətin tarixinin öyrənilməsi, tarixdən ibrət dərsləri çıxarılması baxımından hətta vacibdir. İllər əvvəl bir dostumun kitabxanasından əlimə Yusif Vəzir Çəmənzəminlinin “Müsavatçıya açıq məktub” adlı bir məqaləsi düşmüşdü. Yusif Vəzir Türkiyədə səfir işlədiyi dövrləri xatırlayır, Cümhuriyyət məmurlarının laqeydliyindən, dövlət aparatının yarıtmazlığından şikayətlənir. Böyük ədib bir neçə yerdə Məhəmməd Əmin Rəsulzadəni də tənqid edir, onun bəzi hərəkətlərini anlamadığını söyləyir. Ümumiyyətlə, hər bir ölkənin, hər bir xalqın tarixində olduğu kimi, bizdə də bu kimi hallar olub, var və olacaq.

Atatürkə iradlar

Bu fikirlərə bir az cavanlıq, yaxud daha sərt şəkildə cahillik deyilməli olsa da, etiraf olunmalıdır ki, irəli sürülən iradlar bəzən kifayət qədər real və həqiqi görünür. Belə iradlara namərdlik kimi baxmağın da tərəfdarı deyiləm. Məsələn, minillik Osmanlı İmperiyasından da qardaş Türkiyə doğulanda böyük Atatürkün özünə belə iradlar olmuşdu. Böyük Millət Məclisinin bir sıra millət vəkilləri Lozanna anlaşmasının türk millətinə təhqir olduğunu bildirir, nümayəndə heyətinin başçısı İsmət İnönünün kifayət qədər yumşaq davrandığını, danışıqlarda tutarlı mövqe nümayiş etdirmədiyini, türk millətinə xəyanət etdiyini deyirdilər. Onlar hesab edirdilər ki, “Lozanna anlaşması mehmetciyin qanıyla qazanılan qələbəni dəfn etdi”. Əsas etirazlar da böyük Osmanlı İmperiyasının “kiçik Türkiyə”yə sığınmasıyla, Kərkükdən, Mosuldan, adalardan, Trakyadan vaz keçilməsiylə bağlıydı. Kadir Misiroğlu yazmışkən, “Lozanda öylə bir müahedname imza edilmişdir ki, Türkün şahdamarı Boğazlar dahi sağlam bir qaranti altına alınmamıştır”.
Ancaq nə olsun? “Bu müqavilədən kapitulyasiya qoxusu gəlir” kimi iradlara rəğmən Lozanna müqaviləsi imzalandı və türk millətinə o dövrdə lazım olan sakitlik, əmin-amanlıq təmin olundu. Çünki ən doğrusunu bilən bilirdi…
Təxminən eyni iradlarla bəzən bizim qurucular da üz-üzə qalır. Bunların hamısını sadalamaq uzun vaxt tələb etdiyindən, yalnız birinin nümunəsində cəmisini şərh etməyə çalışaq. Bunun üçün əvvələ – 1918-ci ilin may ayına qayıdaq…

İstiqlaliyyətin elanı və çətinlikləri

1918-ci il mayı ayının 26-da Transqafqaz Seyminin sonuncu iclasından sonra Gürcü Milli Şurası Tiflisi paytaxt seçməklə özünü müstəqil dövlət elan etdi. Azərbaycan nümayəndələri yaranmış böhranlı vəziyyəti müzakirə edərək mayın 27-də fövqəladə iclas keçirdilər və Azərbaycanın idarə olunması məsuliyyətini öz üzərlərinə götürmək barədə qərar qəbul etdilər. Özü Batumda olsa da, Məhəmməd Əmin Rəsulzadə Müvəqqəti Milli Şuranın sədri seçildi. May ayının 28-də Milli Şuranın 6 bənddən ibarət “İstiqlaliyyət bəyannaməsi” qəbul edildi. Məhəmməd Əmin Rəsulzadənin yazdığı kimi “…Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm oldu”. Bir gün sonra Nazirlər Şurasının sədri Xoyskinin dünya dövlətlərinə göndərdiyi məlumatda deyilirdi ki, “Hökumətin şimdilik məqərri-müvəqqəti Elizavetpoldur”. Yəni, hökumət müvəqqəti olaraq Elizavetpol (Gəncə) şəhərində yerləşir.
Həmin illərdə Azərbaycan Milli Şurasının qarşılaşdığı çətinliklər o qədər çoxdur ki, bu haqda danışmaq və yazmaq tamam ayrı bir mövzudur. Məsələn, gürcülər Tiflisi paytaxt elan eləyəndə bu şəhərdə ermənilər gürcülərdən çox olublar, ancaq birincilər bu məsələdə ermənilərdən qabağa düşdülər. Bu haqda hörmətli millət vəkili, tarixçı alim Nəsib Nəsiblinin məqaləsindən oxuyuruq: “Azərbaycan Milli Şurasının iki həyati məsələdə çətinliyi vardı. Birisi müstəqillk məsələsinə münasibətdə ilhaqçıların tələb və təzyiqləri, o birisi də Bakını paytaxt saymalarına baxmayar, onun rus-erməni qüvvələri tərəfindən işğal altında olması və onların müvəqqəti paytaxt olan Gəncə üzərinə hücuma hazırlaşmaları”.

Haşiyə:
İlhaqçılar Azərbaycanın Osmanlı dövlətinə birləşdirilərək onun bir vilayəti kimi idarə olunmasını istəyirdilər. Nuru Paşa bacarıqlı sərkərdə və cəsur əsgər olmasına baxmayaraq, siyasi baxımdan o qədər də yetkin şəxs deyildi. Özü də deyirdi ki, “mən əsgərəm, siyasəti anlamıram”. İlhaqçıların təsiri altında olan paşanın hərbi müşaviri Əhməd bəy Ağaoğlu onunla danışığa gələn Məhəmməd Əmin Rəsulzadəyə, Fətəli Xan Xoyskiyə və Məmməd Hacınsikyə eynən belə demişdi: “Siz Milli Şuranı bağlayın, hökumətdən əl çəkin. Nuru Paşanın istədiyi adamlardan biri Azərbaycan Hökuməti qurar”.

Bundan əlavə, Bakıda artıq Azərbaycan türklərinə qarşı rus-erməni bolşevikləri və daşnaqlar tərəfindən başlanan qırğın 10 mindən çox müsəlmanın və türkün qırılması ilə nəticələnmiş, bu qırğın Şamaxı, Kürdəmir, Salyan, Quba, Lənkəran qəzalarına qədər yayılmışdı. Gəncənin də işğal olunması istiqlaliyyətin sonu demək olacaqdı. Beləliklə, məclisin ixtiyarında heç bir müntəzəm hərbi hissə olmadığından, hansısa dövlətdən yardım istəmək lazım idi. Məsələn, Gürcüstan hökumətinin ilk addımı mayın 28-də Almaniya ilə əvvəlcədən hazırlanmış sazişi imzalamaq və bu dövlətin qəyyumluğunu qəbul etmək olmuşdu. Azərbaycanın qarşısında duran seçimlərin sayı isə o qədər də çox deyildi: Azərbaycan Hökuməti Osmanlı Ordusundan yardım istədi!
Bəli, sadalanmaqla başa gəlməyən daxili və xarici çətinliklər qarşısında qalan, yeni yaranan respublikaların hərəsinin bir imkandan yararlanaraq istiqlaliyyətini elan etdiyi, gürcülərin əsasən diplomatik səylərlə, ermənilərin isə həm diplomatik, həm də zəruri olan hərbi yolla istədiklərini əldə eləmək yolunda irəlilədiyi bir vaxtda Azərbaycan Milli Şurası çox çətin duruma düşmüşdü: paytaxt yoxdur, müvəqqəti paytaxt seçilən Gəncə təhlükədədir, ölkəboyu türk-müsəlman əhaliyə qarşı böyük qırğınlar törədilir, hərbi qüvvə mövcud deyil, Bakı rus-erməni hərbi birləşmələrinin əlindədir, yardım üçün Osmanlıdan gələn Nuru Paşa Azərbaycanın istiqlaliyyətini qəbul etməyənlərin təsiri altındadır və sair və ilaxır… Belə bir vaxtda…

İrəvanı erməniyə necə verdik?

…Məhz belə bir vaxtda Erməni Milli Şurası da təbii ki, paytaxtını müəyyən edərək öz dövlətini qurmaq istəyirdi. Ermənilərin gözü İrəvandaydı. Şəhərin əhalisinin 45.5 faizini türklər təşkil eləsə də, ixtiyarında heç bir hərbi gücü olmayan, heçdən dövlət yaratmaq istəyən Milli Şura qərar qəbul eləmək zorundaydı. Yenə Nəsib bəyin məqaləsindən oxuyuruq: “Osmanlı dövləti belə erməniləri tanıyırdı, Azərbaycan hökuməti ermənilərə bu bölgədə vətən haqqı tanımamaqla nə qazana bilərdi? Azərbaycanın fiziki varlığının sual altında olduğu həssas bir zamanda ona yardım etməyi (bütün risklərə rəğmən-N.Nəsibli) vəd edən Osmanlı rəhbərliyi, o cümlədən Ənvər Paşa da ermənilərlə dil tapmağı məsləhət görürdü”.
Məsələ bundaydı ki, Aleksandrapol (Gümrü) türklər tərəfindən tutulmuşdu və ermənilərin siyasi mərkəz olaraq İrəvanı seçmələri türkləri də qane edirdi.
Dəyərli tarixçi Cəmil Həsənli “Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920” kitabında yazır: “Məsələylə bağlı Milli Şurada Fətəli Xan Xoyski Azərbaycan Milli Şurasına məlumat verir. X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxulislamov, M.Məhərrəmov çıxış edərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsinin mümkünsüzlüyünü bildirirlər. İki gün sonra İrəvan Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvanın ermənilərə güzəştə gedilməsinə etiraz edirlər. Ancaq iyun ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmir. Bununla yanaşı İrəvanın güzəştə gedilməsiylə bağlı şəhərə nümayəndə heyəti göndərmək qərara alınır”.
Milli Şuranın 29 may 1918-ci il iclasının protokoluna görə, siyahıda olan 28 nəfərdən 20-si bu qərarın lehinə səs verir. 1 nəfər əleyhinə olur, 3 nəfər bitərəf qalır. Onu da qeyd edək ki, Milli Şura İrəvanla bağlı daha bir qərar qəbul edir. Bu qərara görə Şuranın büdcəsində olan vəsaitin hamısı İrəvan müsəlmanlarına göndərilir. Təəssüf, bacardıqları bu idi...
Yenə C.Həsənlinin göstərilən əsərindən oxuyuruq: “Bundan sonra Batumda danışıqlar başladı və razılıq əldə edildi ki, Azərbaycan Aleksandropol quberniyası hüdudlarında erməni kantonunun yaradılmasına razıdır. İrəvan şəhəri bu şərtlə ermənilərə güzəşt edilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər. Danışıqlar iyun ayının 4-də hər üç respublika ilə “Sülh və Dostluq” haqqında müqavilələrin imzalanması ilə nəticələndi”.
Müqavilənin şərtlərinə görə həm Ermənistan, həm də Gürcüstan ərazilərində yaşayan müsəlman əhalinin təhlükəsizliyini, azad inkişafını öhdələrinə götürürdülər.
Həmin gün Azərbaycanla Osmanlı Hökuməti arasında da müqavilə imazalandı. Bu müqaviləylə Osmanlı ilə Azərbaycan, Gürcüstan, Ermənistan arasında sərhəd xətti müəyyənləşdi. Müqavilənin üçüncü bəndinə görə Azərbaycan, Gürcüstan və Ermənistan tezliklə sərhədlərini müəyyən edən protokol imzalamalı və bu barədə Osmanlı Hökumətinə məlumat verməliydilər.
İrəvanın ermənilərə güzəşt edilməsini, belə deyək, siyasi baxımdan zəruri eləyən məcburi səbəbləri göstərməklə onu da nəzərə almalıyq ki, Azərbaycan bu “alış-veriş”də heç də “qapazaltı” olmayıb. Məsələn, Gürcüstanın Zaqatala dairəsinə olan iddiaları yerli əhalinin istəyi ilə Azərbaycanın lehinə həll olunur və bu dairə Azərbaycanın tərkibində qalır.

İrəvanı kim “verdi”?

İrəvanın Ermənistana verilməsi məsələsində mühüm bir məqam da Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin adıyla bağlıdır. Əvvəldən də göründüyü kimi, biz bu məsələdə quruculardan kimisə qınamaq yolunu tutmadıq. Bu baxımdan, məlum qərarın Məhəmməd Əmin Rəsulzadənin, yoxsa qeyrisinin imzasıyla təsdiqlənməsinin aydınlaşdırılması pisniyyətlikdən xəbər verməməlidir. Onu da nəzərə alaq ki, burada konkret olaraq kiminsə İrəvanı ermənilərə “verməsindən” söz açmaq savadsızlıqdan başqa bir şey deyil. Ən birincisi, qərar Milli Şurada səsverməylə qəbul olunduğundan, bu məsələ qapanmış sayılmalıdır. Bütün bunlara baxmayaraq, mövzuda bəzən Məhəmməd Əmin Rəsulzadənin adının hallanması, onun imzasıyla hansısa sənədin imzalanması sayaq iddiaların da heç bir əsası yoxdur. Birincisi, Milli Şura bu məsələni müzakirə eləyəndə Rəsulzadə Batumdaydı və o vaxtlar hansısa iclasa “telefonla qatılmaq” təcrübəsi mümkün deyildi. Ermənistanla konkret müqaviləni isə Məhəmməd Əmin yox, hökumətin rəhbəri Fətəli Xan Xoyski imzalamışdı. Allah hər ikisinə rəhmət eləsin!

Sonluq üçün

Tarix zəifləri heç sevməz. Düzdü, bu günün prizmasından bizə Azərbaycanı bəxş eləyən Milli Şuranın, ADR Hökumətinin zəifliyini qınaq olaraq demək fikrindən uzağam, ancaq o da etiraf olunmalıdır ki, itirdiklərimiz sarıdan məhz zəifliyimizə “borcluyuq”. 1918-ci ildə yaranmış siyasi situasiyaya, bölgədəki geopolitik vəziyyətə həmin ildə yox, ən azı bir qərinə əvvəldən hazır olmaq lazımıydı. Burada qurucuların günahı bizim günahımız qədərdir. Bakıda öz millətinə sahib dura, onu rus-erməni qoşununun əlindən qurtara bilməyən bir hökumət İrəvanı güzəştə getməyib nə etməliydi? Yenicə yaranan müstəqil Azərbaycanın zəif çiyinləri görünür, bu yükü götürməyə hazır deyilmiş. Bir tərəfdən baxanda, guya Sovet dövrü hazırıydımı ki? Hazır olsaydı, ardınca da Zəngəzuru verməzdi. Deməli, hazır olmamışdı. Gözəl Vətənimiz heç 1992-ci ildə də hazır deyildi. Hazır olsaydı, Qarabağı verməzdik. Hazır olmadıq və vermək istəmədik, onda da zorla aldılar. Ümidliyəm ki, indi hər şeyə hazırıq: qorumağa da, itiridiklərimizi qaytarmağa da… Amin!

Категория: Мои статьи | Добавил: ilka1 (08.02.2010)
Просмотров: 505 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]