QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ. Bunlar qiyamətin yaxınlaşdığını bildirən əlamətlərdir. Bu əlamətlər ortaya çıxdığı vaxt qiyamət də onların ardınca gələcəkdir. Əhli Sünnə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gəldiyi şəkildə bu əlamətlərə inanırlar. Huzeyfə b. Əsid əl-Ğifari – radıyallahu anhu – rəvayət edir ki, bizlər (Qiyamət) müzakirə edən halda Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim yanınmıza gəldi və: «Nəyi müzakirə edirsiniz?» deyə buyurdu, Orada olan səhabələr: « Qiyamət saatını müzakirə edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə etmədikcə əsla Qiyamət qopmayacaqdır!» və bunları zikr etdi: «Duhan (duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən doğması, İsa – əleyhissəlam – ın gəlməsi, Yəcuc və Məcucun çıxması, Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə aparması». Qiyamət saatından bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də dumanın gəlməsidir. «(Ya Peyğəmbər!) Sən səmanın aşkar bir duman gətirdiyi günü gözlə. İnsanları (bu duman) bürüyəcəkdir. Bu ağır bir əzabdır». (əd-Duxan 10-11). Məsih Dəccəlin gəlməsi. İmran b. Hüseyn – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm – əleyhissəlam – ın yaradılmasından Qiyamətin qopacağı vaxta qədər Məsih Dəccəldən daha böyük bir fitnə olmayacaqdır». İmran b. Hüseyn – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəl barəsində eşidən kimi mütləq qaçacaqlar. Allaha and olsun ki, onun yanına gələn onu mömin hesab edəcəkdir. Onun ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı şübhə hissləri meydana gələcəkdir və yaxud o, şübhə doğuracaqdır». Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aləyhi və səlləm – buyurdu: «Məkkə və Mədinə müstəsna Dəccəlin ayaq basmadığı torpaq qalmayacaqdır. Məkkə və Mədinənin hər girəcəyində mələklər durub bu şəhəri qoruyacaqlar». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizi Dəccəldən çəkindirirəm. Hər bir peyğəmbər öz ümmətini ondan çəkindirmişdir. Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir peyğəmbər bunu öz ümmətinə deməmişdir. Dəccəl tək gözdür. Allah isə tək göz deyildir. Bilin ki, sizdən heç kəs ölənə kimi öz Rəbbini görməyəcəkdir. Dəccəlin iki gözü arasında kafir yazılmışdır. Oxuya bilən və ya oxuya bilməyən hər bir mömin bu kəlməni oxuyacaqdır». Ribi b. Xiraş – radıyallahu anhu – rəvayət edir ki, bir gün Əbu Məsud əl-Ənsari ilə birlikdə Huzeyfə b. Yəmən – radıyallahu anhu – nun yanına getdik. Əbu Məsud, Huzeyfəyə: «Dəccəl haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyini bizə xəbər ver» dedi. Huzeyfə dedi: «Dəccəl ortaya çıxacaq. Onunla bərabər su və atəş də olacaqdır. İnsanların su kimi gördükləri yandırıcı atəşdir. Atəş olaraq gördükləri isə soyuq və sərin sudur. Sizdən hər kim o vaxta qədər yaşasa atəş gördüyü şeyin içinə girsin. Çünki o, sərin və soyuq sudur» Bundan sonra Əbu Məsud: «Mən də bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdim» dedi. Məsih Dəccəl Allahlıq iddiasında olacaqdır. İstədiyi hər şeyi Allahın izni ilə edəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Dəccəlin fitnələrindən biri də budur ki, gəlib bir ərəbə deyəcəkdir: «mən sənin ölmüş ata – ananı dirildib yanına gətirsəm sən şəhadət verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan onun ata və anasının surətində zahir olub deyəcəkdir: «Oğlum! Ona itaət et. O, sənin Rəbbindir». Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəl çıxdığı zaman möminlərdən biri onu görməyə gedir. Dəccəlin gözətçiləri onun qabağını kəsərək: «Hara gedirsən?» deyə soruşdular. Mömin: «Bu ortaya çıxan adamı görmək istəyirəm» dedi. Gözətçilər: «Yoxsa sən bizim Rəbbimizə inanmırsan» dedilər. Mömin: «Bizim Rabbimizdə bir gizlilik yoxdur» dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir qismi: «Bizim Rəbbimiz deyib ki, onun icazəsi olmadan heç kəsi öldürməyin» demişdi. Mömini Dəccəlin yanına gətirirlər. Mömin Dəccəli görən kimi: «Ey insanlar! Bu peyğəmbərimizin bizə vəsf etdiyi Dəccəldir». Dəccəl əmr edir, mömini üzü üstə uzadırlar və Dəccəl: «Onu tutun. Başını yarın. Belinə, qarnına zərbələr endirin» deyir. Dəccəl: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Sən yalançı Məsihsən» deyir. Dəccəlin əmri ilə mömin mişar ilə iki hissəyə bölürlər. Sonra Dəccəl iki hissəyə bölünmüış cəsədin ortasından keçərək: «Qalx!» deyir. Cəsəd də dirilərək ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. Mömin üzünü camaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç kəsə bu əməli etməyəcəkdir». Dəccəl onu doğramaq üçün tutar. Lakin Allah möminin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir şey edə bilməyib əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə zənn edərlər ki, (Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, mömin aləmlərin Rəbbinin yanında şəhidlərin ən əzəmətlisi olacaqdır». Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında danışmağa başladı. Onun haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik. Biz onun yanına gəldikdə Peyğəmbər – sallallhu aleyhi və səlləm – bizdə olan vəziyyəti görüb buyurdu: «Sizə nə olub?» Biz: «Ya Rəsulullah! Bu gün səhər Dəccəl haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik». Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Sizdən ötrü məni qorxudan şey Məsih Dəccəl deyildir. Əgər o, mən sizin içinizdə ikən ortaya çıxarsa onda hər kəs özü-özünü ondan müdafiə etməlidir. Allah da hər bir müsəlman üçün məni əvəz edər. Dəccəl gəncdir. Saçları olduqca qıvrımdır. Bir gözü əyridir (sanki üzüm salxımından irəli çıxmış üzüm giləsi kimi). Mən onu Abdul Uzza b. Katana bənzədirəm. Sizlərdən hər kim o, çıxan vaxtı yaşayarsa ona qarşı Kəhf surəsinin ilk on ayəsini oxusun. Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya çıxacaqdır. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!» Biz: «Ya Rəsulullah! O, yer üzündə nə qədər müddət qalacaqdır?» deyə soruşduq. Peyğəmbər – sallallahu aleyhi və səlləm - :»Qırx gün. (Bu günlərdən) Bir günü bir ilə, bir günü bir aya, bir günü bir cüməyə (bir həftə) bərabər olacaqdır. (O, qırx günün içində) Qalan günlər isə sizin günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya Rəsulullah! Bu bir il qədər olan o, bir gündə bizlərə bir günün namazı kifayət edirmi?» deyə soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o uzun gündə, adi günlərdə qıldığınız namaz vaxtlarını hasablayıb, namazlarınızı qılın!» deyə buyurdu. Biz: «Ya Rəsulullah! Dəccəl yer üzündə nə cür sürətlə yeriyəcəkdir?» deyə soruşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «Küləyin qovduğu yağış buludlarının sürəti kimi!» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «O, bir qövmün yanına gəlib onları dəvət edəcəkdir. Onlar da ona iman gətirib itaət edəcəklər. Bundan sonra o, göyə əmr edəcəkdir. Göy də onun əmri ilə yağış yağdıracaqdır. Sonra yerə əmr edər. Yer də hər cür bitkilərini bitirəcəkdir. O qövmün otlağa çıxmış heyvanları axşam otlaqdan ən gözəl bir halda, məmələri südlə dolu, ətlənmiş bir halda geri qayıdarlar. Sonra Dəccəl digər bir qövmə gəlib onları da dəvət edər. Lakin o qövm onun sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o qövmündən uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları tələf olub gedər. Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini çıxart!» deyər və bal arılarının (ana) arının ardınca düşdükləri kimi xəzinələr də onun ardınca düşərlər». Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünə davam edərək buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə məsafəsi qədər bir-birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da həmin (anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa – əleyhissəlam – ı göndərər. O daiki paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər bir kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün son görmə həddinə qədər çatar. İsa – əleyhissəlam – Dəccəli axtarır. Nəhayət onu (Beytul-Məqdisə) yaxın bir yerdə Ludd qapısının yaxınlı-ğında yaxalayaraq öldürər. Sonra İsa – əleyhissəlam - Allahın Dəccəlin şərindən qoruduğu bir qövmün yanına gələr. İsa – əleyhissəlam – onların üzərilərinə əli ilə toxunub məsh edir və onlara Cənnətdəki dərəcələrini söyləyər. Onlar bu halda olduqları vaxt Allah – subhanəhu və təalə - , İsa – əleyhissəlam – a: « Mən indi Mənə aid olan qullarımı çıxardacağam ki, heç bir kimsənin onlarla müharibə etməyə nə qüdrəti, nə də qüvvəti çatar! Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında sığınacaq ver» deyə vəhy etdi. Allah Yəcuc və Məcuc tayfalarını göndərir. «Yəcuc və Məcuc (səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman». (əl-Ənbiya 96). Onların əvvəli Təbəriyyə gölünə yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən and olsun ki: «Nə vaxtsa burada su vardı» deyərlər. Allahın peyğəmbəri İsa – əleyhissəlam – və onunla birlikdə olanlar mühasirədə qalacaqlar. Nəhayət onların birinə bir öküz başının dəyəri bu gün sizə görə yüz dinardan da xeyirli olur. İsa – əleyhissəlam – və səhabələri Allaha dua edərlər. Allah da (Yəcuc və Məcuc) onların boyunlarına qurdlar salar və səhəri hamısı məhv olub gedərlər. Sonra Allahın peyğəmbəri və onunla birlikdə olanlar yerə enərlər. Yer üzündə Yəcuc və Məcuc tayfasının cəsədlərindən bir qarış yer belə tapa bilməyəcəklər. Onların pis qoxusu aləmi bürüyəcəkdir. Allahın peyğəmbəri və onunla birlikdə olanlar Allaha dua edərlər. Bu dualarına cavab olaraq Allah dəvə boyunları kimi uzun boylu quşlar göndərər. Quşlar o leşləri götürüb Allahın istədiyi yerə apararlar. Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər gildən olsun heç bir ev o yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O gün bir camaat bir narı yeyib doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər. Bu vaxt Allah xoş bir külək göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq bütün mömin və müsəlmanların ruhlarını alar. Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc tayfaları hər şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O daBeytul-Məqdisdə dağdır. «And olsun ki, biz yer üzündə hər şeyi məhv etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını göyə atarlar. Allah onların oxlarını qan ilə boyanmış olaraq rədd edər». Məryəm oğlu İsa – əleyhissəlam – ın Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin qanadında enməsi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr etməsi, donuzları və xaçları məhv etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa adlı bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır». «Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir». (ən-Nisa 159). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sübh çağı imam onlarla birlikdə namaza durduğu bir vaxtda Məryəm oğlu İsa – əleyhissəlam – gələcəkdir. Bu imam geri çəkilib yerini ona vermək istədikdə İsa – əleyhissəlam – əlini onun çiyninə qoyub deyəcəkdir: «Keç yerinə namazı qıldır». İmam irəli keçib namazı qıldıracaqdır. Sonra İsa – əleyhissəlam – Qüdsə gedəcəkdir. Orada Ludd qapısının yaxınlığında Dəccəli yaxalayıb öldürəcəkdir. Dəccəl onu gördükdə duz suda əridiyi kimi əriyəcəkdir». Mehdinin gəlməsi. Əsl adı Məhəmməd b. Abdullah olub, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əhli beytindəndir. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü uzadacaqdır. O, vaxta qədər ki, əhli-beytimdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır». Ummi Sələmə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir». Yəcuc və Məcuc tayfasının çıxması. Zülqərneyn dedi: «Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc –Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-Kəhf 98). Zeynəb b. Cəhş – radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzü qıp-qırmızı halda, həyəcanlı olaraq çölə çıxdı və: «Lə iləhə illəllah! İrəlidə gecə qaranlığı kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət barmağını halqa şəklində etdi. Bunun üzərinə mən: «Ya Rəsulullah! İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş əməllər, əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman». Dabbətul-Ardın (heyvanın) çıxması. «Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardırıq ki, onlarla danışıb (bizim adımızdan) : «İnsanlar ayələrmizə inanmadılar» deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur. Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir. Cəssəsə kimdir? – Fatimə b. Qeys – radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ƏSSƏLƏTU CƏMİATƏN (toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də həmin məscidə gəldim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə namaz qıldım. Mən qadınların səfində idim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-Dari xristian bir adam idi. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam edərək buyurdu: «Cizam və Ləhm qəbilələrindən otuza yaxın kişi ilə gəmi ilə səyahətə çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə saxlayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O da: «Mən Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O məxluq: «Ey topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o sizin gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o adamı vəsf etdikdə biz onun şeytan olmasından qorxduq. Nəhayət o ibadətgaha gəldik. Orada cüssə baxımından insanların ən irisi olan, ayaqları əllərinə çarpaz vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə mənə xəbər verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə Şamda olan Nəhmi Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm. Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O: «Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O bulaqda su varmı? Oranın əhalisi o bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o suyu bol olan bir bulaqdır. Əhalisi də o bulağın suyundan istifadə edirlər» dedik. O: «Mənə NƏBİYYUL- UMMİYİN (ümmətlərin Peyğəm-bəri) haqqında xəbər verin? O nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə (Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?» dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu dedik. O: «Şübhəsiz ki, onların peyğəmbərə itaət etmələri onların özləri üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqında məlumat verəcəyəm. Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa. Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər girəcəyində dayanan mələklər əllərindəki qılınc ilə məni vuraraq bu şəhərlərə girməyə qoymazlar». Fatimə b. Qeys – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizə söylədimmi? Deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər verdin!». Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-birinin ardınca o qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətləri bir-birinin ardınca gələn mirvari kimidir. İp kəsildikdə dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin ələmətləri də bir-birinin ardınca bu cür sürətlə) gələcəkdir». O, dəhşətli, qulaqları kar edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə etdikləriniz haqda düşünün. Çünki o gün düşünmək artıq fayda verməyəcəkdir. «Nəhayət qulaqları kar edən o dəhşətli səs gələndə. O gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən, oğullarından. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». (Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən iman etməmiş heç bir kəs iman etməsinin fayda verməyəcəyi zamandır». QİYAMƏTİN ADLARI Qurani – Kərimdən bizə məlum olan Qiyamət gününün bir çox adları vardır. 1. Yəumul-Bəss – məşhərə göndərilən gün. (ər-Rum 56). 2. Yəumul-Xuruc – çıxarılacaq gün. (Qaf 42). 3. Yəumul-Qiyəmə – qalxacaqları gün. (əl-Qiyamət 1). 4. Yəumul-Həşr – toplanma günü. (Qaf 44). 5. Yəumul-Fəsl – ayırd etmə günü. (ən-Nəbə 17). 6. Yəumul-Cəma – cəm etmə günü. (əş-Şura 7). 7. Yəumul-Hicəb – haqq-hesab günü. (Sad 16). 8. Yəumul-Vaid – vəd olunmuş gün. (Qaf 20). 9. Yəumul-Həsra – peşmançılıq günü. (Məryəm 39). 10. Yəumul-Xulud – əbədiyyat günü. (Qaf 34). 11. Dərul-Xuld – əbədiyyat yurdu. (Fussilət 28). 12. Yəumul-Tələq- qarşılaşma günü. (Ğafir 15). 13. Yəumud-Din – sorğu-sual günü. (əl-Fatihə 4). 14. Həqqa – haqq üzə çıxacağı gün. (əl-Haqqə). 15. Qariə – qəlbləri təsvişə salan gün. (əl-Qariə 1-2). 16. Ğaşiyə – qəlbləri dəhşət bürüyən gün. (əl-Ğaşiyə 1-2). 17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun). 18. Əzifə – yaxınlaşmaq günü. (ən-Nəcm 57) və s. Kamal Hüseynovun "Sələf Əqidəsi" kitabından
|