Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 3 Qonaq 3 İstifadəçi 0 |
|
Məqalələr
“ƏL-KÖVSƏR” surəsinin təfsiri
İmam Əhməd deyir: Bizə Məhəmməd ibn Fudeyl Ənəs ibn Malikin belə dediyini nəql etmişdir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir balaca yuxuya getdi və başını qaldırıb gülümsədi. Ya o, ya da ona “niyə güldün?” deyə sual edildi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bir qədər əvvəl mənə bir surə nazil oldu”. Və oxumağa başladı: “Mərhəmətli və Rəhimli Allahın adı ilə! Həqiqətən, Biz sənə Kövsər əta etdik”. O, surəni sonadək oxudu və dedi: “Siz bilirsinizmi Kövsər nədir?” Orada olanlar dedilər: “Allah və rəsulu daha yaxşı bilir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Onu mənə izzət və cəlal sahibi Rəbbim Cənnətdə əta etdi. Onda çoxlu xeyir-bərəkət var. Qiyamət günü ümmətim onun qırağına gələrlər. Onun qatları ulduzlar qədərdir. Qul onun kənarında titrəyəcəkdir. Mən deyəcəm: “Ey Rəbbim, o, mənim ümmətimdəndir. Deyiləcək ki, sən özündən sonra onların nə etdiklərindən xəbərdar deyilsən”. İmam Əhməd hədisi üç isnadla rəvayət etmişdir. Bu isnad Həmd ibn Fudeylin Muxtar ibn Fulful vasitəsilə Ənəs ibn Malikdən nəql etdiyi rəvayətdir. Hovuzu təsvir edən bölümdə varid olur ki, Qiyamət günü göydəki iki oyuq vasitəsilə Kövsərirmağından su axar. Göydəki ulduzlar qədər onun yanında qablar var. Bu hədisi Muslim, Əbu Davud və Nəsai Məhəmməd ibn Fudeyl vasitəsilə Ənəsdən nəql etmişlər. Muslimin ifadəsi belədir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bizimlə birgə məsciddə olarkən birdən yavaşca yuxuya getdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: “Ey Allahın elçisi, niyə gülümsədin?” O, “bir qədər əvvəl mənə surə nazil oldu” dedi və həmin surəni oxudu: “Mərhəmətli və Rəhimli Allahın adı ilə! Həqiqətən, Biz sənə Kövsər əta etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin düşməninin özü sonsuzdur!” Sonra dedi: “Siz bilirsinizmi Kövsər nədir?” Dedik: “Allah və rəsulu daha yaxşı bilir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bjuyurdu: “O, bir çaydır ki, Rəbbim onu mənə vəd etdi. Onda çoxlu xeyir var. O elə bir hovuzdur ki, ümmətim Qiyamət günü onun yanına gəlib-gedər. Yanında da göydəki ulduzların sayı qədər qablar var. Orada bir qul titrəyəcəkdir. Mən deyəcəm: “Ey Rəbbim, o, mənim ümmətimdəndir”. O, deyəcək: “Sən özündən sonra onun nə etdiyini bilmirsən”. Bir çox qarelər bu surənin Mədinədə nazil olduğunu, bəzi fiqh alimləri də “Bismilləhir-Rahmənir-Rahim”-in də surənin bir ayəsi olduğunu söyləyirlər. Onların sözlərinə görə, “Bismilləhir-Rahmənir-Rahim” də surədəki digər ayələrlə birgə nazil olmuşdur. Surənin əvvəlində Allah təala buyurur: “Həqiqətən, Biz sənə Kövsər əta etdik”. Qeyd etdiyimiz hədisdə bildirildiyi kimi, Kövsər Cənnətdə çayın adıdır. İmam Əhməd bu barədə başqa ravilər vasitəsilə də Ənəs ibn malikdən hədis rəvayət edərək demişdir: “Ənəs “Həqiqətən, Biz sənə Kövsər əta etdik” ayəsini oxudu və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu nəql etdi: “Mənə Kövsər əta edildi. O, axar bir irmaqdır. O, qollara ayrılmayıb. Onun qarşısında incidən qübbələr var. Əlimi onun torpağına vurdum və gördüm ki, xoş qoxulu müşkdür. Onun daşları da incidir”. İmam Əhməd başqa bir rəvayət nəql edərək deyir: Bizə Məhəmməd ibn Adiy Həmid vasitəsilə Ənəs ibn Malikdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Cənnətə girdim və özümü bir irmağın yanında tapdım. Onun hər iki tərəfi inci ilə əhatə olunmuşdu. Əlimi suyun axdığı yerə vurdum və gördüm ki, bu, xoş qoxulu müşkdür. Dedim: “Bu, nədir, Ey Cəbrayıl?” O, mənə dedi: “Bu, izzət və cəlal sahibi Allahın sənə əta etdiyi Kövsərdir”. Bu hədisi Buxari və Mulsim eyni adlı öz “Səhih” kitablarında qeyd etmişlər. Muslim isə Şeyban ibn Əbdürrəhman vasitəsilə Ənəs ibn Malikdən nəql etmişdir. Belə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) səmaya yüksəldildiyi haqda danışarkən demişdi: “Elə bir çayın yanına gəldim ki, onun hər iki tərəfi inci qüvvələri ilə əhatə olunmuşdu. Soruşdum: “Ey Cəbrayıl, bu nədir?” O, mənə dedi: “Bu, Kövsərdir”. Bu ləfz Buxariya (Allah ona rəhmət etsin!) aiddir. İbn Cərir hədis rəvayət edərək deyir: Bizə İbn Vahb Şureyk ibn Əbu Nəmrdən rəvayət edir ki, o, Ənəs ibn Malikin beləd ediyini eşitmişdir: “Peyğəımbər (Ona Allahın salavatı və salamı olsun!) meraca getdiyi vaxt Cəbrayıl onu dünya səmasına apardı. O, orada bir çayla qarşılaşdı. Orada incidən və sarı yaqutdan bir qəsr var idi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) yaxınlaşıb oranın torpağından qoxuladıqda, onun müşk ətirli olduğunu gördü və Cəbrayıldan soruşdu: “Ey Cəbrayıl, bu nə çayıdır?” Cəbrayıl cavab verdi: “Bu, Rəbbinin sənin üçün hazırladığı Kövsərdir”. Meracla bağlı bir hədis “Əl-İsra” surəsində də qeyd edilmişdir. Bu hədis Şureyk vasitəsilə Ənəsdən nəql edilib. Həmin hədis Buxari və Muslimin “Səhih” kitablarında da mövcuddur. Səid Qatədə vasitəsilə Ənəsdən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Mən Cənnətə yüksəldildikdə, orada bir çayla qarşılaşdım. Onun hər iki tərəfi içi boş incidən ibarət qübbələrlə əhatələnmişdi. Yanımdakı mələk məndən soruşdu: “Bunun nə olduğunu bilirsən? Bu, Allahın sənə əta etdiyi Kövsərdir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) əlini oranın palçığına vuranda, müşk çıxdı”. Bunu Süleyman ibn Tərxan, Mumər, Həmmam və sairləri də Qatədədən nəql etmişlər. İbn Cərir başqa bir hədis nəql edərərk deyir: Bizə Əhməd ibn Əbu Sureyc Ənəs ibn Malikdən nəql etdi ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) Kövsər barəsində sual verildikdə, o demişdi: “O, Allah təalanın Cənnətə mənə əta etdiyi çaydır. Torpağı müşkdür, süddən ağ, baldan şirindir. Ora boyunları dəvə boynu kimi uzun quşlar gələr”. Əbu Bəkr dedi: “Ey Allahın elçisi, onlar necə də gözəldir!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Onları yemək daha gözəldir”. Əhməd deyir: Bizə Əbu Sələmə əl-Xuzəi Muslim ibn Şihab vasitəsilə Ənəsdənnəql etdi ki, bir nəfər Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) soruşdu: “Ey Allahın elçisi, Kövsər nədir?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “O, Rəbbimin Cənnətdə mənə əta etdiyi bir çaydır. O, süddən ağ, baldan şirindir. Ora boyunları dəvə boyunları kimi olan quşlar gələr”. Ömər dedi: “Ey Allahın elçisi! Bu, necə də gözəldir!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Onları dadmaq daha da gözəldir!” İbn Cərir bu hədisi Zühri vasitəsilə Ənəs ibn Malikdən də eyni şəkildə nəql etmişdir. Buxari deyir: Bizə Xalid ibn Yezid əl-Kahili Əbu Ubeydədən nəql etdi ki, o, Aişədən (Allah ondan razı olsun!) Allah təalanın “Həqiqətən, Biz sənə Kövsər əta etdik” ayəsi haqda soruşduqda, Aişə demişdi: “O, Peyğəmbərinizə verilən bir çaydır. Onun hər iki sahili boş incilərlə doludur. Orada olan qablar göydəki olduzlar qədərdir”. Daha sonra Buxari deyir ki, hədisi Zəkəriyyə, Əbul Əhvas və Muttarif Əbu İshaqdan nəql etmişlər. Əhməd və Nəsai isə bunu Muttarif vasitəsilə rəvayət etmişlər. İbn Cərir deyir: Bizə Əbu Kureyb İsrail vasitəsilə Əbu Ubeydədən Aişənin belə dediyini nəql etmişdir: “Kövsər Cənnətdə hər iki sahili boş incilərlə əhatə olunmuş bir çaydır”. İsrail onun Cənnətdə bir çay olduğunu vəüzərində göydəki ulduzlar qədər qablar olduğunu qeyd etmişdir. İbn Humeyd Şəqiq və ya Məsruqun belə dediyini nəql etmişdir: “Mən Aişədən soruşdum: “Ey möminlərin anası, mənə Kövsər haqqında danış!” O, dedi: “O, Cənnətin ürəyində bir çaydır”. Mən “Cənnətin ürəyi haradır?” – deyə soruşduqda, belə cavab verdi: “Yəni Cənnətin ortasındadır. Onun hər iki sahilində incidən və yaqutdan ibarət qəsr var. Torpağı müşk, qırağındakı daşlar yaqut və incidir”. Əbu Kureyb İbn Əbu Nəcih vasitəsilə Aişənin (Allah ondan razı olsun!) belə dediyini nəql etmişdir: “Kim Kövsırin şırıltısını eşitmək istəyərsə, iki barmağını iki qulağına tıxasın!” Bu rəvayətin isnadında Aişə ilə İbn Əbu Nəcih arasındakı zincirdə əksiklik var. Bəzi rəvayətlərdə İbn Əbu Nəcihdən sonra başqa bir adamın Aişədən nəql etdiyi bildirilir. Hədisin mənasına gəlincə, yəni həmin adam buna bənzər səs eşidər. Yoxsa həmin şırıltını eşitmək mümkün deyil. Ən doğrusunu Allah bilir. Süheyl deyir ki, Daraqutni bu hədisi mərfu hədis kimi Malik ibn Muğavvil vasitəsilə Aişədən o da Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) nəql etmişdir. Buxari deyir: Yaqub ibn İbrahim Səid ibn Cübeyr vasitəsilə İbn Abbasın (Allah ondan razı olsun!) Kövsər haqqında beləd dediyini rəvayət etmişdir: “O, Allahın ona (Ona Allahın salavatı və salamı olsun!) əta etdiyi xeyirdir”. Əbu Bişr deyir ki, mən Səid ibn Cübeyrə dedim: “Insanlar onun Cənnətdə bir çay olduğunu hesab edirlər”. O, dedi: “Cənnətdəki bu çay Allahın ona bəxş etdiyi xeyirdir”. Bu hədisi Buxari Huşeym vasitəsilə İbn Abbasdan da nəql etmişdir. Belə ki, İbn Abbas deyir ki, “Kövsər çoxlu xeyirdir”. Bu təfsir həm çay həm də bu mənada olan məfhumları da özündə ehtiva edir. Çünki Kövsər sözü çoxluq mənasını verən “kəsrət” sözündən alınıb və çoxlu xeyir deməkdir. İbn Abbas, İkrimə, Səid ibn Cübeyr, Mucahid, Muharib İbn Dəssar və Həsən ibn Əbul Həsən əl-Bəsri bu fikirdədilər. Mucahid deyir ki, “o, dünya və Axirətdə çoxlu xeyirdir”. İkrimənin sözlərinə görə isə o, peyğəmbərlik, Quran və Axirət mükafatıdır. İbn Abbasın bu sözü çay mənasında izah etdiyi də nəql olunmuşdur. İbn Cərir deyir: Bizə Əbu Kureyb Səid ibn Cübeyr vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişdir: “Kövsər Cənnətdə hər iki tərəfi qızıl və gümüşlərlə dolu olan bir çaydır. Bu çay yaqut və incilər üstündən axar. Suyu qardan ağ, baldan şirindir”. Ovfi İbn Abbasdan buna bənzər digər bir rəvayət də nəql etmişdir. İbn Cərir deyir: Bizə Yaqub İbn Ömərin belə dediyini nəql etmişdir: “Kövsər Cənnətdə çaydır. Onun hər iki tərəfi qızıl və gümüşlə doludur. O, inci və yaqutlar üzərindən axır. Suyu isə süddən çox ağ, baldan daha şirindir”. Bu rəvayəti Tirmizi də İbn Humeyd vasitəsilə Atə ibn Saibdən mövquf hədis kimi nəql etmişdir. Mərfu hədis kimi rəvayətdə isə İmam Əhməd deyir ki, bizə Əli ibn Hifs Muharib ibn Dəssar vasitəsilə İbn Ömərdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Kövsər Cənnətdə hər iki tərəfi qızıldan olan çaydır. Suyu incilər üzərindən axır və süddən ağ, baldan daha şirindir”. Həmçinin, Tirmizi, İbn Macə, İbn Əbu Hatim və İbn Cərir bu hədisi Məhəmməd ibn Fudeyl vasitəsilə Atə ibn Saibdən mərfu hədis kimi rəvayət etmişlər. Tirmizi bunun “həsən-səhih” hədis olduğunu söyləmişdir. İbn Cərir deyir: Bizə Yaqub Atə ibn Saibin beləd dediyini nəql etdi: “Muharib ibn Dəssar məndən Səid ibn Cübeyrin Kövsər haqqında nə dediyini soruşdu. Mən dedim: “O, bizə İbn Abbasın belə dediyini nəql etmişdir: “O, çoxlu xeyirdir”. Muharib dedi ki, Allaha and olsun, o, doğru deyib, onda çoxlu xeyir var”. İbn Ömər nəql etmişdir ki, “Həqiqətən, Biz sənə Kövsər əta etdik”. Ayəsi nazil olduqda, peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Kövsər Cənnətdə elə bir çaydır ki, onun hər iki sahili qızıldandır və su inci və yaqutlar üzərindən axır”. İbn Cərir deyir: Bizə İbn Bərqi Hərram ibn Osman vasitəsilə Usamə bin Zeydin belə dediyini nəql etmişdir: “Bir gün Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Abdulmuttalibin oğlu Həmzəgilə getmiş, lakin onu evdə tapa bilməmişdi. Arvadından (arvadı Bəni Nəccar qəbiləsindən idi.) Həmzənin harada olduğunu soruşduqda, demişdi: “Ey Allahın peyğəmbəri, bir az əvvəl sənin yanına gəlmək adı ilə çıxdı. Elə hesab edirəm ki, Nəccar yollarında azdı. İçəri niyə buyurmursan, ey Allahın elçisi?!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) içəri girdi. Qadın ona xurma, süd və yağdan hazırlanan Heysə adlı bir yemək gətirdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ondan yedi. Qadın “Nuş olsun!” deyib sözlərinə davam etdi: “Nə yaxşı ki, gəldin. Yoxsa mən sənin yanına gələcəkdim. Səni təbrik etmək istəyirdim. Əbu İmarə mənə dedi ki, sənə Cənnətdə Kövsər adlı bir çay əta edilib”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Bəli! Onun torpağı yaqut, mərcan, zəbərcəd (sarı yaqut) və incidəndir”. Ravilər içində olan Hərram ibn Osman zəif ravidir. Ancaq hədisin forması və şəkli yaxşıdır. Bu hədisin əsli səhihdir. Hətta bir çox hədis alimlərinin nəzdində bu hədis təvatür dərəcəsinə çatmışdır. Hovuz haqqında olan hədislər də bu qəbildəndir. Ənəs, Əbul Aliyə, Mucahid və bir çox sələflərdən rəvayət olunur ki, Kövsər Cənnətdə çaydır. Atənin sözlərinə görə isə, Kövsər Cənnətdə hovuzdur. Allah təala növbəti ayədə buyurur: “Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!” Yəni Biz sənə dünya və axirətdə çoxlu xeyir əta etdik, həmçinin Cənnətdə çay verdik. Elə isə tam ixlasla Rəbbin üçün fərz və nafilə namazlarını qıl, qurbanını kəs! Təkcə Ona ibadət et, Ona şərik qoşma! Və yalnız tayı və bərabəri olmayan Rəbbinin adına qurban kəs! Allah təala başqa bir ayədə buyurur ki, “De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!” və De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 161-163) İbn Abbas, Atə, Mucahid, İkrimə və Həsən belə demişlər: “Burada dəvə və bu kimi heyvanların qurban kəsilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Qatədə, Məhəmməd ibn Kəb əl-Qurazi, Dahhak, Rəbi ibn Ənəs, Atə əl-Xorasani, Həkəm, İsmayıl ibn Əbu Xalid və digər sələflər də bu fikri dəstəkləmişlər. Bu hal müşriklərin Allahdan başqasına səcdə etməsinə və Allahdan başqası üçün qurban kəsməyə tamamilə ziddir. Allah təala buyurur ki, “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır”. (əl-Ənam, 121) Bəziləri qeyd edirlər ki, “qurban kəs (hərfi tərcüməsi boğazdır)!” dedikdə, sağ əlin boğaz altında sol əlin üstünə qoymaq nəzərdə tutulmuşdur. Bu rəvayət Əlidən nəql edilmişdir. Lakin səhih deyil. Şəbidən də buna bənzər rəvayət nəql edilmişdir. Rəvayət edilir ki, Əbu Cəfər əl-Baqir “qurban kəs” (hərfi tərcüməsi boğazdır) ayəsi haqda demişdir: “Yəni namaz qılarkən iki əlini qaldır”. Ayəni “boğazını qibləyə çevir” kimi təfsir edənlər də var. Bu üç rəyi İbn Cərir qeyd etmişdir. İbn Əbu Hatim bu mövzuda münkər bir hədis rəvayət etmişdir: “Bizə Vahb ibn İbrahim 255-ci ildə İsrail ibn Hatim əl-Mərvazidən nəql etdi ki, Əli ibn Əbu Talib demişdir: “Həqiqətən, Biz sənə Kövsər əta etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!” surəsi Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) nazil olduqda, o, demişdi: “Ey Cəbrayıl, Rəbbimin mənə əmr etdiyi bu qurban nədir?” Cəbrayıl isə belə cavab vemrişdi: “Bu, qurban deyil! Allah sənə əmr edir ki, namaza başlamaq üçün təkbir edəndə, rüku etdikdə, rükudan qalxdıqda və səcdə etdikdə iki əlini qaldırıb təkbir edəsən. Çünki bu, bizim və yeddi qat göydəki mələklərin namazıdır. Hər şeyin bir gözəlliyi var. Namazın da gözəlliyi hər təkbirdə əlləri qaldırmaqdır”. Həmçinin, Hakim “əl-Mustədrək” əsərində İsrail ibn Hatim vasitəsilə bu rəvayəti nəql etmişdir. Atə əl-Xorasanideyir ki, “yəni rükudan qalxdıqdan sonra bədənini dik tut, müvazinətini itirmə!” Bunu da İbn Əbu Hatim rəvayət etmişdir. Lakin rəvayətlərin üçü də “qərib”dir. Səhih olan isə birinci fikirdir, yəni qurban kəsməkdir. Qeyd etmək lazımdır ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bayram namazını qılar, sonra qurbanları kəsər və deyərdi: “Kim bizim namazımızı qılar və qurbanımızı kəsərsə, qurbanlıq savabını qazanar. Ancaq kim namazdan əvvəl qurban kəsərsə, onun qurbanı sayılmaz”. Bu zaman Əbu Burdə ibn Neyyar ayağa qalxdı və dedi: “Ey Allahın elçisi, mən namazdan əvvəl qoyunumu kəsdim. O gün ətin xoşagələn və sevilən bir şey olduğunu bildim”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Sənin qoyunun yalnız ətlik qoyundur”. Əbu Burdə soruşdu: “Mənim iki qoyundan daha yaxşı bir oğlağım var. Bəs onu kəssəm necə, qəbul olarmı?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Sənə görə qəbul olar. Ancaq səndən sonra kim etsə, qəbul olmaz”. Əbu Cəfər ibn Cərir deyir ki, səhih olan bu ayəni bu cür təfsir edənlərin sözləridir: “Namazını bütlər və batil ilahlar üçün yox, sırf Rəbbinin razılığı üçün qıl! Həmçinin, qurbanını da Allahdan qeyrisi üçün yox, yalnız Onun üçün kəs! Onun sənə bəxş etdiyi yaxşılıq və lütfləri qiymətləndir. Sən heç vaxt onları yetərincə ödəyə bilmərsən”. İbn Cəririn dediyi bu ifadələr çox gözəldir. Qeyd edək ki, Məhəmməd əl-Qurazi və Atənin də buna bənzər ifadələr söylədiyi bildirildi. “Sənin düşməninin özü sonsuzdur!” Yəni, Ey Məhəmməd, sənə və sənin gətirdiyin haqqa, hidayətə, açıq-aşkar dəlilə və nura düşmənçilik edənin özü sonsuz və zürriyyətsizdir. İbn Abbas, Mucahid, Səid ibn Cübeyr və Qatədənin sözlərinə görə, bu ayə As ibn Vail haqqında nazil olmuşdur. Məhəmməd ibn İshaq Yezid ibn Rumanın belə dediyini nəql etmişdir: “As ibn Vailin yanında Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) adı çəkilərkən, onun haqda “əl çəkin ondan! O, sonsuz və zürriyyətsizdir” – deyərdi. O, öldüyü vaxt onun soyu kəsilmiş və Allah təala bu ayəni nazil etmişdi. Şimr ibn Atiyyənin sözlərinə görə isə ayə Ütbə ibn Əbu Mueyt haqqında nazil olmuşdur. İbn Abbas və İkrimənin sözlərinə görə, ayə Kəb ibn əl-Əşrəf və bəzi qureyşlilər haqqında nazil olmuşdur. Bəzzar deyir ki, bizə Ziyad ibn Yəhya əl-Həssani İbn Abbasın belə dediyini nəql etmişdir: Kəb ibn əl-Əşrəf Məkkəyə gələndə, qureyşlilər ona dedilər: “Sən onların ağsaqqalısan. Bu sonsuzun öz xalqının başına nələr açdığını görürsənmi? O, iddia edir ki, guya bizdən daha xeyirlidir. Halbuki, biz hacıları qarşılayan, Kəbənin qoruyucusu və hacılara su paylayan kəslərik”. Kəb ibn əl-Əşrəf isə demişdi: “Siz ondan daha xeyirlisiniz”. Buna görə də Allah təala “Sənin düşməninin özü sonsuzdur!” ayəsini nazil etmişdir. Bu rəvayətin isnadı səhihdir. Rəvayət edilir ki, Atə bu ayənin Əbu Ləhəb haqqında nazil olduğunu söyləmişdir. Qeyd olunur ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) oğlu vəfat etdiyi vaxt Əbu Ləhəb müşriklərin yanına gedib onlara “bu gecə Məhəmmədin soyu kəsildi” demişdi. Buna görə də Allah təala “Sənin düşməninin özü sonsuzdur!” ayəsini nazil etdi. Başqa bir rəvayətdə İbn Abbas deyir ki, “bu ayə Əbu Cəhl haqqında nazil olmuşdur”. Bu ifadə yuxarıda qeyd olunan və ya olunmayan, ancaq bu vəsflərə sahib olan hər kəsə şamil olunur. Süddi deyir ki, bir kişinin oğlu öldüyü vaxt ərəblər ona “əbtər” (ayədə “sonsuz” kimi tərcüməe dilmiş ifadə) deyərlər. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) oğulları öldüyü vaxt da “Məhəmməd (əbtər) sonsuz oldu” demişdilər. Ona görə də Allah təala “Sənin düşməninin özü sonsuzdur!” ayəsini nazil etdi. Onlar cahillikləri ucbatından Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) oğulları öldüyü vaxt elə zənn etdilər ki, onun soyu kəsildi. Halbuki əsla belə deyil! Əksinə Allah təala onun nəslini diriliş və məhşər gününə kimi həmişəyaşar etmiş, şəriətinə riyaət etməyi hər bir qula vacib saymışdır. Qiyamət gününə qədər ona daim Allahın salavatı və salamı olsun! “Əl-Kövsər” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
|
Категория: Dini | Добавил: ilka1 (26.02.2009) |
Просмотров: 555
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|