Azərbaycanda fəaliyyəti geniş yayılmış "Yeqova şahidləri" sektası Rusiyada azərbaycanlıların kompakt yaşadıgı yerlərdə güclü təbliğatla məşğuldur. Bu missioner təşkilatın təsiri altına saldığı soydaşlarımızın sayı isə günbəgün artır. Sankt-Peterburq şəhərində küçəbəküçə gəzərək, müxtəlif təbliğat vasitələri ilə insanları sektaya cəlb edən missionerlər yerlilərlə yanaşı, burada yaşayan qeyri-rusları da öz toruna salmağa müvəffəq olurlar. Bütün bunları təsadüfən tanış olduğum sekta üzvündən öyrəndim. Söhbət zamanı cəmiyyətin böyük əksəriyyətinin azərbaycanlı olduğunu deyən qadının sözlərinə əvvəlcə şübhə etsəm də, araşdırdıqda narahatlıq doğuran həqiqətlər ortaya çıxdı... TORA DÜŞƏN ƏSASƏN QADINLARDIR
...Qadına cəmiyyətlə maraqlandığımı dedim. Özünü Olqa kimi təqdim edən qadının çantasından çıxardıgı kitab, jurnal və broşürlər marağımı bir az da artırdı. "Burada həm rusca, həm sizin dildə kitablar var, oxuyarsan, çox maraqlıdır". Sonra "öz dilinizdə hansı əlifba ilə oxuyursan, kirillə, yoxsa latin qrafikası ilə?" Bu sual artıq təbliğatın hansı səviyyədə getdiyini açıq-aydın göstərirdi.
Qadınla əlaqə saxlamaq, oradakı həmyerlilərimlə tanış olmaq istədiyimi bildirdim. Bir neçə gündən sonra bunları öyrəndim: sekta üzvlərinin toplaşdıgı yalnız bircə ünvanda 70 nəfərdən 50-si, əksəri qadın olmaqla azərbaycanlılardır. Onlarla işləmək üçünsə, xüsusi vəzifəlilər var ki, Azərbaycan dilini yaxşı bilir və səlis danışırlar. Həmçinin, öyrəndim ki, sekta insanları cəlb etmək ücün onlara maddi, tibbi yardım göstərir. Üzvlüyünü qəbul edib, sadiqliyinə and içəndən sonra isə insanlar tədricən bu təşkilatdan asılı vəziyyətə salınır və qarşılarına qoyulan şərtləri yerinə yetirməyə məcbur edilirlər. Məsələn, insanların sektaya cəlb edilməsi üçün hər bir üzvün "payına" müəyyən sayda adam düşür...
GİZLİ ŞÜAR: "YEQOVAÇILARDAN BAŞQA HAMI MƏHVƏ MƏHKUMDUR!"
Bu sektanin adı artıq Azərbaycanda hamıya tanışdır. Çünki, bu və onun kimi onlarla missioner təşkilat ölkədə maneəsiz olaraq fəaliyyətdədir və artıq yüzlərlə insanı öz təsiri altına salıb. İlk görünüşdə onlar dini təbliğatla, insanlara maddi, mənəvi, hətta tibbi(?!) yardım göstərməklə məşğuldurlar. Lakin, xristian ölkələrinin əksəriyyətində, o cümlədən Avropada kilsələrin vəziyyətinin bərbad oldugunu nəzərə alsaq, sual yaranır: hansı xristian ölkəsi bu qurumu dininin təbliği üçün maliyyələşdirir? İsrail və Almaniyada nəfis şəkildə cap olunan nəşrlərin hər birinin tirajı 25-40 milyon olmaqla, dünyanın 160-dan çox dilinə tərcümə olunan, milyonlarla audio-video, CD və MP3 variantlarının yayılması hansı maliyyə mənbələrinin işi və hansı maraqların nəticəsidir?
Bu suallarla, sekta ilə bağlı mənbələri araşdıranda ortaya daha maraqlı, eyni zamanda, ciddi məlumatlar çıxır.
Məlumatlara görə, bu sektanın fəaliyyəti Avropa ölkələrinin əksəriyyətində, həmcinin, Amerikada qadağan olunub. Baxmayaraq ki, sektanın maliyyəsi məhz həmin ölkələrdən gəlir və qurum elə ilk dəfə Amerikada yaranıb. Təşkilatın tarixinə nəzər salaq: "Yeqova şahidləri" sektası Nyu-Yorkda amerikalı Carlz Rassel tərəfindən XİX əsrin 70-ci illərindən yaradılıb və fəaliyyətə, özündə dini və siyasi elementləri əks etdirən çıxışlarla başlayıb. İdeologiyasının əsasını isə yəhudi xalqının Fələstinə qaytarılması və digər xalqları özlərinə tabe etmək olub. Gizli şüarlarından biri belədir, "Sekta üzvlərindən başqa hamı məhvə məhkumdur". Bu ideyanın yaradıcısı olmasalar da (bəzi mənbələrdə oxşar ideyanın tarixinin II-III əsrlərə aid olduğu bildirilir), İX əsrdən etibarən Yeqovaçılar tərəfindən həyata keçirilir. İdeyanın davamçısı olaraq, Rassel iddia edib ki, onun zəhməti müqəddəs kitabdan yüksəkdir, özü isə Allah tərəfindən seçilmiş müəllimdir.
1912-ci ildə Şimali Amerika Ştatlarının birində məhkəmə Rasseli ifşa edir. "Müqəddəs kitab"ı əzbər bildiyini iddia edən "müəllim" məhkəmə zalında bu barədə suallara cavab verə bilmir...
HƏDƏF HƏM DƏ MÜSƏLMANLARDIR
SSRİ dağıldıqdan sonra, sözügedən sektanın Rusiyada və MDB ölkələrinə sürətli axınını politoloqlar belə dəyərləndirib: "Kommunistlər yıxılandan sonra Amerikanın bir düşməni qalır - rus pravoslavları". Amma bu gün sektanın həm də müsəlman ölkələrində çiçəklənən fəaliyyəti hədəfin təkcə pravoslavlar olmadığını göstərir. Sektanın üz tutduğu həm də üçüncü dünya ölkələridir. Sovetlər dağılandan sonra isə əsasən "Yeqova şahidləri" kütləvi axını yeni müstəqillik əldə etmiş, iqtisadi cəhətdən zəif ölkələrdə olduğu müşahidə olunur. Bu sırada müsəlman ölkələri daha problemli görünür. O cümlədən, Orta Asiya və Azərbaycan... Demək hədəfdə həm də müsəlman ölkələridir. Onu da qeyd edək ki, qonşu Gürcüstanda fəaliyyəti qadağan olunsa belə, sekta xüsusilə azərbaycanlılar yaşayan bölgələrdə fəaliyyətlərini davam etdirirlər.
"DÖVLƏT ÖZ TƏHLÜKƏSİZLİYİ ÜÇÜN BU BARƏDƏ DÜŞÜNMƏLİDİR"
Azərbaycanda bir sıra qurumlar və din adamları dəfələrlə belə sektaların fəaliyyətinin milli maraqlarımıza təhlukəsi barədə çıxışlar və çağırışlar edib. Hətta bu sektaların xarici ölkələrin, o cümlədən, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə də məlumatlara rast gəlmək olur.
Sankt-Peterburqda fəaliyyət göstərən "Əhli-Beyt" Dini-Mədəni Cəmiyyətinin ruhanisi, ilahiyyat elmləri namizədi Faiq Vəlioğlu Rusiyada həmvətənlərimizin belə sektaların təsiri altına düşməsinə münasibət bildirərkən qeyd edib ki, təkcə Rusiyada deyil, elə Azərbaycanın özündə bu sahədə təhlükəli vəziyyət yaranıb.
F.Vəlioğlunun fikrincə, dövlət öz təhlükəsizliyini qorumaq ücün bu sahəyə diqqət ayırmalıdır. "Dövlətimiz və səlahiyyətli dini qurumlar istər ölkə daxilində, istərsə də xaricdə hər bir vətəndaşının taleyi ilə maraqlanmalı, öz təhlukəsizliyi üçün, vətəndaşınin təhlükəsizliyini qorumalıdır. Bizdə din dövlətdən ayrı olsa da, birbaşa dövlətin təhlükəsizliyi ücün tədbirlər görülməlidir". // Aynur Hüseynova, Üç Nöqtə