Çərşəmbə axşamı, 19.11.2024, 11:43
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 4
Qonaq 4
İstifadəçi 0

Məqalələr


ƏBƏSƏ surəsinin təfsiri (İbn Kəsir a.r.e.)
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmani Rəhim!

1) Qaşqabağını töküb üzünü çevirdi. 2) Yanına kor gəldi deyə; 3) Nə bilirsən, bəlkə də, o təmizlənəcək! 4) Yaxud öyüd alacaq və öyüd ona fayda verəcək. 5) Ehtiyacsız olduğunu hesab edənə gəlincə;

6) Sən ona tərəf çevrilirsən. 7) Onun təmizlənməməsi sənlik deyil! 8) Sənin yanına qaçaraq gələn; 9) Və qorxan kimsəyə gəldikdə isə; 10) Sən onunla maraqlanmırsan. 11) Xeyr! Həqiqətən, bu bir öyüddür! 12) İstəyən ondan öyüd alar. 13) Əzəmətli səhifələrdə; 14) Yüksək, tərtəmiz! 15) Elçilərin əlləri ilə! 16) Çox dəyərli, çox möhtərəmdirlər.

Bir çox təfsir alimləri qeyd edirlər ki, bir gün Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Qureyşin bəzi liderləri ilə söhbət edirdi. Onların müsəlman olmalarını çox istəyirdi. Onlara söhbət edib onları İslama dəvət etdiyi vaxt, hələ əvvəldən müsəlman olmuş İbn Ummu Məktub gəldi və Peyğəmbərə bir sual verdi. O, sualının üstündə israrla dayandı. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu əsnada çox ləngiməyib onun orada olan kişi ilə söhbət etməsinə imkan verməsini istədi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) həmin kişinin hidayət olunmasını istəyir və buna çalışırdı. Bu səbəblə üzünü İbn Ummu Məktuma turşudaraq ondan çevirdi və digərinə tərəf yönəldi. Buna görə də Allah təala ayə nazil edərək buyurdu: “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə; Nə bilirsən, bəlkə də, o təmizlənəcək!” Yəni o, təmizliyə nail olacaq və mənən saflaşacaq. Yaxud öyüd alacaq və öyüd ona fayda verəcək. Yəni öyüd-nəsihət götürərək haramlardan çəkinəcək. “Ehtiyacsız olduğunu hesab edənə gəlincə; Sən ona tərəf çevrilirsən”. Varlıyla isə hidayət olunsun deyə, söhbət edirsən. “Onun təmizlənməməsi sənlik deyil!” Yəni o, təmizlənməzsə, buna görə sən məsuliyyət daşımırsan. Sənin yanına qaçaraq gələn; Və qorxan kimsəyə gəldikdə isə; Yəni hidayət olunması üçün sənə üz tutan, sənin yanına gələnlə isə maraqlanmırsan, ondan üz çevirib başqa şeylə məşğul olursan. Burada Allah təala Öz elçisinə əmr edir ki, xəbərdarlığı təkcə bir nəfərə aid etməsin, əksinə güclü ilə zəif, varlı ilə kasıb, ağa ilə kölə, kişi ilə qadın, böyüklə kiçik arasında heç bir fərq qoymadan hamısına bərabər yanaşsın! Bundan sonra, Allah dilədiyini doğru yola yönəldər. O, sonsuz hikmət, tutarlı hüccət sahibidir. Əbu Yalə öz “Müsnəd”ində deyir: “Məhəmməd ibn Mehdi “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi haqda Ənəsin belə dediyini nəql edir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Ubeyy ibn Xələf ilə söhbət edərkən İbn Ummu Məktub onun yanına gəldi. Ancaq Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) üz çevirdi. İzzət və cəlal sahibi Allah da ayə nazil edərək buyurdu: “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə”. Bundan sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona qarşı ehtiram göstərirdi.
Qatədə deyir ki, Ənəs ibn Malik mənə belə dedi: “Qadisiyyə günü onu (İbn Ummu Məktumu nəzərdə tutur) əlində qara bayraq zirehinə bürünmüş gördüm. Əbu Yalə və İbn Cərir deyirlər ki, Səid ibn Yəhya əl-Əməvi Aişədən nəql edir ki, “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi İbn Ummu Məktub barəsində nazil olub. O, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yanına gəlib “məni doğru yola çək!” – deyirdi. Həmin ərəfədə isə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yanında müşriklərin sayılıb-seçilən adamlarından bir nəfər var idi. Aişə sözünə davam edərək deyir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ondan (İbn Ummu Məktumdan) üz çevirib, o birisi ilə maraqlandı və ona “Mənim dediklərimdə pis bir şey görürsən?” – dedi. O isə “Xeyr!” – dedi. Bax “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi bu haqda nazil oldu. Tirmizi bu hədisi oxşar isnadla Səid ibn Yəhya əl-Əməvidən rəvayət etmiş və demişdir: “Bəziləri Hişam ibn Urvadan, o da atasından rəvayət edir ki, “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi İbn Ummu Məktub haqda nazil olub. Lakin Aişənin adı orada qeyd edilmir”. Bu, “əl-Muvatta”da da mövcuddur.
İbn Cərir və İbn Əbu Hatim də Ovfi yolu ilə İbn Abbasdan “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi haqda rəvayət edərirlər ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Utbə ibn Rəbiə, Əbu Cəhl ibn Hişam, Abbas ibn Abdulmuttalib ilə danışardı. Onlara çox diqqət göstərir, iman gətirmələrinə böyük istəklə çalışırdı. Bu əsnada Abdulla ib Ummu Məktub adlı kor bir kişi ona yaxınlaşdı. Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) Quranın bir ayəsini oxumağı istədi və dedi: “Ey Allahın elçisi, Allahın sənə öyrətdiklərindən sən də mənə öyrət!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ondan üz çevirdi, qaşqabağını tökdü və onunla danışmaq istəmədi. Əvəzində isə digərlərinə çevrilib onlarla danışdı. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) söhbətini başa çatdırıb evinə qayıtdıqda Allah təala onun görmə qabiliyyətini olduqca azaltdı. Başı sirkələndi. Sonra Allah bu ayələri nazil etdi: “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə; Nə bilirsən, bəlkə də, o təmizlənəcək! Yaxud öyüd alacaq və öyüd ona fayda verəcək”.
Onun haqda ayə nazil olduqda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona xoş davrandı, onunla danışaraq dedi: “Eytiyacın varmı? Nə isə bir şey istəyirsənmi?” Onun yanından gedərkən yenə dedi: “Nə isə bir şeyə ehtiyacın varmı?” Bu, Allah təalaın “Ehtiyacsız olduğunu hesab edənə gəlincə; Sən ona tərəf çevrilirsən. Onun təmizlənməməsi sənlik deyil!” – ayələri nazil olarkən baş verdi. Bu hədisdə qəriblik və munkərlik var. Bunun isnadı haqda danışıldı. İbn Əbu Hatim deyir: Əhməd ibn Mənsur ər-Rimadi Abdulla ibn Ömərin rəsulullahdan (Ona Allahın salavatı və salamı olsun!) belə eşitdiyini nəql etmişdir: “Bilal gecə ikən əzan oxuyar. İbn Ummu Məktumun əzanını eşidənə kimi yeyin, için!” O, uca Allahın haqqında “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə” – ayəsini nazil etdiyi həmin kor kişidir. O, Bilalla yanaşı əzan verirdi. Salim deyir ki, onun gözləri görmürdü. Camaat fəcrin ağartısını görüb ona “qalx əzan ver!” – demədikcə, əzan verməzdi. Urva ibn Zubeyr, Mucahid, Əbu Malik, Qatədə, Dahhak, İbn Zeyd və digər sələf və xələfləri bu ayələrin İbn Ummu Məktub haqda nazil olduğunu qeyd etmişlər. O, Abdulla adı ilə tanınmışdır. Deyilənə görə Ömər də deyilirdi. Ən doğrusunu Allah bilir.
“Xeyr! Həqiqətən, bu bir öyüddür!” Yəni bu surə və ya istər hörmətli, istərsə də sıradan insan olsun, hər kəsə elmi çatdırmaq barədə eyni gözlə baxmaq bir öyüd-nəsihətdir. Qatədə və Suddi “Xeyr! Həqiqətən, bu bir öyüddür!” – ayəsi haqda deyirlər: “Bu Qurandır”. “İstəyən ondan öyüd alar”. Diləyən hər bir işində Allahı xatırlayar. Söhbət vəhydən getdiyi üçün əvəzliyin ona aid olması ehtimal olunur.
“Əzəmətli səhifələrdə; Yüksək, tərtəmiz!” Bu surə və ya öyüd-nəsihət hər ikisi bir-biri ilə bağlıdır. Hətta, bütün Quran dəyərli, möhtərəm, əzəmətli səhifələrdədir. “Yüksək” dəyərə malik, bütün əksiklikdən, artıqlıqdan və çirkinlikdən “tərtəmizdir”. “Elçilərin əlləri ilə!” İbn Abbas, Mucahid, Dahhak və İbn Zeyd onların mələklər olduğunu söyləyirlər. Vahb ibn Munəbbih demişdir: “Onlar Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun!) səhabələridirlər”. Qatədə isə onların qarelər olduqlarını söyləmişdir. İbn Cureyc İbn Abbasdan belə rəvayət edir ki, ayədəki ( السفرة - “səfəra” – elçilər) sözü qədim Nəbati dilində qarelər deməkdir. İbn Cərir deyir ki, səhih olan bunun mələklər mənasını daşımasıdır. Yəni mələklər Allah təala ilə məxluqatı arasında elçilərdir. Ona görə də insanlar arasında sülh və əmin-amanlığın yaranmasında vasitəçilik edənlərə səfir, elçi deyilir. Şair deyir ki,
Xalqım arasında səfirliyi tərk etmərəm.
Getsəm də hilə işlədərək getmərəm.
Buxari elçilərin (səfirlər) mələklər olduğunu demiş və eyni kökdən gələn səfir sözünün insanlar arasında sülhün yaranmasında vasitəçilik edən olduğunu bildirmişdir. Onun sözlərinə görə, mələklər Allahın təalalanın vəhyini gətirdikləri üçün, bu gəlişləri bir kütlənin arasında sülh yaradn səfirin vəzifəsinə oxşayır. “Çox dəyərli, çox möhtərəmdirlər”. Yəni yüksək əxlaqlı, gözəl və şərəfli, hərəkətləri mükəmməl, təmizdir. Buradan belə qənaət hasil olur ki, Quranı özündə daşıyan kəslərinhərəkətləri və sözləri doğru və möhkəmdir. İmam Əhməd deyir ki, İsmayılın Aişədən (Allah ondan razı olsun!) nəql etdiynə görə, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Quranı məharətlə oxuyan çox dəyərli və çox möhtərəm elçilərlə birgədir. Ona çətin olduğu halda onu (Quranı) oxuyana isə iki savab var”. Hədisi Qatədə yolu ilə Camaat rəvayət etmişlər.

17) Ölsün insan! O necə də nankordur! 18) Onu hansı şeydən yaratdı? 19) Nütfədən yaratdı onu, qədərini təyin etdi. 20) Sonra yolu ona asanlaşdırdı. 21) Sonra onu öldürüb qəbrə qoydu. 22) Sonra istədikdə onu çıxardacaqdır. 23) Xeyr, ona əmr etdiyini yerinə yetirməyib. 24) Bir yeməyinə baxsın insan! 25) Həqiqətən, Biz su endirdik. 26) Sonra yeri yardıq. 27) Və orada dən biritdik. 28) Üzüm və yonca; 29 Zeytun və xurma; 30) Sıx bağçalar; 31) Meyvələr və otlar; 32) Ki, sizə və heyvanlarınıza faydalı olsun!

Allah təala Adəm övladları içərəsində yenidən dirilib həşr olunmağı inkar edənləri qınayaraq buyurur: Ölsün insan! O necə də nankordur!” Dahhak İbn Abbasdan nəql edir ki, Ölsün insan! Yəni ona lənət olsun! Həmçinin, Əbu Malik deyir ki, bu, təkzib edib yalan sayan insan cinsinə oxunan bir lənətdir. O, əsassız, elmsiz və azaq durmaqla elə hey təkzib etdiyi üçün buna layiq görülmüşdür. İbn Cureyc “O necə də nankordur!” barədə deyir ki, yəni onun küfrü necə də şiddətlidir. İbn Cərir deyir: Ola bilsin, ayədəki məqsəd odur ki, “onu kafir edən və qayıdışı inkar etməyə səbəb vadar edən axı nə oldu?” Bunu Bəğəvi Muqatil və Kəlbidən nəql etmişlər. Qatədə deyir ki, “O necə də nankordur!” Yəni necə də lənətlənmişdir. Daha sonra Allah təala insanı dəyərsiz bir şeydən yaratdığını bildirərək, ilk yaratdığı kimi, yenidən diriltməyə qadir olduğunu bəyan etdi. Allah təala buyurur ki, “Onu hansı şeydən yaratdı? Nütfədən yaratdı onu, qədərini təyin etdi”. Əcəlini, ruzisini, əməlini, xoşbəxt və ya bədbəxt olacağını təyin etdi, müəyyənləşdirdi. “Sonra yolu ona asanlaşdırdı”. Övfi İbn Abbasdan belə nəql edir ki, anasının bətnindən çıxmağı ona asanlaşdırdı. İkrimə, Dahhak, Əbu Saleh, Qatədə və Suddi də bu cür qeyd etmişdir. İbn Cərir bu görüşü qəbul etmişdir. Mucahid deyir ki, bu ayə Allahın təalanın “Biz ona yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor!” (əl-İnsan, 3) Yəni biz ona yolu açıqlayıb bəyan etdik, əməlini asanlaşdırdıq. Həsən və İbn Zeyd də bu fikridə olmuşlar. Ən üstün görüş də budur. Ən doğrusunu Allah bilir. “Sonra onu öldürüb qəbrə qoydu”. Onu yaratdıqdan sonra öldürüb qəbrə yerləşdirdi, onu qəbir sahibi etdi.
“Sonra istədikdə onu çıxardacaqdır”. Yəni öldükdən sonra onu yenidən dirildəcək. Buna görə də həmin günə dirilmə və məhşər günü deyilir. Allah təala buyurur ki, “Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir”. (ər-Rum, 20) “İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük!” (əl-Bəqərə, 259) İbn Əbu Hatim deyir ki, Əbu Səid Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Torpaq quyruq yerindən başqa insanın hər yerini yeyər”. Soruşuldu: “O nədir ki, ey Allahın elçisi?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “O, xardal dənəsi kimi bir şeydir. Onunla yenidən dirildilərsiniz”. Bu hədis iki “Səhih” kitabda Əmaşın Əbu Salehdən, onun da Əbu Hureyrədən etdiyi rəvayətdə yer alır. Ancaq sonundakı artıq ləfz yoxdur. Oradakı ləfz isə belədir: “Quyruq yeri istisna olmaqla, Adəm övladının hər yeri çürüyər. Ordan yaradılıb və ordan da birləşdirilər”.
“Xeyr, ona əmr etdiyini yerinə yetirməyib”. İbn Cərir deyir ki, “şanı uca olan Allah buyurur ki, xeyr, məsələ bu kafir insanın dediyi kimi deyil. Guya, o, Allahın onun canında və malında olan haqqını artıq yerinə yetirib. “Xeyr, ona əmr etdiyini yerinə yetirməyib”. O, izzət və cəlal sahibi Rəbbinin ona vacib bildiklərini yerinə yetirməyib”. Daha sonra İbn Cərir və İbn Əbu Hatim İbn Əbu Nəcihin Mucahiddən gətirdiyi nəqli qeyd edərək deyirlər: “Xeyr, ona əmr etdiyini yerinə yetirməyib”. Heç kəs ona fərz qılınan bütün vacibatların hamısını heç vaxt yerinə yetirə bilməz”. Bəğəvi Həsən əl-Basridən buna oxşar rəvayət nəql etmişdir. Bunlardan başqa əvvəlkilərin bu barədə heç bir fikri ilə rastlaşmadım. Mənə də elə gəlir ki, – ən doğrusunu Allah bilir – “Sonra istədikdə onu çıxardacaqdır” yəni, yenidən dirildəcək, “Xeyr, ona əmr etdiyini yerinə yetirməyib” yəni onu nə indi, nə də vaxt tamam olana kimi yeninə yetirməz. Allah təala Adəm övladlarından qədərində bunu yerinə yetirməyəcəyi yazılmış kimsələr dünyaya çıxarılarlar. Allah bunu yaradılış və qədər baxımından əmr etmişdir. Sonra Allah ilk dəfə yaratdığı kimi, məxluqatı yenidən dirildər. İbn Əbu Hatim Vahb ibn Munəbbihdən nəql edərək bildirir ki, Uzeyr əleyhissəlam belə demişdi: “Mənə gələn mələk dedi ki, qəbirlər torpağın bətnidir. Torpaq isə insanların əslidir. Allah yaratmaq istədiyini yaratdıqda və yaratdıqları üçün hazırladığı qəbirlər başa çatdıqda, dünyanın sonu gələr və üstündəkilər ölər. Sonra torpaq bətnindəkiləri bayıra tullayar, qəbirlər içindəkiləri çölə çıxardar. Bu, ayənin mənası ilə bağlı olaraq dediyimizə oxşayır. Şübhəsiz ki, doğrunu ən yaxşı bilən nöqsansız və uca olan Allahdır.
“Bir yeməyinə baxsın insan!” Yemək həm Allahın lütfü, həm də sərt torpağın bitgilərlə canlandırılması kimi, vücudun da toz-torpaq və sür-sümük vəziyyətindən çıxıb yenidən dirilməsinə dəlalət edən əlamətdir. “Həqiqətən, Biz su endirdik”. Yəni göydən yerə endirdik. “Sonra yeri yardıq”. Onu yerin içinə qədər sızdırıb axıtdıq. Torpağa atılan hər toxumun parçalarına qədər suyu daxil etdik. Oradan bitki bitdi, yerin üstündə müəyyən hündürlüyə kimi qalxdı. “Və orada dən biritdik. Üzüm və yonca!”. Dən dedikdə, bütün dənli bitgilər nəzərdə tutulur. Üzüm tanınmış meyvədir, yonca isə heyvanların yedikləri yaş bitgidir. İbn Abbas, Qatədə, Dahhak və Suddi ərəb dilində yoncaya Qat da deyildiyini söyləmişlər. Həsən əl-Basri bunun heyvanların yedikləri quru yoncalar olduğunu söyləmişdir. “Zeytun və xurma!” Zeytun tanınmış qida məhsuludur. Ondan ağartıda və yağ hazırlanmada istifadə olunur. Xurma isə quru və yaş olaraq yeyilir. Təzə və bişmiş şəkildə də yeyilər. Suyu sıxılaraq sirkə hazırlanar. “Sıx baxçalar”, bostanlar. Həsən və Qatədə deyir ki, bunlar qiymətli və böyük xurma ağaclarıdır. İbn Abbas və Mucahid isə deyirlər ki, bu, sarmaşan xurma axaclarıdır, dəydikdən sonra toplanılır. Həmçinin İbn Abbas əlavə olaraq deyir ki, sıx xurma ağaclarıdır ki, kölgəsində kölgələnərlər. Əli ibn Əbu Talha İbn Abbasdan rəvayət edir ki, “Sıx baxçalar” hündür ağaclarla dolu baxçalardır. İkrimə isə gövdələri qalın ağaclar olduğunu söyləmişdir. Başqa bir rəvayətdə isə “boynu qalın ağaclar” – deyə qeyd olunur.
Daha sonra Allah təala buyurur: “Meyvələr və otlar” Meyvə şirinliyi olan və yeyilən bitki növüdür. İbn Abbas deyir ki, meyvə mənasına gələn “fakihə” sözü yaş olaraq yeyilən qıda məhsuludur. Ayədəki ot mənasına gələn söz isə yerdə bitən insanların yeməyib, sadəcə heyvanlar tərəfindən qida kimi istifadə olunan bitkidir. İbn Abbasdan nəql olunan digər bir rəvayətdə deyilir ki, bu, heyvanların yedikləri otdur.
Mucahid, Səid ibn Cubeyr və Əbu Malik bu sözün ot olduğunu bildirmişlər. Mucahid, Həsən, Qatədə və İbn Zeyd deyirlər ki, insanlar tərəfindən meyvə yeyildiyi kimi, heyvanlar tərəfindən də ot yeyilir. Atə isə deyir ki, bu, yerdən bitən bütün bitkilərdir. Dahhakın sözlərinə görə, meyvədən başqa yerdə bitən bütün bitkilər otdur.
İbn İdris İbn Abbasdan nəql edir ki, ot yerdə bitən və heyvanlar tərəfindən yeyilən bitkidir. Insanlar onu yeməzlər. Bunu İbn Cərir İbn İdris üç yolla İbn İdrisdən rəvayət etmişdir. Əbu Kureyb və Əbu Saib deyirlər ki, İbn İdris bizə Səid ibn Cubeyrdən belə nəql edirlər: İbn Abbas bir-bir saydı və dedi: Ot isə heyvanların istifadəsi üçün yerdə bitən bitkidir. Bu, Əbu Kureybin hədisinin ləfzidir. Əbu Saib isə deyir ki, yerdə bitən, heyvanlar və insanlar tərəfindən yeyilən bitkidir. Övfi İbn Abbasdan nəql edərək bildirir ki, bu söz ot və otlaq mənasını verir. Mucahid, Həsən, Qatədə, İbn Zeyd və başqaları bu görüşdə olmuşlar. Əbu Ubeydulqasim ibn Səlam deyir ki, bizə Məhəmməd ibn Yezid İbrahim Teymidən nəql edir ki, Əbu Bəkr əs-Siddiqdən (Allah ondan razı olsun!) Allah təalanın “Meyvələr və otlar” – ayəsi haqda soruşulduqda, belə cavab vermişdi: “Mən Allahın kitabında bilmədiyim bir şeyi desəm, hansı göy məni kölgələndirər, hansı göy məni üstündə gəzdirər?” Bu, İbrahim Teymi ilə Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) kəsiklik var. İbn Cəririn rəvayətinə gəlincə, o, Ənəsin belə dediyini rəvayət edir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsini oxudu və “Meyvələr və otlar” – ayəsinə çatdıqda, dedi: “Meyvənin nə olduğunu bildik. Bəs burdakı ot nə deməkdi?” Ənəs dedi: “Ey Xəttabın oğlu, bu bir yükdür”. Bu, səhih isnaddır. Bunu Ənəsdən bir çoxları rəvayət etmişdir. Çox ehtimal ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) otun şəklini və sortunu bilmək istəyirdi. Əlbətdə ki, bu ayəni oxuyan hər kəs ayənin gedişindən onun yerdə bitən bitki olduğunu bilir. Çünki Allah təala surədə buyurur ki, “Orada dən biritdik. Üzüm və yonca; Zeytun və xurma; Sıx bağçalar; Meyvələr və otlar”. O biri ayədə isə Allah təala buyurdu: “Ki, sizə və heyvanlarınıza faydalı olsun!” Yəni bu dünyada həm siz, həm də heyvanlarınız Qiyamətə qədər bunlardan istifadə edərsiniz.

33) Saxxə (Qiyamətin adlarından biridir) gəldiyi zaman; 34) O gün insan öz qardaşından qaçacaq; 35) Anasından, atasından; 36) Zövcəsindən və oğullarından! 37) O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır. 38) O gün bəzi üzlər parlayacaq, 39) Güləcək, sevinəcəkdir. 40) O gün bəzi üzlərə isə toz-torpaq qonacaq, 41) Üzərilərinə qaranlıq çökəcək. 42) Onlar pozğun kafirlərdir.

İbn Abbas deyir ki, Saxxə Allah təalanın böyüklüyünü Öz qullarına xəbərdar edib qorxutduğu Qiyamətin adlarından biridir. İbn Cərir deyir ki, bəlkə də o, sura üfürülmənin başqa bir adıdır. Bəğəvi isə demişdir: Saxxə Qiyamət günü vahiməli bir səsdir. Səsi o qədər dəhşətli olacaq ki, onu eşidən qulaqlar az qala kar olacaq. “O gün insan öz qardaşından qaçacaq; Anasından, atasından; Zövcəsindən və oğullarından!” Onları görəcək, ancaq yanlarından qaçacaq, uzaqlaşacaq. Çünki qarşılaşdığı vahimə və dəhşət çox böyük olacaq. İkrimə deyir ki, insan öz zövcəsi ilə qarşılaşdıqda ona belə deyəcək: “Sənə necə ərlik etdim?” Qadın isə “Necə də gözəl ər oldun!” – deyər və bacardıqca yaxşılıqlarını bir-bir xatırlayar. Sonra ər öz zövcəsinə belə deyər: “Gördüyün vəziyyətimdən xilas ola bilməyim üçün bü gün səndən mənə bir yaxşılıq etməyini istəyirəm”. Qadın isə cavab verər: “Necə də asan bir şey istyirsən, ancaq sənə bir şey verə biləcək vəziyyətdə deyiləm. Çünki sənin qorxduğun şeydən, mən də qorxuram”. Daha sonra Ikrimə sözünə davam edərək bildirir ki, insan öz oğluna yetişərək ona deyəcək: “Oğlum, mən sənə necə atalıq etdim?” Övladı atasını xeyirxahlıqları ilə yada salar. Bu zaman atası övladına deyər: “Ey oğlum, mən sənin zərrə qədər yaxşılığına möhtacam. Ola bilsin, bununla sənin gördüyün dəhşətdən xilas ola bildim”. Lakin övladı belə deyər: “Atacan, istədiyin şey necə də asandır, ancaq sənin qorxduğin şeydən mən də qorxuram. Ona görə də sənə heç nə verə bilmərəm”. Allah təala buyurur ki, “O gün insan öz qardaşından qaçacaq; Anasından, atasından; Zövcəsindən və oğullarından!”Səhih hədisdə şəfaət haqda bildirilir ki, əzm sahibi olan peyğəmbərlərdən məxluqatın şəfaəti istənildikdə, onlar deyəcəklkər: “Öz canım! Öz canım! Bu gün özümdən başqa sənin üçün heç nə istəyə bilmərəm”. Hətta Məryəm oğlu İsa deyər ki, özümdən başqa heç nə istəyə bilmərəm. Mənə dünyaya gətirən Məryəm üçün də Ondan heç nə istəyə bilmərəm. Ona görə də Allah təala buyurur ki, “O gün insan öz qardaşından qaçacaq; Anasından, atasından; Zövcəsindən və oğullarından!” Qatədə deyir ki, “o günün dəhşətindən sevgili sevgilisindən, yaxın yaxınından uzaq duracaq”.
“O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Yəni o gün başqasını fikirləşməyəcək qədər hərənin başı qarşıq olacaq. İbn əbu Hatimin İbn Abbasdan (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisə görə, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Siz çılpaq, ayaqyalın, piyada və sünnətsiz həşr olunacaqsınız”. Zövcəsi soruşdu: “Ey Allahın elçisi, biz bir-birimizin övrət yerinimi görəcəyik?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Rəvayətdə bildirilir ki, ola bilsin, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə demişdi: “Onu baxmağa imkanı olmayacaq qədər işi olacaq”.
Nəsai munfərid olaraq bu hədisi Abdulla ibn Abbasdan nəql etmişdir. Tirmizi isə Abd ibn Humeyd yolu ilə İkrimidən, o isə İbn Abbasdan Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Siz ayaqyalın, çılpaq və sünnətsiz həşr olunacaqsınız”. Bir qadın: “Biz bir-birimizə baxıb övrət yerlərimizi görəcəyik?” – dedikdə, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Ey fılankəs, o gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Tirmizi bunun həsən-səhih hədis olduğunu söyləmişdir. Hədis başqa isnadlarla da İbn Abbasdan (Allah ondan və atasından razı olsun!) rəvayət olunmuşdur. Nəsai Aişədən (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “İnsanlar Qiyamət günü ayaqyalın, çılpaq və sünnətsiz olaraq dirilidiləcəklər”. Bu zaman Aişə (Allah ondan razı olsun!) dedi: “Ey Allahın elçisi, bəs övrət yerləri necə?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) cavab verdi: “O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Bu, Nəsainin munfərid rəvayətidir. İbn Əbu Hatim Ənəs ibn Malikdən rəvayət edir ki, Aişə (Allah ondan razı olsun!) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) belə soruşdu: “Ey Allahın elçisi, anam, atam sənə fəda olsun! Mən səndən bir şey haqda soruşacam. Mənə cavab verə bilərsən?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Əgər bildiyim şeydirsə…” Aişə (Allah ondna razı olsun!) dedi: “Ey Allahın peyğəmbəri, kişilər necə dirildiləcəklər?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) cavab verdi: “Ayaqyalın, çılpaq!” Aişə bir az gözlədi və yenidən soruşdu: “Bəs qadınlar necə dirildiləcəklər?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) “Onlar da elə!” Aişə dedi: “Vay, Qiyamət gününün dəhşəti!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Sən nə barədə soruşursan? Allah təala mənə ayə nazil etdi ki, sən də paltar olsa da, olmasa da, sənə zərər verməyəcək”.
Aişə (Allah ondna razı olsun!) soruşdu: “O hansı ayədi, ey Allahın peyğəmbəri?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Bəğəvi öz təfsirində Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) zövcəsi Sövdadan nəql edərək bildirir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “İnsanlar ayaqyalın, çılpaq və sünnətsiz dirildiləcəklər. Onları tər basacaq və htaa qulaqlarına kimi axacaq”. Bu zaman Sövdə dedi: “Vay! Bir-birimizə baxacağıq, ey Allahın elçisi?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) cavab verdi: “İnsanların başı qarışıq olacaq. O gün onlardan hər birinin özünə yetəcək qədər işi olacaqdır”. Bu hədis bu isnadla olduqca qərib hədisdir. Eyni zamanda bu hədisi İbn Cərir Əbu Ammar əl-Hüseyn ibn Həris əl-Mərvazi yolu ilə Fəzl ibn Musadan nəql etmişdir. Lakin Əbu Hatim ər-Razi Aiz ibn Şureyh bu hədisin zəif, orada zəif ünsürün olduğunu söyləmişdir.
Daha sonra Allah təala buyurur ki, “O gün bəzi üzlər parlayacaq. Güləcək, sevinəcəkdir”. Yəni insanlar iki bölümə bölünəcəklər: Parıldayan, nurlu – Güləcək, sevinəcəkdir. Yəni sevincli olacaq, qəlblərində fərəh hissi yaşayacaq. Bu sevinc onların üzlərində təzahür edəcək. Məhz onlar Cənnət əhlidirlər.
“O gün bəzi üzlərə isə toz-torpaq qonacaq, üzərilərinə qaranlıq çökəcək”. Onlar qaranlığa qərq olmuş üzlərdir ki, zülmət onların üzlərini bürüyər. İbn Əbu Hatim Cəfər ibn Məhəmməddən nəql edir ki, ona atası, atasına da babası Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “O gün kafir tərə batar. Sonra da üzü toza batar”. Bu, Allah təalanın “O gün bəzi üzlərə isə toz-torpaq qonacaq” – ayəsinin mənasıdır. İbn Abbas “Üzərilərinə qaranlıq çökəcək” – ayəsi haqda deyir: Yəni üzü qaranlıqla örtüləcəkdir. Allah taəlanın “Onlar pozğun kafirlərdir” – ayəsinə gəlincə, yəni qəlblərində küfr, əməllərində pozğunluq, günah var. Başqa bir ayədə Allah təala bu haqda buyurur ki, “Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun, kafir (oğul-uşaq) doğub-törədəcəklər”. (Nuh, 27)
“Əbəsə” surəsinin təfsiri başa çatdı. Həmd və səna yalnız Allaha məxsusdur.

Категория: Dini | Добавил: ilka1 (26.03.2009)
Просмотров: 499 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]