“Mayın 3-də polisə müqavimət adı ilə tutulan qardaşlarımızdan heç bir xəbər yoxdur. Onların harada saxlanıldığını belə bilmirik”. Bunu “Media forum” saytına “Nərimanov rayon dindarları” Dini İcmasının rəhbəri Qamət Süleyman deyib.
Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhərində əməliyyat keçirərkən “Nərimanov rayon dindarları” Dini İcmasının 10 üzvünü saxlayıb. Abşeron Rayon Məhkəməsi dindarlardan 6-nı 10 gün, 4-nü isə 7 gün müddətinə həbs cəzasına məhkum edib. Q.Süleymanın sözlərinə görə, hadisə icma üzvlərinin birinin evində baş verib: “Qardaşlarımızdan birinin oğul övladı dünyaya gəlib. Bu münasibətlə qoyun qurbanı kəsib və qonaq dəvət edib. Həmin məclisə mən də dəvət edilmişdim, amma səfərdən təzə gəldiyimə, çox yorulduğuma görə məclisə gedə bilmədim. Sonra xəbər gəldi ki, həmin məclisdə olanların, elə ev sahibi ilə bərabər 10 nəfəri həbs ediblər. İnanmıram ki, onlar polisə müqavimət göstərsinlər”.
İcma rəhbərinin bildirdiyinə görə, həbs edilənlərdən ikisi Mədinədə təhsil alıb: “İndiyə qədər belə hallara daha çox paytaxtdan kənarda, regionlarda rast gəlinirdi. Artıq bu fakt göstərir ki, saqqal saxlayan dindarların həbs edilməsi ənənəsinə Bakıda, onun ətrafında tez-tez rast gəlinəcək”.
Q.Süleyman həbs olunanlardan 5-6 nəfərin saqqal saxladığını da deyib: “Onlara təzyiq olunub-olunmaması saxlanılan şəxslərin azadlığa buraxılmasından sonra məlum olacaq. Görək onların üzləri qırxılıb, ya yox”.
İcma rəhbəri hesab edir ki, həm mətbuatda, həm də cəmiyyətdə saqqal saxlayan bütün din adamlarının “vəhabi” adlandırılmasının iki səbəbi ola bilər: “Bunlardan birincisi bu barədə məlumat yayan insanların dini savadlarının aşağı olmasi ilə bağlıdır. İkinci səbəb bəzilərinin qərəzli şəkildə belə xəbər yaymasıdır. Biz vəhabi deyilik, bu təriqətlə heç bir əlaqəmiz yoxdur. Dövlətimizi, xalqımızı sevir, ona hər mənada hörmətlə yanaşırıq”.
Q.Süleyman icma üzvlərinin tez-tez saxlanılması ilə bağlı dəfələrlə hüquq müdafiəçilərinə, hüquq mühafizə orqanları rəhbərlərinə müraciət etdiklərini deyib: “Lakin indiyə qədər heç bir əhəmiyyəti olmayıb, yenə də saqqallı görən kimi onu polisə müqavimət adı altında həbs edirlər. Hərdən həmin adamların valideynləri, yaxınları bu məsələni şişirtməkdən də ehtiyatlanırlar”.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Q.Süleymanın sözlərini əsassız hesab edir. O, qeyd edib ki, dəfələrlə dini icma üzvlərinin saxlanılması faktları ilə bağlı ona müraciət olunub, o da bunu araşdırıb, onların saxlanma yerlərində olub: “Din azaddır. Ölkəmiz də müsəlman ölkəsidir. Düzdür, dəfələrə belə hallar baş verib, hüquq mühafizə orqanı əməkdaşları dindarların saqqallarını qırxıb. Onu da etiraf etmək lazımdır ki, Azərbaycanda vəhabilərə yaxşı baxmırlar. Mən də belə qatı radikal dini qruplaşmalara qarşıyam. Amma bu o demək deyil ki, hər küçəyə çıxan saqqallı adamı tutub təhqir edəsən. Bunun əleyhinəyəm”.
E.Behbudov dəfələrə hüquq mühafizə orqanları rəhbərləri qarşısında dini icma üzvlərinə olan münasibətlə bağlı məsələ qaldırıb: “Əgər kimsə cinayət törədibsə, bunun cəzasını çəkməlidir. Amma hətta vəhabi təriqətindəndirsə, buna görə onu həbs eləmək insan azadlığının məhdudlaşdırılması deməkdir. Heç kəsin dini baxışlarını əlindən almaq olmaz. Biz demokratik dövlət qururuqsa, onun qanunları da demokratik olmalıdır və ona əməl edilməlidir. Əlbəttə ki, belə faktlar xoşagəlməzdir”.