Hz.Əlinin nəvəsi Övninin Əhmədi Necada məktubu.
İran prezidenti Əhmədi Necadın iyun ayının 10-da İran televiziyasının 3-cü kanalındakı çıxışında sözügedən səhabələr haqqında işlətdiyi ifadələri seçkilərdə qalib gəlməsinin rəsmi şəkildə elan edilməsindən sonra və “əl-Cəzirə” də daxil olmaqla bir çox telekanal tərəfindən birbaşa yayımlanan çıxışında da təkrarlaması etirazlara səbəb olub.
Xatırladaq ki, İran prezidenti Hz. Təlhə və Hz.Zübeyrin əvvəllər İslam üçün yaxşı işlər gördüyünü, ancaq daha sonra ədalətdən ayrıldıqlarını və əldə etdikləri məziyyətləri itirdiklərini ifadə etmişdi.
Bu hadisədən sonra Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü Hz.Həsənin nəslindən gələn Hatim ibn Arif əl-Övni İran prezidentinə açıq məktub ünvanlayıb.
Sünni nöqteyi-nəzərə görə, Əhmədi Necadın İslamın tanınmış iki şəxsiyyətini tənqid edərək, yüzminlərlə sünnini incitdiyini bildirən professor əl-Övni İran prezidentindən məzhəbçilik fitnəsini alovlandıra biləcək bu cür fikirlərdən uzaq durmasını və sünnilərdən üzr istəməsini tələb edib.
Professor Hatim ibn Arif əl-Övninin Əhmədi Necada ünvanladığı açıq məktub
Zati-aliləri, İran İslam Respublikasının prezidenti cənab Mahmud Əhmədi Necada – Allah təala sizi işlərinizdə müvəffəq eləsin!
Allahın salamı, lütfü və bərəkəti üzərinizə olsun!
İslam tarixinin iki gözəl şəxsiyyətini təhqir etdiyiniz birinci və ikinci çıxışınızı İslam dünyası dinləyib. Bu iki şəxsiyyət mötəbər səhabələr Təlhə ibn Übeydullah və Zübeyr ibn Əvvamdır (Allah onların hər ikisindən razı olsun!). Onlar (ən azından) Əhlü-Sünnənin nəzərində İslam ümmətinin rəhbərlərindən hesab olunmaqla yanaşı, (hələ sağlıqlarında ikən) cənnətlə müjdələnən on səhabədəndirlər (əşəreyi-mübəşşərə). Zati-aliləri, siz ikinci çıxışınızda Peyğəmbərin (s) zamanında onların İslama böyük xidmətləri olduğunu söylədiniz. Ancaq çox təəssüf ki, sonradan səsləndirdiyiniz fikirlərlə - Cəməl müharibəsində baş verənlərdən dolayı onların əhdlərinə xilaf çıxdığını deyərək, bu tərifi heçə endirdiniz. Bu səbəbdən onların etdikləri cihad və Allahın rəsulu (s) ilə birlikdə yürüdükləri yolda qazandıqları üstünlüklərini itirdiklərini söylədiniz.
Görüşünüzü dəstəkləyən – Əhli-Sünnəyə görə - uydurulmuş və (həqiqəti qətiyyən əks etdirməyən) tarixi və qopuq rəvayətlər, tarixdə baş verən hadisələrin yanlış şərh edilməsi məsələsi, Əhli-Şiənin din adamlarının tarix və din kitablarının bu mövzuya dair kitablar qələmə aldığı zaman yenə Əhli-Sünnə alimlərinin nəzdində ifrat dərəcəsinə çatan həddini aşmış bir üslub, bütün bunlar və Sünnə əhlinin mövzu ilə bağlı uzun mübahisələri bir yana dursun, sünnilərə görə, İslamın ən böyük “simvol şəxsiyyətləri”ndən olan bu iki şəxsi təhqir edərək, bir milyard sünni müsəlmanı təhqir etmək bir prezident kimi sizdən gözlənilən bir davranış deyildi. Prezident olan bir şəxsə bu cür davranmaq yaraşmaz. Çünki o, bu cür davranışı ilə heç nəyə nail ola biməz., əksinə itirər. (Sizin kimi bir şəxsin bu cür hərəkətləri) regionda yanan məzhəbpərəstlik atəşini daha da alovlandırar və onu əvvəllər görünməmiş yeni həddə çatdırar. Əvvəllər bu məzhəbpərəstliyə bəzi din adamları liderlik edirdilər. Sizin bu sözlərinizdən sonra isə onların sırasına siyasətçilər və hətta sizin kimi bir prezident belə öndərlik etmiş oldu.
Özümü burada uca millətinizin mənsublarının böyük bir əksəriyyətinin sizinlə həmfikir olduqları, müsəlmanların böyük əksəriyyətini təşkil edən Əhli-Sünnənin isə sizinlə həmfikir olmadığı mövzu ətrafında sizinlə mübahisə etmək səlahiyyətində hiss etmirəm. Ancaq zati-alilərinizdən gözlənilən yeganə şey bu təhqirə görə, sizin İslam dünyasından üzr istəməyinizdir. Şəxsi qənaətlər yüzminlərlə müsəlmanın duyğularını incitməyi zəruri etməz. Allah təala daha böyük bir fitnə-fəsada yol açmaması üçün bizi müşrikləri sitayiş etdiyi bütlərə söyməkdən belə çəkindirmişdir. Belə olan təqdirdə Allah təalanın bizi Peyğəmbərin (s) səhabələrinə (Allah onların hamısından razı olsun!) eyni səbəbdən dolayı söyməyi qadağan etməsi daha çox ehtimal olunandır. Çünki onların söyülməsi bölgədəki məzhəbçilik atəşini daha alovlandıracaq və bir milyard müsəlmanın heysiyyatına toxunacaqdır.
Bu məktub mənim sizə ünvanladığım xüsusi bir məktub olsa da üzr tələbi, əslində zati-alilərinizin bu cürətkarlığı ilə incinən dünyadakı yüzminlərlə sünninin tələbidir. Əhli-Sünnənin bu ümumi tələbindən əlavə mənim sizdən şəxsi bir istəyim də vardır: bu, eyni zamanda mənim kimi, Peyğəmbərin (s) Əhli-beytindən inananların da tələbidir. Çünki mən zati-alilərinizin bu iki simvol şəxsiyyəti təhqir etmənizdən çox əzab çəkdim. İnanıram ki, babam Əmirəlmöminin Əli ibn əbu Talib həyatda olsaydı, bu iki şəxsiyyətə olan sevgisinin böyüklüyünə, onların dinlərinə zərər verməyən və cihadlarını boşa çıxarmayan hadisələrin iç üzünü bildiyinə, eləcə də onların dinin əsaslarının möhkəmləndirilməsi və İslamın zəfər çalması üçün böyük cəhdlərinə şahid olduğuna görə, məndən daha çox əzab çəkərdi. Zati-alilərinizin – ehtimal daxilində də olsa - babam Hz.Həsən və Hz.Hüseynin atası - Əli ibn əbu Talib (Allah onlardan razı olsun!) və onun soyundan gələn onminlərlə sünniyə necə olur əziyyət verdiyinizi təsəvvür edə bilmirəm.
Zati-aliləri, cənab prezident! Kaş uca millətinizi tarixdə qalan keçmiş böhranları aşaraq, dövrümüzə daşınan tarixi yanlışlıqları və kini ortadan qaldıracaq, məntiqi bir çıxış yoluna istiqamətləndirsəydiniz. Ancaq son sözləriniz bunun tam əksini göstərir. Görəsən, bir az ayaq saxlayıb bunu nəzərdən keçirə bilməzsinizmi?
Allah zati-alilərinizi ölkəsinin və xalqının yararına olan işlərdə müvəffəq etsin! İslam dünyasının digər liderləri ilə birlikdə birlik və həmrəyliyi təmin etmək, eləcə də İslam və müsəlmanlara dəstək vermək xüsusunda sizə kömək olsun!
Allahın salamı, lütfü və bərəkəti üzərinizə olsun!
Professor əş-Şərif Hatim ibn Arif əl-Övni (Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü)
Tərcümə etdi: Anar Rüstəmov
/AzeriMuslims/