Alahın Rəsulu Hz. Muhəmməd
(Allahın salamı və salavatı Ona və ailəsinə olsun) ölüm yatağındaykən çoxlu zikr edərdi. Ölüm ayağında belə sünnəyə əməl edərdi. Hətta bir dəfə xanımı Hz.Aişəyə (Allah ondan razıı olsun) əli ilə işarə edərək misvak istədi. Aişə misvakı Ona uzatdı. Allah Rəsulu misvakla dişini təmizləyərək : " Əgər ümmətimə ağır olmasaydı,misvakı vacib edərdim" dedi Əli ibn Əbu Talib(Allah ondan razı olsun) ölüm ayağında övladlarını yanına çağıraraq onlara ALlahdan qorxmağı,ədalətli olmağı tövsiyyə etdi. Ölüm yatağında ağlayaraq :" Ya Rəbbim! Mən Cəhənnəmə düşsəm oradakı əzabdan çox,Səni görməməzliə dözə bilmərəm. Əgər sən mənə rəhm etməsən məni heç kim xilas edə bilməz" dedi
Əbu Hureyrə(Allah ondan razı olsun) ölüm ayağında olarkən ağlayır. Soruşurlar ki, səni ağladan nədir?
O deyir: "Ərzaqımın azlığı və şiddətli qorxu. Mən indi bilmirəm yolum hara gedir. Cənnətə düşəcəm yoxsa cəhənnəmə?!" Sonra belə deyir: "Allahım, səninlə görüşməyi sevirəm, sən də mənimlə görüşməyi sev."
Müaz bin Cəbəl (Allah ondan razı olsun) dünyadan köçərkən Yəzid bin Ümeyrə onun başı üzərində durub ağlayır. Müaz bin Cəbəl ona baxıb soruşur: "Nə üçün ağlayırsan?" Yəzid deyir: Allaha and olsun ki, səndən olan dünya qazancım üçün ağlamıram. Lakin sənin ölməyinlə itirəcəyim elm üçün ağlayıram." Müaz deyir: "Elm olduğu kimi yerində qalır. Məndən sonra dörd nəfərdən elm tələb et. Abdullah bin Məsuddan, Abdullah bin Salamdan, Əbu Dərda Uveymirdən bir də Salman əl-Farisidən." Müaz vəfat edir Yəzid isə Kufəyə gedir. Orada Abdullah bin Məsudun məclisinə gedir. Abdullah bin Məsud deyir: "Həqiqətən Müaz Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi."
Salman əl-Farsi (Allah ondan razı olsun) ölüm ayağında olarkən ağlayır. Ətrafındakılar ondan soruşur : "Nıyə ağlayırsan? Məgər Peyğəmbər səndən razı qalaraq dünyadan köçmədimi?". O deyir: "Allaha and olsun ki, ölməyimə görə ağlamıram. Lakin Allah Rəsulu (Allahın ona salamı və salavatı olsun) bizimlə əhd bağlayıb demişdir: “Dünyadan köçərkən elə edin ki, orada qalan malınız müsafirin səfərə götürdüyü azuqə qədər olsun.” Bu isə mənim ətrafımda qalan mallarımdır. (demək istəyir ki, mən bu əhdi yerinə yetirə bilmədim). O öləndən sonra onun evinə baxıb görürlər ki, orada bir ədəd uzunqulaq palanı, bir ədəd nazik palaz və bəzi əşyalar qalıb. Onların hamısı iyirmi dirhəm edərdi. O bunlara görə ağlayırdı.
Vasilə ibn əl-Asqə ölüm ayağında qızının əlindən tutub ona ancaq səbirli olmağı tövsiyyə edir. Barmaqlarını bir-bir tutaraq, “səbirli ol qızım” deyərdi.
Abdullah ibn Ömərə (Allah ondan razı olsun) ölüm gələrkən belə deyir: "Mən qureyşdən olan bir nəfərə söz vermişdim ki, qızımı sənə ərə verəcəm. Mən istəmirəm Allahın qarşısına münafiqə xas olan əlamətlə çıxım. Çünki vəd verib, xilaf çıxmaq nifaq əlamətidir. Mən sizləri şahid tutaraq deyirəm: "Qızımı həmin adama ərə verdim."
Müaviyə ibn Əbu Sufyanın (Allah ondan razı olsun) vəziyyəti ağırlaşarkən üzünü torpağa qoyub, ağlayaraq deyərdi: “Allahım, sən öz kitabında buyurmusan ki,- "Həqiqətən Allah ona şərik qoşanı bağışlamaz, ondan başqasını isə istədiyi kəsə bağışlayar..." – Allahım, məni o bağışlamaq istədiyin kəslərdən et.”