RƏHMLİ, MƏRHƏMƏTLİ ALLAHIN ADI İLƏ!
Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) "Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!" ayəsi haqda belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Mənəm qorxub çəkinməyə layiq olan. Kim məndən qorxar və mənimlə yanaşı başqa bir məbud qəbul etməzsə, onu bağışlamağa layiq olan da mən olaram”.
Yenə də Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Mən şəriklərin ən xeyirlisiyəm. Kim mənim üçün bir iş görər və məndən qeyrisini ona şərik edərsə, ondan uzaq duraram. O, şərik qoşduğuna aiddir”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Qiyamət günü ilk mühakimə olunan insan şəhid kimi tanınan insan olacaqdır. Onu Allahın hüzuruna gətirəcəklər. Allah ona Öz nemətlərini yada salacaq və o bunları xatırlayacaqdır. Sonra Allah:
– Sən bu nemətlərin qarşılığında nə etdin? – deyə soruşacaqdır. O da:
– Şəhid olana kimi Sənin uğrunda döyüşdüm, – deyə cavab verəcəkdir. Allah:
– Yalan deyirsən. Sənə qoçaq deyilsin deyə vuruşmusan və bu deyilibdi də.
Sonra onun üzü üstə götürülüb Cəhənnəmə atılması əmr olunacaq. Bundan sonra elm öyrənib və öyrədən, Quran oxuyan birisini Allahın hüzuruna gətirəcəklər. Allah ona da Öz nemətlərini yada salacaq və o bunları xatırlayacaqdır. Sonra Allah:
– Sən bu nemətlərin qarşılığında nə etdin? – deyə soruşacaqdır. O da:
– Elm öyrənib öyrətmişəm, sənin rizanı qazanmaq üçün Quran oxumuşam, – deyəcəkdir. Allah:
– Yalan deyirsən. Sənə alim deyilsin deyə elm öyrənmisən, sənə qari (Quran oxuyan) deyilsin deyə Quran oxumusan və bu deyilibdi də.
Sonra onun da üzü üstə götürülüb Cəhənnəmə atılması əmr olunacaq. Bundan sonra Allahın çoxlu mal-mülk verdiyi və zənginliyin bütün növündən bəxş etdiyi birini gətirəcəklər. Allah ona da Öz nemətlərini yada salacaq və o da bunları xatırlayacaqdır. Sonra Allah:
– Sən bu nemətlərin qarşılığında nə etdin? – deyə soruşacaqdır. O da:
– Sənin sevdiyin elə bir yol olmadı ki, mən o yolda Sənin rizanı qazanmaq üçün var-dövlətimi xərcləməyim, – deyə cavab verəcəkdir. Bu zaman Allah:
– Yalan deyirsən. Sənə səxavətli deyilsin deyə bunu etmisən və bu deyilibdi də.
Sonra onun da üzü üstə götürülüb Cəhənnəmə atılması əmr olunacaq”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Qiyamət günü uca və böyük Allah qullarını mühakimə etmək üçün endiyi zaman onlar diz çökmüş vəziyyətdə olacaqlar. Allahın hüzuruna çağırdığı ilk insanlar Quranı əzbərləyən, Allah yolunda döyüşərkən həlak olan və zəngin insanlar olacaqdır. Allah qariyə (Quran oxuyan) deyəcəkdir:
– Məgər mən Rəsuluma nazil etdiyimi sənə öyrətmədimmi?
O da:
– Əlbəttə öyrətdin, ya Rəbb, – deyə cavab verəcəkdir. Onda Allah:
– Bəs sənə öyrədilənin qarşılığında hansı əməlin sahibi oldun? – deyə soruşacaqdır. Qul da:
– Mən gecəmi, gündüzümü ona (Qurana) həsr etdim, – deyəcəkdir. Bu zaman Allah:
– Yalan deyirsən, – deyəcək və mələklər də: “Yalan deyirsən” – deyə dillənəcəklər. Allah ona deyəcəkdir:
– Xeyr, sən haqqında “Filankəs yaxşı qaridir” deyilsin deyə belə etmisən və bu sənin haqqında deyilibdi də.
Sonra mal-mülk sahibi olan insan Tanrının hüzuruna gətiriləcəkdir. Allah ondan:
– Mən sənə heç kəsə möhtac olmayacaq dərəcədə zənginlik bəxş etmədimmi? – deyə soruşacaqdır, o da:
– Bəli, etdin, ya Rəbb, – deyə cavab verəcəkdir. Onda Allah:
– Bəs sənə verdiyimin qarşılığında hansı əməlin sahibi oldun? – deyə soruşacaqdır. Qul da:
– Qohumlarıma kömək etmişəm, zəkat vermişəm, – deyə cavab verəcəkdir. Bu zaman Allah:
– Yalan deyirsən, – deyəcək və mələklər də: “Yalan deyirsən” – deyə dillənəcəklər. Allah ona deyəcəkdir:
– Xeyr, sən haqqında “Filankəs comərd, əliaçıq insandır” deyilsin deyə belə etmisən və bu sənin haqqında deyilibdi də.
Sonra Allah yolunda həlak olmuş insan Tanrının hüzuruna gətiriləcəkdir. Allah ondan:
– Nə üçün həlak olmusan? – deyə soruşacaqdır, o da:
– Mənə Sənin yolunda cihad etmək əmr olunmuşdu. Döyüşdüm və həlak oldum, – deyə cavab verəcəkdir. Bu zaman Allah:
– Yalan deyirsən, – deyəcək və mələklər də: “Yalan deyirsən” – deyə dillənəcəklər. Allah ona deyəcəkdir:
– Xeyr, sən haqqında “Filankəs qoçaq, igid adamdır” deyilsin deyə döyüşə girmisən və bu sənin haqqında deyilibdi də”.
Əbu Hüreyrə: “Rəsulallah (s) çiynimə vurub dedi: “Ay Əbu Hüreyrə, bax o üçlük qiyamət günü Cəhənnəmin qalanacağı ilk insanlar olacaqdır”.
Mahmud ibn Ləbiddən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Həqiqətən, sizin üçün ən çox qorx¬du¬ğum şey kiçik şirkdir”. Bu zaman səhabələr:
– Ya Rəsulallah, kiçik şirk hansıdır? – deyə soruşmuş, o da belə cavab vermişdir:
– Riyakarlıqdır. Uca və böyük Allah insanların əməllərinə görə soruşulduqları gün [riyakarlara] deyəcəkdir: “Dünyada əməllərinizlə qarşısında riyakarlıq etdiyniz insanların yanına gedin, baxın, görün, onlarda [buna qarşılıq] nəsə bir mükafat tapa biləcəksinizmi?!”
Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Sənin ümmətin “Niyə belədir, niyə belədir?” deməkdə davam edir, hətta “Məxluqatı yaradan Allahdır, bəs onda Allahı yaradan kimdir?” – deyə sual da verir”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Adəm övladı məni təkzib etdi, halbuki onun buna haqqı yox idi, məni təhqir etdi, yenə də onun buna haqqı yox idi. Onun məni təkzib etməsi “Başlanğıcım Ondan olduğu kimi qayıdışım Ona olmayacaq”, təhqir etməsi isə “Allah Özü üçün övlad götürmüşdür” – deməsidir. Halbuki, mən (heç kəsə və heç nəyə) möhtac deyiləm! Nə doğmuş, nə də doğulmuşam və mənim heç bir tayım, bərabərim də yoxdur”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Adəm övladı zəmanəni söyərək məni incidir. Zəmanə də mənəm, hər şey mənim əlimdədir. Gecəni gündüzə, gündüzü də gecəyə çevirirəm”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Adəm övladı “Uğursuz zəmanə” – deyərək məni incidir. Sizlərdən heç biriniz “Uğursuz zəmanə” – deməyin. Zəmanə də mənəm, onun gecəsini gündüzə, gündüznü də gecəyə çevirən və istədiyimdə onları yox edən də mənəm”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Qulumdan borc istədim, qulum mənə borc vermək istəmədi. Qulum “Ah zəmanə, ah zəmanə” deyərək bilmədən məni söydü. Mənəm zəmanə!”
Ömər ibn əl-Xəttabdan (Allah ondan razı olsun!) rəvayət olunur ki, o, Cabiyada xütbə verərkən Allaha həmd-sənalar oxuduqdan sonra demişdir: “Həqiqətən, Allahın doğru yola yönəltidiyi kəsi heç kəs azdıra bilməz və Allahın azdırdığı kəsi heç kim haqq yoluna yönəldə bilməz”. Bu zaman onun qarşısında dayanan bir keşiş farsca nəsə demiş, Ömər də tərcüməçidən onun nə söylədiyini soruşmuşdur. Tərcüməçi də: “O iddia edir ki, Allah heç kəsi azdırmır” – deyə cavab vermişdir. Bu zaman Ömər ona: “Yalan danışırsan ay Allahın düşməni. Allah səni yaratmışdır, O səni azdırmışdır, inşaallah o da səni Cəhənnəmə atar. Əgər saziş olmasaydı sənin boynunu vurardım” – demiş və belə davam etmişdir: “Allah Adəmi yaradarkən onun zürriyyətni də yaymış, Cənnət əhlini və onların əməllərini, eyni zamanda Cəhənnəm əhlini və onların əməllərini də yazmışdır. Sonra isə “Bunlar cənnətlik, bunlar isə cəhənnəmlikdirlər” – deyə onları bölüşdürmüşdür”.
Ömərin bu xütbəsindən sonra insanlar qədər barəsində mübahisə etmədən dağılışmışlar.
İbn Məsuddan (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Allahın elçisi (s) əs-Sadiqu-l-Məsduq bizə belə söyləmişdi: “Sizin hər birinizin yaradılışı ananızın bətnində qırx gün nütfə (toxum, sperma) olaraq cəm olunur. Sonra eyni müddət ərzində laxtalanmış qan halında olur. Sonra yenə eyni müddətdə çeynənmiş ət parçası halında qalır. Daha sonra Allah-taala ona mələk göndərir, ona ruh üfürür və dörd sözü, onun ruzisini, əcəlini, əməlini və bədbəxt və ya xoşbəxt olacağını yazmaqla əmr olunur. And olsun canım əlində olana ki, sizlərdən biri Cənnət əhlinin etdiyi işi görər və onunla Cənnət arasında bir dirsək qədər məsafə qalar. Lakin haqqında yazılanlar ona qalib gələrək Cəhənnəm əhlinin etdiyi işi görər və cəhənnəmlik olar. Sizlərdən başqa biri isə Cəhənnəm əhlinin tutduğu əməli edər və bununla Cəhənnəmlə onun arasında bir dirsək qədər məsafə qalar. Lakin haqqında yazılanlar ona qalib gələrək cənnət əhlinin tutduğu işi görər və cənnətlik olar”.
Übadə ibn Samitdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Allahın ilk yaratdığı qələmdir. Allah ona: “Yaz!” – deyə əmr etmiş, o da: “Nə yazım?” – deyə soruşduqda Allah belə cavab vermişdir: “Qədəri, olub bitənləri və sonadək (həmişəlik) olacaqları yaz!”
Hədisin rəvayətində belə bir hekayə də vardır. Belə ki, hədisin ravisi Abdulvahid ibn Səlim belə deyir: “Məkkəyə gəldim və Əta ibn Əbu Rəbahla görüşdüm. Mən:
– Ay Əbu Məhəmməd, bəsrəlilər qədər haqqında bəzi fikirlər yürüdürlər, – dedim. O da:
– Ay oğul, sən heç Quran oxuyursanmı? – deyə soruşdu. Mən də:
– Bəli, oxuyuram, – deyə cavab verdim. Dedi:
– əz-Zuxruf surəsini oxu.
Mən də əz-Zuxrufdan "Ha, Mim! (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki, Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir" – ayələrini oxudum. O:
– Sən əsl kitabın nə olduğunu bilirsənmi? – deyə soruşdu. Mən də:
– Allah və rəsulu daha yaxşı bilir, – deyə cavab verdim. Dedi:
– O, Allahın göyləri və yeri yaratmazdan öncə yazdığı kitabdır. Orada “Həqiqətən, Firon Cəhənnəm əhlindəndir”, "Əbu Ləhəbin əlləri qurusun, qurudu da!" kimi sətirlər qeyd olunur.
Sonra Rəsulallahın (s) səhabəsi Valid ibn Übadə ibn Samitlə qarşılaşdım və ondan:
– Atan ölərkən nə vəsiyyət etmişdir? – deyə soruşdum. Belə cavab verdi:
– Atam ölüm ayağında olarkən məni yanına çağırıb dedi: “Ay oğul, Allahdan qorx və bil ki, Allaha iman gətirmədikcə Ondan qorxmayacaqsan. Qədərin hamısına – xeyrinə və şərinə inan. Əgər sən canını bu halda tapşırmasan, cəhənnəmlik olarsan. Mən Rəsulallahdan (s) belə deməsini eşitmişəm” – deyib hədisi danışdı”.
Yenə də Übadə ibn Samitdən (Allah ondan razı olsun!) oğluna belə nəsihət etməsi rəvayət olunur: “Ay oğul, sənə qədərin xeyrinə də, şərinə də inanmağı nəsihət edirəm. Əgər sən inanmamış olsan, uca və böyük Allah səni cəhənnəmlik edəcəkdir. Mən Rəsulallahdan (s) belə deməsini eşitmişəm: “Allahın ilk yaratdığı qələmdir. Allah ona: “Yaz!” – deyə əmr etmiş, o da: “Nə yazım?” – deyə soruşduqda Allah belə cavab vermişdir: “Qədəri, olub bitənləri və qiyamət qopanadək olacaqları yaz!”
Üqba ibn Amirdən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Bu gündən Rəsulallahın (s) demədiyi heç bir sözü onun adından söyləməyəcəyəm. Çünki mən Rəsulallahın (s) belə deməsini eşitmişəm: ”Kim mənim demədiyim bir sözü mənim ünvanıma çıxarsa, bilsin ki, bununla Cəhənnəmdə özünə bir ev hazırlamış olur”. Allah elçisinin (s) həmçinin belə deməsini də eşitmişəm: “Ümmətimdən iki kişi var ki, onlardan biri gecə duraraq dəstamaz almağa gedir. Onun üzərində düyünlər vardır. Dəstəmaz alır, əllərini yuduqda bir düyün, üzünü yuduqda bir düyün, başına məsh çəkdikdə bir düyün, ayaqlarını yuduqda isə bir düyün açılır. Uca və böyük Allah isə pərdə arxasında olanlara belə deyir: “Mənim bu quluma baxın, özünü müalicə edir, məndən istəyir. Qulum məndən nə istəyirsə, o da ona veriləcəkdir”.
Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “İsra gecəsi Peyğəmbərə (s) əlli vaxt namaz vacib buyurulmuşdur. Sonra beş vaxtadək azaldılmışdır. Daha sonra isə ona belə deyilmişdir: “Ey Məhəmməd, mənim sözüm dəyişilməzdir. Sənin üçün bu beş vaxt namazda əlli vaxt namazın savabı vardır”.
Ənəsdən, o da Əbuzərdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Mən Məkkədə olarkən bir gün evimin tavanı açıldı və Cəbrayıl endi. Ürəyimi çıxarıb zəmzəm suyu ilə yudu. Sonra içi müdriklik və imanla dolu bir qızıl teşt gətirib sinəmə boşaltdı və sinəmi bağladı. Bundan sonra əlimdən tutub məni göyə qaldırdı. Ən yaxın səmaya çatdıqda Cəbrayıl səmanın mühafizəçisinə:
– Aç.
– Kimdir? – deyə dilləndi.
– Mənəm, Cəbrayıl.
– Yanında kimsə var?
– Yanımdakı Muhəmməddir.
– O, çağrılıb?
– Bəli, aç.
Qapı açıldıqdan sonra səmanı keçib yüksəyə ucaldıq. Bu zaman sağında və solunda camaat olan bir nəfərə rast gəldik. O sağına baxıb gülür, soluna baxıb ağlayırdı. Məni görən kimi “Saleh peyğəmbərə və saleh övlada salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu Adəmdir. Sağındakı, solundakı camaat isə onun övladlarının ruhudur. Sağındakılar Cənnət, solundakılar isə Cəhənnəm əhlidir. Sağına baxdıqda gülür, soluna baxdıqda isə ağlayır.
Sonra Cəbrayıl məni ikinci səmaya çatana kimi qaldırdı. Səmaya çatdıqda mühafizəçiyə qapının açılmasını əmr etdi, o da birinci səmanın mühafizəçisinin soruşduqlarını soruşduqdan sonra qapını açdı. (Burada Ənəs qeyd edir ki, Peyğəmbər (s) səmalarda İdris, Musa, İsa və İbrahimlə qarşılaşdığını söyləsə də, onların konkret olaraq hansı səmada olduqlarını xatırlamır. Lakin Adəmin birincidə, İbrahimin isə altıncıda olduğuna əmindir). Cəbrayıl İdrisin yanından keçərkən “Saleh peyğəmbərə və saleh qardaşa salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu İdrisdir, – deyə cavab verdi.
Sonra Musanın yanından keçdim. O da “Saleh peyğəmbərə və saleh qardaşa salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu Musadır, – deyə cavab verdi.
Sonra İsanın yanından ötüb keçərkən o da “Saleh peyğəmbərə və saleh qardaşa salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu İsadır, – deyə cavab verdi.
Sonra İbrahimin yanından keçdim. O da “Saleh peyğəmbərə və saleh oğula salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu İbrahimdir, – deyə cavab verdi.
İbn Şihab İbn Həzmdən nəql edir ki, İbn Abbas və Əbu Həbbə əl-Ənsari Peyğəmbərdən (s) belə rəvayət edirlər:
Sonra mən müəyyən yerədək qaldırıldım və orada qələmlərin cırıltısını eşitdim. Allah-taala mənə əlli vaxt namazı vacib buyurdu. Bu əmrlə qayıdarkən Musanın yanından keçdim. O soruşdu:
– Allah-taala sənin ümmətinə nə vacib buyurdu?
– Əlli vaxt namaz.
– Rəbbinə geri dön. Ümmətinin buna gücü çatmayacaq.
Rəbbimə qayıtdım. Yarısını azaltdı. Musanın yanına gəlib ona xəbər verdim.
– Rəbbinə geri dön. Ümmətinin buna da gücü çatmayacaq, – dedi.
Yenə Rəbbimin hüzuruna qayıtdım. Bir az da azaltmasını istədim. Rəbbim belə cavab verdi: “Bu beşdir, bu da əlli. Mənim sözüm dəyişilməzdir. Sənin üçün bu beş vaxt namazda əlli vaxt namazın savabı vardır”. Yenidən Musanın yanına gəldim.
– Rəbbinə geri dön, – dedi.
– Artıq Rəbbimdən utanıram, – dedim. Sonra Cəbrayıl çıxdı və məni Sidr əl-Müntəhənin yanına gətirdi. Onun üzərində nə olduğunu bilmədiyim rənglər var idi. Sonra mən Cənnətə gətirildim. Orada mirvari günbəzlər gördüm. Torpağı da müşkdən idi”.
Üqba ibn Amirdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Sizin Rəbbiniz dağın kəlləsində qoyun otaran sürünü çox sevir. Belə ki, çoban azan verib namaz qılır. Bunu görən uca və böyük Allah buyurur: “Mənim bu quluma baxın. Azan oxuyur, namaza durur, məndən qorxur. Artıq bu qulumu bağışlamışam və onu cənnətlik etmişəm”.
İbadə ibn Samitdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Cəbrayıl əleyhissəlam Allah dərgahından mənim yanıma gəlib dedi: “Ya Muhəmməd, uca və böyük Allah sənə belə buyurur: “Mən sənin ümmətinə beş vaxt namazı fərz (vacib) buyurmuşam. Kim onların dəstamazına, vaxtı-vaxtında qılınmasına, səcdələrinə riayət edərsə, mənim sənin yanında onu cənnətlik etməm barədə öhdəliyim vardır. Kim onları nə iləsə azaltmış halda mənim qarşıma çıxsa, sənin yanında onun üçün heç bir öhdəlik qalmır. İstəsəm onu əzaba düçar edər, istəsəm də mərhəmət göstərərəm”.
Əbu Qətada ibn Rabidən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Sənin ümmətinə beş vaxt namazı vacib buyurdum və onları vaxtlı-vaxtında qılanı cənnətlik etmək barədə üzərimə əhd götürdüm. Kim onlara lazımi qaydada riayət etməzsə, məndə onun üçün heç bir əhd yoxdur”.
Abdullah ibn Amrdan (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Allah elçisi (s) ilə birlikdə məğrib namazını qıldıq. Gedən getdi, qalan qaldı. Allahın elçisi (s) tez-tələsik, təngənəfəs və dizlərini açmış vəziyyətdə gəldi və dedi: “Mücdə, mücdə! Sizin Rəbbiniz səma qapılarından birini açdı. “Mənim qullarıma baxın, bir fərz namazını qıldılar, indi də o birisini gözləyirlər” – deyə sizinlə mələklərə öyünür”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Mələklər gecə və gündüz sizə növbə çəkirlər. Onlar sübh və ikindi namazlarında toplaşır, sizin yanınızda gecələyənlər isə səmaya yüksəlirlər. Bu zaman Allah-taala onlardan soruşur (baxmayaraq ki, O, hər şeyi mələklərdən daha yaxşı bilir): “Mənim qullarımı hansı vəziyyətdə qoyub gəldiniz?” Onlar: “Onları namazda ikən qoyub gəldik və namazda ikən yanlarına getdik” – deyə cavab verirlər”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, İbn Ziyad Mədinəyə gəlmiş, orada onunla görüşmüş və demişdir:
– Cavan oğlan, gəl sənə bir hədis danışım, bəlkə onunla Allah səni faydalandıra!
– Əlbəttə, buyurun. Allah sizə rəhm etsin!
– Qiyamət günü insanların ilk soruşulduğu məsələ namaz olacaqdır. Uca və böyük Rəbbimiz hər şeyi mələklərdən daha yaxşı bildiyi halda onlara deyəcəkdir: “Qulumun namazına baxın, görün tam yerinə yetirib, yoxsa əksiklikləri var!” Əgər namaz tam yerinə yetirilsə, qul üçün də tam yazılacaqdır. Yox, əgər əksiklikləri olsa, Allah-taala mələklərindən: “Baxın, görün qulumun nafilə namazı varmı?” – deyə soruşacaq, nafilə namazı olduqda isə “Qulumun fərz namazındakı əksiklikləri nafilə namazı ilə doldurun” – deyə əmr edəcəkdir. Sonra bütün əməllər bu qayda ilə qiymətləndiriləcəkdir”.
Əbu Murra ət-Taifidən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Adəm oğlu! Günün əvvəli mənim üçün dörd rükət namaz qıl, günün axırına kimi sənə kifayət edim [səni məmnun edim, qoruyum]”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Kim Quranın anasını [əl-Fatihəni] oxumadan namaz qılsa, onun namazı naqisdir, naqisdir, naqisdir [natamamdır]”. Əbu Saib: “Axı mən hərdən imamın arxasında namaz qılıram” – deyə soruşduqda, Əbu Hüreyrə qoluma vurub dedi: “Ay bədəvi, onu ürəyində oxu. Mən Rəsulallahın (s) belə deməsini eşitmişəm: “Güc və qüdrət sahibi olan Allah buyurmuşdur: “Mən namazı qulumla Öz aramda iki hissəyə bölmüşəm. Yarısı mənimdir, yarısı da qulumun və quluma dilədiyi şey veriləcəkdir. Qul: “Həmd olsun Allaha – aləmlərin Rəbbinə” – dedikdə Allah-taala: “Qulum mənə həmd etdi” – deyə buyurur. Qul: “Rəhmli və mərhəmətli olana” – dediyi zaman Allah: “Qulum mənə səna və təriflər oxudu” – deyir. Qul: “Haqq-hesab gününün sahibinə” – dedikdə Allah: “Qulum mənim öyülüb-mədh edilməyə layiq olduğumu təsdiq etdi” buyurur. Qul: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” – dedikdə Allah-taala belə buyurur: “Bu mənimlə qulum arasındadır və quluma dilədiyi şey veriləcəkdir”. Qul: “Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və haqdan azanların yoluna yox!” – dedikdə isə Allah-taala: “Bunlar mənim qulumundur və quluma dilədiyi şey veriləcəkdir!” – buyurur”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Ey Adəm oğlu! Sən xərclə ki, mən də sənə xərcləyim”.
Busr ibn Cəhhaş əl-Qurşidən (Allah ondan razı olsun!) rəvayət olunur ki, bir gün Peyğəmbər (s) ovucunun içinə tüpürüb şəhadət barmağını onun üstünə qoydu və dedi: Allah-taala buyurur: “Ey Adəm övladı! Sən məni necə aciz, qabiliyyətsiz saya bilərsən ki, mən səni bunun kimi bir şeydən yaratdım, hətta düzəldib biçimə saldım. Sən iki libas arasında yeridin. Yerin səndən addım səsləri oldu. Yığdın, xərcləmədin. Ruh gəlib boğaza çatdıqda isə “Zəkat verirəm” – dedin. Zəkat vaxtı nə zamandır?!”
Əbu Vaqid əl-Leysidən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Peyğəmbərə (s) ayə nazil olunduğu zaman onun yanına gələrdik, bizə söhbət edərdi. Bir gün bizə dedi: “Uca və böyük Allah buyurur: “Biz mal-dövlət nazil etmişik ki, namaz qılınsın, zəkat verilsin. Əgər Adəm oğlunun bir vadisi olsaydı, ikincisini istərdi. İki vadisi olsaydı, üçüncüsünü istərdi. Adəm oğlunun qarnını ancaq torpaq doyduracaqdır”. Sonra da Allah Ona tövbə edənlərin tövbəsini qəbul edəcəkdir”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Qulumdan borc istədim, qulum mənə borc vermək istəmədi. Qulum “Ah zəmanə, ah zəmanə” deyərək bilmədən məni söyür. Mənəm zəmanə!”
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Adəm oğlunun bütün əməli onun özünə məxsusdur, ancaq orucdan başqa. O mənim üçündür və onun mükafatını da mən verəcəm. And olsun Muhəmmədin canı əlində olana ki, oruclu insanın ağzından gələn qoxu Allah dərgahında müşkün qoxusundan daha xoşdur”.
Cabirdən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Oruc bir qoruyucudur ki, bəndə onunla Cəhənnəmdən qorunur. O mənim üçündür və onun mükafatını da mən verəcəm”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: Oruclu olmayıb şükür edən bəndə oruclu olub səbir edən bəndə kimidir: Allahın elçisi (s) buyurmuşdur: “Uca və böyük Allah buyurur: “Adəm oğlunun bütün əməli onun özünə məxsusdur, ancaq orucdan başqa. O mənim üçündür və onun mükafatını da mən verəcəm. Mənim xatirimə yeməyini, içməyini, şəhvani istəyini bir kənara qoyur”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Uca və böyük Allah buyurmuşdur: Mənim ən sevimli bəndələrim iftarı tezləşdirənlərdir”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Üç sinif insan var ki, onların duaları rədd olunmaz: iftaradək oruclu olanın, ədalətli hökmdarın və məzlumun duası. Allah onları buludun üstünə qaldırır, səma qapılarını açır və belə buyurur: “Əzəmətimə and olsun ki, bir müddət sonra da olsa, sənə mütləq yardım edəcəyəm”.
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Bir qula sağlam cism verdim, yaşayışı üçün bol-bol mal-dövlətlə təmin etdim. Üstündən beş il keçdi, [bu müddət ərzində] mənim evimi – Kəbəni ziyarətə gəlmədi, [böyük bir xeyirdən] məhrum oldu”.
Yenə də Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Allah-taala qiyamət günü qulu sorğu-sual edərkən soruşacaqdır: “Haramı görərkən onu haram etməyə sənə nə mane olmuşdu?” Allah qula Öz sübutunu anlatdıqda qul: “Ya Rəbb, mən Səni istədim, ancaq insanlardan qorxdum” – deyə dillənəcəkdir”.
İbn Ömərdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Mənim rizamı qazanmaq naminə Allah yolunda döyüşə qalxan qulumu geri qaytaracağıma zəmanət vermişəm. Ya onu əldə etdiyi mükafat və qənimətlə geri qaytaracam, ya da canını alaraq bağışlayacam və mərhəmət göstərəcəm”.
Abdullahdan "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur" (Ali-İmran, 169) – ayəsi haqda belə deməsi rəvayət olunur: Biz bu ayə haqda soruşduqda dedi: “Onların ruhu yaşıl quşlar kimidir. Cənnətdə, istədikləri yerdə şadyanalıq edirlər. Sonra ərşdən asılmış qəndillərə qayıdırlar. Onlar bu minvalla orada gəzişərkən, Sənin Rəbbin onlara baxaraq “Diləyin məndən nə dilərsəniz” – deyir. Onlar da: “Ey Rəbbimiz, Cənnətdə, istədiyimiz yerdə gəzib şənlənərkən Səndən daha nə diləyək?” – deyə cavab verirlər. Görəndə ki, nəsə bir şey istəməsələr buraxılmayacaqlar, onda deyəcəklər: “Səndən Sənin yolunda yenidən ölmək üçün ruhlarımızı cismlərimizə, bizi də yenidən dünyaya qaytarmanı istəyirik”. Allah da onların bundan artığını istəmədiyini görüncə, onların buraxılmasını əmr edəcəkdir”.
Ənəsdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Cənnət əhlindən bir nəfər Allahın hüzuruna gətiriləcək və ondan soruşulacaqdır:
– Ey Adəm oğlu! Yerin necədir?
– Ya Rəbb, yerim ən yaxşı yerdir.
– İstədiyini dilə, arzula.
– Sənin yolunda on dəfə ölmək üçün yenidən məni dünyaya qaytarmağından başqa heç nə istəmirəm.
Sonra Cəhənnəm əhlindən bir nəfər Allahın hüzuruna gətiriləcək və ondan soruşulacaqdır:
– Ey Adəm oğlu! Yerin necədir?
– Ya Rəbb, yerim ən pis yerdir.
– Sən oranın əvəzinə bir yer dolusu qızıl verərdinmi?
– Ya Rəbb, əlbəttə.
– Yalan deyirsən! Mən bundan da çox-çox azını səndən istədim, sən isə etmədin.
Sonra onu yenidən Cəhənnəmə atırlar”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, o, Mərvanın evinə girib orada canlı təsvirləri gördükdə demişdir: Mən Rəsulallahın (s) belə deməsini eşitmişəm: “Uca və böyük Allah buyurur: “Mənim yaratdığım kimi yaratmağa çalışandan daha zalım kim ola bilər?! [Əgər yarada bilirlərsə], bir zərrə, yaxud bir toxum, yaxud da bir arpa dənəciyi yaratsınlar”.
Cundubdan (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Bir kişi “Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq” – demiş, Allah-taala da belə cavab vermişdir: “Kim mənim adımdan filankəsi bağışlamamağıma and içə bilir?! Mən artıq filankəsi bağışlamış, sənin də əməllərini puç etmişəm”.
Ənəsdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Kim xəmri (şərabı) içmək iqtidarında ola-ola buraxarsa, mən ondan Cənnətdə ona içizdirərəm. Kim ipəyi geymək iqtidarında ola-ola ondan imtina edərsə, mən ondan Cənnətdə ona geydirərəm”.
Xüzeymə ibn Sabitdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Məzlumun duasından qorxun. O, buludun üstünə qaldırılır və Allah-taala belə buyurur: “Əzəmətimə və cəlalıma and olsun ki, bir müddət sonra da olsa, sənə mütləq yardım edəcəyəm”.
İbn Kəabdan (Allah ondan razı olsun!) rəvayət olunur ki, Allahın elçisi (s): “Allah-taala mənə əmr edib ki, sənə Quran oxuyum” – deyib "Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər" (əl-Bəyyinə, 1) ayəsini oxudu, sonra Allahın adından belə davam etdi: “Adəm oğlu məndən bir vadi istəmiş olsaydı, verərdim. İkincisini də versəm, üçüncüsünü istəyərdi. Adəm ovladının qarnını ancaq torpaq doyduracaqdır”. Allah isə tövbə edənlərin tövbəsini qəbul edər. Həqiqətən, Allah yanındakı din Hənif dinidir, nə yəhudilikdir, nə də nəsranilik. Kim xeyir iş görsə, heç vaxt savabdan məhrum olmaz!”
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Allah-taala buyurur: “Üç sinif insan var ki, Qiyamət günü məni qarşılarında görəcəklər: Mənim ad¬ıma and verilən əmanətə xəyanət edənlər, azad insanı köləyə çe¬vi¬rib onu sataraq pulunu yeyənlər və muzduru işlədib haqqını verməyənlər”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: Allah-taala buyurur: “İki şərikdən biri yoldaşına xəyanət etmədikcə onların üçüncü şəriki mənəm. Biri digərinə xəyanət etdikdə isə mən dərhal aralarından çıxaram”.
İbn Ömər və Cabirdən (Allah onlardan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Allah-taala buyurur: “Zikrimin məndən diləməyi yayındırdığı insanlara diləyənlərə veriləndən də artığını verərəm”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Qulum məni zikr etdikcə və dodaqları mənim üçün tərpəndikcə mən onunlayam”.
Ənəsdən (Allah onlardan razı olsun!) belə deməsi rəvayət olunur: “Bir kişi Peyğəmbər (s) namazda olarkən onun yanına gəlmiş və [Əlhəmdulilləhi həmdən kəsiran teyyibən mubarakən fihi] – “Allaha bol-bol, yaxşı, mübarək həmd olsun!” – demişdir. Peyğəmbər (s) namazı bitirdikdən sonra: “Kimi idi bu zikri oxuyan?” – deyə soruşmuş və nəhayət eyni sualı üç dəfə təkrarladıqdan sonra bir kişi:
– Mən idim və bunu söyləməklə istədiyim də ancaq xeyir idi, – deyə cavab vermişdir. Peyğəmbər (s) də demişdir:
– Mən on iki mələk gördüm. Onlar bu sözləri necə yazacaqlarını bilmirdilər. Hətta uca və böyük Tanrıdan soruşdular, O da: “Qulumun dediyi kimi yazın” – deyə cavab verdi”.
Muazdan (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Mənim böyüklüyüm üçün bir-birilərini sevənlərə nurdan elə minbərlər vardır ki, hətta peyğəmbərlər və şəhidlər belə ona qibtə edərlər”.
Əbu İdris əl-Xaulanidən (Allah ona rəhmət eləsin!) belə deməsi rəvayət olunur: “Dəməşq məscidinə girdikdə orada gülərüz bir oğlanı gördüm. İnsanlar onun ətrafına toplaşmışdılar. Mübahisə etdikləri zaman ona istinad edər və onun rəyini qəbul edərdilər. Onun kimliyi barədə soruşduqda adının Muaz ibn Cəbəl (Allah ondan razı olsun!) olduğunu söylədilər. Ertəsi gün sübh tezdən məscidə gəldim və onun artıq orada olduğunu gördüm. Namaz qılırdı. Namazını tamamlamasını gözlədim. Sonra onun önünə keçib salam verdim və:
– And olsun Allaha ki, mən səni Allah rizası üçün sevirəm, – dedim. O isə:
– Allah rizası üçünmü? – deyə soruşdu. Mən də:
– And olsun ki, Allah rizası üçün, – deyə cavab verdim. Məndən təkrar:
– Allah rizası üçünmü? – deyə soruşdu. Mən də cavabında:
– And olsun ki, Allah rizası üçün, – dedim. Paltarımın [əbamın] bir tərəfindən tutaraq məni özünə tərəf dartdı və dedi: “Mücdə! Mən Allah elçisinin (s) belə deməsini eşitdim: “Allah-taala buyurur: “Mənim rizam üçün bir-birilərini sevənlərə, mənim rizam üçün bir yerdə oturanlara, mənim rizam üçün bir-birilərini ziyarət edənlərə və mənim rizam üçün xərcləyənlərə məhəbbətimi vacib buyurmuşam”.
Salmandan (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah Adəm əleyhissəlamı xəlq edərkən demişdir: “Biri mənimdir, biri sənin. Biri mənim aramdadır, biri sənin aranda. Mənim olan: “Mənə ibadət edirsən və heç bir şeyi mənə şərik qoşmursan. Sənin olan: gördüyün hər bir işin qarşılığını verirəm. Mən bağışlayıram. Mən bağışlayan və rəhm edənəm. Mənimlə sənin aranda olana gəlincə, səndən diləmək, dua etmək, məndən qəbul etmək, əta etmək”.
İbn Abbasdan (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur’ana) inanmış və mö’minlər də iman gətirmişlər...” ayəsi nazil olunduğu zaman Rəsulallah (s) onu oxudu və
– “Ey Rəbbimiz, bizi bağışla!” – deyərkən Allah cavab verdi:
– Səni artıq bağışlamışam.
– “Ey Rəbbimiz, (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!”
– Sizi cəzalandırmaram.
– “Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!”
– Sizi yükləmərəm.
– “Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!”
– Sizə yükləyib daşıtdırmaram.
– “Bizi əfv edib bağışla!”
– Artıq sizi əfv etmişəm və artıq sizi bağışlamışam.
– “Bizə rəhm et!”
– Artıq sizə rəhm etmişəm.
– “Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
– Artıq sizə kömək etmişəm”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Qulum mənə bir qarış yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. Əgər mənə bir dirsək yaxınlaşarsa, mən ona bir sacın yaxınlaşaram. O mənə yeriyərək gələrsə, mən ona qaçaraq gedərəm”.
Əbu Zərdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Kim mənə bir yaxşılıqla gəlsə, qarşılığında ona on qat artığı verilər və ya bunu daha da artıraram. Kim mənə bir pis əməllə gəlsə, əməlinin qarşılığı etdiyi qədərdir, yaxud onu bağışlayaram. Kim mənə bir qarış yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. Kim mənə bir dirsək yaxınlaşarsa, mən ona bir sacın yaxınlaşaram. Kim mənə doğru yeriyərək gəlsə, mən ona sarı qaçaraq gedərəm. Kim mənə şərik qoşmayıb yer üzünü dolduracaq qədər günahla mənə qovuşsa, mən o qədər məğfirətlə [bağışlama ilə] onu qarşılaram”.
Səhabələrin birindən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: “Allah-taala buyurur: “Ey Adəm oğlu! Sən mənə doğru ayağa qalx, mən sənə sarı yeriyərək gəlim. Sən mənə sarı yeriyərək gəl, mənə sənə doğru qaçaraq gəlim”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “İzzətimə and olsun ki, quluma eyni zamanda iki qorxu və iki arxayınlığı verməyəcəm. Əgər bu dünyada məndən qorxsa, Qiyamət günü ona əmin-amanlıq bəxş edərəm. Yox, əgər bu dünyada məndən qorxmayıb arxayın yaşasa, qiyamət günü onun canına vəlvələ salaram”.
İbn Abbasdan (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: Qüreyş gəlib Peyğəmbərə (s) dedi:
– Rəbbinə dua et, Səfanı bizim üçün qızıldan etsin, biz də sənə iman gətirək.
– Sözünüzün üstündə duracaqsınız?
– Bəli.
Rəsulallah dua etdi, Cəbrayıl əleyhissəlam onun yanına gəldi və dedi:
– Uca və böyük Rəbbin sənə salam söyləyir və belə buyurur: “İstəyirsən ya onlar üçün Səfanı qızıla çevirim. Ondan sonra da kim küfr etsə, onu aləmlərdən heç kəsi cəzalandırmadığım şəkildə cəzalandırım, ya da tövbə və mərhəmət qapısını onların üzünə açım”.
– Əlbəttə tövbə və mərhəmət qapısını, – deyə Rəsulallah cavab verdi”.
Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan və atasından razı olsun!) rəvayət olunur ki, Peyğəmbər (s) Uca və böyük Allahın İbrahim (s) barəsindəki: «Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir» – ayəsini və İsa (s) haqqındakı: «Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən» – ayəsini oxuduqdan sonra əllərini qaldıraraq: “Allahım! Ümmətim, ümmətim” – deyə ağladı. Uca və böyük Allah Cəbrayıla: “Ey Cəbrayıl! Məhəmmədin yanına get. Rəbbinin bilməsiniə baxmayaraq nə üçün ağladığını soruş” – deyə əmr etdi. Cəbrayıl gəldi, Allahın elçisi (s) söylədiklərini ona xəbər verdi. Onsuz da Allah bunları bilirdi. Allah-taala yenidən Cəbrayıla: “Ey Cəbrayıl! Muhəmmədin yanına get. Ona de ki, biz səni ümmətin barəsində sevindirəcəyik, məyus etməyəcəyik” – deyə əmr etdi.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Allah-taala buyurur: “Qulum bir pis iş görmək istəsə, onu edənədək günah yazmayın. Əgər onu etsə, onda etdiyi qədər də günah yazın. Əgər mənə görə o pis işi tərk etsə, ona bir savab yazın. Əgər qulum yaxşı bir iş görməyi niyyət etsə və onu edə bilməsə, ona bir savab yazın. Yox, əgər o işi görsə, onda ona gördüyü işin on mislindən yeddi yüz mislinədək savab yazın”.
Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) bir qüdsi hədisdə Rəbbinin dilindən belə deməsi rəvayət olunur: “Uca və böyük Allah: “Qul günah edib sonra da: “Allahım! Mənim günahımı bağışla!” – deyə dua etdikdə Uca və böyük Allah belə buyurur: “Qulum günah etdi, lakin günahını bağışlayacaq və ya günahına görə onu cəzalandıracaq bir Tanrı olduğunu bildi”. Həmin qul təkrar günah edib sonra da: “Ey Tanrım! Mənim günahımı bağışla!” – deyə dua etdikdə Uca və böyük Allah belə buyurur: “Qulum günah etdi, lakin günahını bağışlayacaq və ya günahına görə onu cəzalandıracaq bir Tanrı olduğunu bildi”. Həmin qul yenidən günah edib sonra yenə də: “Ey Rəbbim! Mənim günahımı bağışla!” – deyə dua etdikdə Uca və böyük Allah belə buyurur: “Qulum günah etdi, lakin günahını bağışlayacaq və ya günahına görə onu cəzalandıracaq bir Tanrı olduğunu bildi. Mən də qulumu bağışladım. Qoy istədiyini etsin!”.
Bir kişi İbn Ömərdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) Qiyamət günü Allahın qulla söhbəti haqda nə eşitdiyini soruşmuş, o da belə cavab vermişdir: “Həmin gün qul Rəbbinə yaxınlaşacaq, Allah onu örtüyü ilə örtəcək və ondan soruşacaqdır:
– Filan əməli etmisənmi?
– Bəli, etmişəm.
– Filan əməli də etmisənmi?
– Bəli, etmişəm.
Ona günahlarını təsdiq etdirdikdən sonra deyəcəkdir: “Mən dünyada sənin günahlarını ört-basdır etmişəm. Bu gün də onları sənə bağışlayıram”.
İbn Abbasdan (Allah ondan razı olsun!) rəvayət olunur: "(Nəhayət) Adəm Rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək tövbə etdi" sonra dedi:
– Ey Rəbbim, Sən məni əlinlə yaratmadınmı?
– Bəli.
– Ey Rəbbim, Sən mənə Öz ruhundan üfürmədinmi?
– Bəli.
– Ey Rəbbim, Sən məni Cənnətinə salmadınmı?
– Bəli.
– Ey Rəbbim, Sənin rəhmətin qəzəbini üstələmədimi?
– Bəli.
– Görmədinmi mən sənə tövbə etdim, xətamı düzəltdim, indi sən məni Cənnətə qaytarırsanmı?
– Bəli.
Nəhayət Adəm Rəbbindən bə’zi xüsusi kəlmələr öyrəndi.
Abdullahdan (Allah ondan razı olsun!) belə rəvayət olunur: Kitab əhlindən bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: “Ey Əbulqasim, Allah göyün qatlarını bir barmaqda, yerin təbəqələrini bir barmaqda, ağacları və torpağı bir barmaqda, məxluqatı isə bir barmaqda saxlayır, sonra da “Mülkün hökmdarı mənəm, mülkün hökmdarı mənəm” – deyir”. Bu sözlərdən Peyğəmbər (s) güldü və hətta arxa dişləri göründü, sonra bu ayəni oxudu: "...onlar: «Allah insana heç bir şey nazil etməmişdir»- deməklə Allahı layiqincə qiymətləndirmədilər".
Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Qiyamət günü Cəhənnəm əhlindən dünyadakı ən zəngin insan Allahın hüzuruna gətiriləcək və Cəhənnəm boyası ilə boyanacaqdır. Sonra Allah ondan soruşacaqdır:
– Ey Adəm oğlu! Sən heç yaxşılıq gördünmü? Heç sənə nemətlər rastladımı?
– Ya Rəbb, Allaha and olsun ki, yox!
Sonra Cənnət əhlindən dünyada ən kasıb yaşamış insan Allahın hüzuruna gətiriləcəkdir, o da Cənnət boyası ilə boyanacaqdır. Sonra Allah ondan da soruşacaqdır:
– Ey Adəm oğlu! Sən heç yoxsulluq gördünmü? Heç sən ağır günlər yaşadınmı?
– Ya Rəbb, Allaha and olsun ki, nə yoxsulluq gördüm, nə də ağır günlər yaşadım”.
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah Qiyamət günü deyəcəkdir: “Ey Adəm oğlu! Mən səni at, dəvə belində gəzdirdim, səni qadınlarla evləndirdim, sənə tabelik və başçılıq verdim. Bəs bunun şükrü hanı?”
İbn Abbasdan (Allah ondan razı olsun!) Allah elçisinin (s) Cəbrayıl əleyhissalamdan belə deməsi rəvayət olunur: “Ulu Tanrı buyurur: “Qulun günah və savabları qarşıya qoyulacaq, etdiyi hər günahın qarşılığında bir savabı çıxılacaqdır. Sonda onun bir savabı belə qalmış olsa, Cənnətə buraxılacaqdır”.