Qurani Kərimin enməyə başladığı Qədr gecəsi İslamda ən müqəddəs və fəzilətli gecədir. Qədr gecəsi, içərisində Qədr gecəsi olmayan min aydan xeyirlidir. Qurani Kərimdə də bu gecənin fəzilətini göstərən müstəqil bir surə vardır. Bu surədə Uca Rəbbimiz belə buyurur:
“Doğrusu biz Quranı Qədr gecəsi endirmişik. Qədr gecəsinin nə olduğunu sən bilirsənmi? Qədr gecəsi min aydan xeyirldir. Mələklər və Cəbrayıl o gecə Rəblərinin izni ilə hər cür iş üçün enərlər. Gecə, dan yerinin ağarmasına qədər salamatlıqdır.” (Qədr,1-5)
Qədr surəsi
Qurani Kərimin doxsan yeddinci surəsi olub beş ayə; otuz kəlmə və yüz iyirimi hərfdən ibarətdir. Adını ilk ayəsində keçən “qədr” kəlməsindən alan bu surənin Məkkədəmi, yoxsa Mədinədəmi enməsi mövzusunda ixtilaf vardır.
Surə insanlara Quranın dəyəri və vacibliyi haqqında bilik verir. Allahu Təala, Hicr surəsində “Bunu biz endirik” buyurur. Yəni Hz. Peyğəmbərin (s.a.v.) arzusu ilə deyil bizim diləyimizlə endirilən açıq bir kitabdır O.
Qədr sözü burada iki mənada işlənmiş ola bilər: Bunlardan biri, təqdir mənasıdır. Allah bu gecə təqdirləri, yəni qədərləri həyata keçirmək üçün mələklərə əmr verir. Digər məna isə, əzəmət və şərəfdir. Bu xüsus, surənin “Qədr gecəsi min aydan xeyirlidir” ayəsində ifadə edilir. Necə xeyirli olmasın ki, Allahın endirdiyi Quran bu gecə enməyə başlamışdır. Gecə, dəyərini bu hadisədən alır və gecəni anmaq, insanlığa rəhmət olaraq Quranın enməyə başladığı gecəyə xüsusi dəyər vermək Müsəlmanlara tövsiyə edilmişdir.
Qədr gecəsinin hansı gün olması barədə bir çox fikirlər irəli sürülümüşdür. Ancaq ümmətin böyük alimlərinin çoxunun fikri, Ramazan ayının iyirimi yeddinci gecəsi olmasıdır.
O gecə elə bir gecədir ki, Quran ayələri Hz. Muhammədin (s.a.v.) qəlbinə enməyə başladığı gecədir.
İslam, xarici görkəmi mənimsəyən, formaya önəm verən bir din deyildir. “Bir gecəlik ibadətlə bütün günahlardan qurtulacaq” kəlməsi ancaq müttəqilər, inanmış səmimi Müsəlmanlar üçün keçərlidir. Ancaq belə insanların o gecədəki ibadətləri məqbul olur .Qədr gecəsini xatırlayıb o gecəni imanla və savabını umaraq keçirmək gərəkdir.
Qədr gecəsi deyilməsinin səbəbi
Bu gecəyə qədr gecəsinin deyilməsi şərəf və qiymətindən dolayıdır. Çünki:
a)Qurani Kərim bu gecə enməyə başlamışdır.
b) Bu gecədəki ibadət, içərisində Qədr gecəsi olmayan min ayda edilən ibadətdən daha fəzilətlidir.
d) Bu gecə yer üzünə Cəbrayıl və çox sayda mələklər enir.
e) Bu gecə dan yerinin ağarmasına qədər salamatlıqdır, hər cür pislikdən uzaqdır. Yer üzünə enən mələklər gördükləri hər möminə salam verərlər.
Hansı gecə olduğu
Qədr gecəsinin hansı gecə olduğu tam olaraq bilinməməyinə baxmayaraq, Ramazanın iyirimi yeddinci gecəsi olduğuna üstünlük verilir. Hz. Peyğəmbər (s.a.v) bunun tam olaraq hansı gecə olduğunu bildirməmiş, ancaq; “Siz Qədr gecəsini Ramazanın son on günü içərisindəki tək rəqəmli gecələrdə axtarın” buyurmuşdur.(Buxari, Muslim)
Başqa bir hədisə isə İbn Ömər (r.a.) belə nəql etmişdir: Səhabələrdən bəzilərinə , yuxularında Qədr gecəsinin (Ramazanın) son yeddi gecəsi içərisində olduğu göstərildi.” Rəsulullah (s.a.v) onlara: “Görürəm ki, yuxularınız Ramazanın son yeddi günü haqqında biri-birinə uyğun düşmüşdür. Artıq kim Qədr gecəsini axtarmaq istəsə onu Ramazanın son yeddi günündə axtarsın.” buyurmuşdur. (Buxari, Muslim)
Gizli olmağının səbəbi
İslam qaynaqlarının bildirildiyinə görə Allahu Təala bəzi hikmətlərinə görə Qədr gecəsini və onun xaricində bəzi şeyləri də gizli saxlamışdır.
Bunlar:
Cümə günü duanın qəbul olduğu vaxt; beş vaxt içərisində Salavati-vusta; ilahi adlar içərisində Əzzam; bütün itaətlər və ibadətlər içərisində riyazi-ilahi; zaman içərisində qiyamət və həyat içərisində ölümdür. Bunların gizli qalmağında məqsəd möminlərin oyaq, diqqətli və davamlı olaraq Allaha ibadət və itaətdə olmasıdır. Möminlər bu gecəni qəflətdə keçirməməli, ibadət və itaətlə dəyərləndirməlidir. Əbu Hureyrənin (r.a.) rəvayət etdiyi hədisi şərifdə Peyğəmbərimiz (s.a.v.) belə buyurmuşdur:
“Kim Qədr gecəsini, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və itaətlə keçirərsə keçmiş günahları bağışlanar.” (Buxari)
Qədr gecəsi nələr etməliyik?
Qədr gecəsini namaz qılaraq, Qurani Kərim oxuyaraq, tövbə, dua istiğfar edərək dəyərləndirməliyik.
Namaz borcu olanların, nafilə namazı qılmazdan əvvəl heç olmazsa beş vaxt qəza namazını qılmaqları daha fəzilətlidir. Qəza yoxdursa nafilə namazları qılınar
Sufyan Səvri: “Qədr gecəsi dua və istiğfar etmək namazdan sevimlidir. Quran oxuyub sonra dua etmək daha gözəldir.” demişdir. (Təcridi Sarih Tərcüməsi, VI, 313)
Hz. Aişə (r.ah) belə rəvayət edir: “Ey Allah’ın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim? deyə soruşdum. Rəsulullah (s.a.v.):
“Allahummə innəkə afuvvun tuhibbl-afvə fafu anni (Allahım sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla)” deyə dua et, buyurdu (Təcridi Sarih Tərcüməsi, VI, 314).
Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq məqbul olur. Bu vacib anı yaxalamaq üçün gecəni bütünlüklə tövbə və istiğfar ilə keçirmək gərəkdir. Bu da insanın imanını təmizləyir. Gecəni bütünlüklə ibadətlə keçirməyənlər ən azı təravihdən sonra bir az oturub dua etməlidirlər.
Bu, min aydan xeyirli olduğu bildirən gecədə insanlıq aləmini firavanlığa qovuşdurmaq üçün gərəkli olan əsaslar endirmişdir.
Unutmayaq ki, xüsusilə bu gecə Allah tövbələrimiz qəbul edəcəkdir. Bizlərə bir bəxşiş olan bu müqəddəs Qədr gecəsində Rəbbimizə insanlığın, firavanlığın, sevgi və qardaşlığın təmini üçün bizlərə daha çox güc, iman verməsi üçün dua edək. Yalnız öz sevdiyimiz insanların deyil, bütün insanların sevgiyə layiq olduğunu anaraq sevgidə sağlam və səxavətli bir ruha sahib olmaq üçün də yardım diləyək. Rəhman və Rəhim Allahın adı ilə, hamımıza bu Mübarək Ramazan ayı Xeyirli olsun.Amin.