On söz Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
"Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!" ("Ali Imran" surəsi, 102)
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!" ("ən-Nisa" surəsi, 1.)
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar". ("əl-Əhzab" surəsi, 70-71. )
Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım! Biz yenə də Uca Allahın köməyi ilə dini maarifləndirmə istiqamətində fəaliyyətimizi davam etdiririk. Çünki bu çox şərəfli və həm də məsuliyyətli bir işdir. Həm dini, həm də dünyəvi cəhətdən savadlı insanların yaşadığı cəmiyyətdə problemlərin az olması artıq sınaqdan keçmiş bir təcrübədir. Sükürlər olsun ki, bu gün azad Azərbaycanımızda bu iki istiqamətdə uğurlu irəliləyişlər artıq mövcuddur.
Diqqətinizə çatdıracağımız bu risalə çox mühüm bir məsələni əhatə edir. Belə ki, hər birimiz yaşayır, inkişaf edir və sonunda dəyişilməz nizama tabe olaraq hamı kimi dünyanı tərk edirik. Lakin ölümdən sonrakı aləmdə bizi gözləyən hadisələr barəsində heç də hamımız məlumatlı deyilik. Əlinizdə olan bu risaləyə “3 sual” adı verilməsi sizə qəribə görünməsin. Bizim hər birimiz bu 3 sual barəsində soruşulacağıq. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) səhabələrdən hər hansı birini dəfn etdikdən sonra qəbrinin yanında dayanıb belə deyərdi: “(Allahdan) Qardaşınızın bağışlanmasını və onun sabitqədəm olmasını diləyin! Çünki indi o sorğu-sual olunur” (“Sünən Əbu Davud”, 2/70; “Əhkamul-Cənaiz”, səh. 198). Başqa bir hədisdə (“Sünən Əbu Davud”, 2/281; “Əhkamul-Cənaiz”, səh. 198-202) isə hər kəsin öldükdən sonra: “Rəbbin kimdir?”, “Dinin nədir?” və “Peyğəmbərin kimdir?” – deyə sorğu-sual olunacağı və həmin suallara cavab verənin nicat tapacağı, cavab verə bilməyənin isə əzaba düçar olacağı xəbər verilir.
Diqqət edin, bu sualların cavabını əslində çoxlarımız bilirik və bu yazıları oxuyan şəxs onlara cavab verə biləcəyinin də asan olacağını zənn edə bilər. Lakin bu heç də belə deyildir. Bu suallara dünyəvi həyatında cavab vermək asan olsa da öldükdən sonra onlara yalnız Allahın razı qaldığı şəxslər cavab verə biləcəkdir. Uca Allah isə bu üç sualın şərtlərindən irəli gələn tələbləri yerinə yetirən bəndəsindən razı qalır və ona həmin suallara cavab verməkdə köməklik edir.
Əziz həmvətənlərim, bu risalənin səhih məlumatlar əsasında yazıldığını qeyd etmək istərdim. Risalədə Quran ayələrindən (Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsindən) və mötəbər hədislərdən istifadə edilmişdir. Arzu edirik ki, Uca Allah bu risaləni axıra qədər oxumaqda sizə kömək olsun, xalqımızı, dövlətimizi və ümumən bütün müsəlman dünyasını xəta və bəlalardan qorusun!
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Bu kiçik risalədə toxunacağım mövzu hər bir bəndə üçün maraqlı və vacib olan mühüm bir məsələni əhatə edir. Belə ki, bu haqda kifayət qədər məlumatı olmayan hər bir şəxs özünün dünya və axirət həyatını puç edə bilər. Odur ki, risalənin adına diqqət yetirin! Burada üç sual dedikdə bərzəxdə (Bəndənin öldükdən sonra qiyamətədək qalacağı aləm bərzəx adlanır. “Lisanul-Ərəb”, 3/8) soruşulacaq suallar nəzərdə tutulur. Yəni “Rəbbin kimdir?”, “Dinin nədir?” və “Peyğəmbərin kimdir?” - deyə sorğu-sual olunacaqdır. Şübhəsiz ki, hər kəs bu sualların bərzəxdə soruşulacağının həqiqət olduğunu görəcəkdir. Odur ki, bu haqda düşünməyə dəyər. Öz Rəbbini, dinini və peyğəmbərini tanıyan şəxs necə də xoşbəxtdir! Belə ki, Allah onu bu dünyada saleh əməllər etməyə və bərzəxdə həmin üç suala cavab verməyə müvəffəq edəcəkdir.
“Allah iman gətirənləri dünyada da, axirətdə də (bərzəx aləmində də) möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər”. (“İbrahim” surəsi, 27)
Axirətdə isə o əbədi qalacağı Cənnət və tükənməz nemətlər içində olacaqdır.
“Həqiqətən, o kimsələr ki, iman gətirib saleh əməllər etmişlər, onlar üçün altından (ağacları dibindən) çaylar axan Cənnətlər vardır. Böyük uğur budur!” (“əl-Buruc” surəsi, 11)
Qaldı ki Rəbbini, dinini və peyğəmbərini tanımayan və ya bu üç əsası dili ilə ifadə edib əməli ilə təsdiq etməyən şəxsə, doğrudan da o ziyana uğramışdır! Belə ki, o həm bu dünyada, həm də bərzəxdə azğınlıqda olar.
“Allah zalimləri sapdırar. Allah istədiyini edər” (“İbrahim” surəsi)
Qiyamət günü isə o əbədi qalacağı Cəhənnəmdə və sürəkli əzab içində olacaqdır.
“Həqiqətən, kitab əhlindən və müşriklərdən küfr etmiş kimsələr Cəhənnəm odunda əbədi qalacaqlar. Onlar məxluqların ən pisidirlər”. (“əl-Bəyyinə” surəsi, 6)
Bütün bunları deməkdə məqsədim oxucunu məyus etmək yox, əksinə bu həqiqətlər barəsində onu xəbərdar etməkdir. Belə ki, bütün bunlar Allahın dedikləridir və Onun kəlamı dəyişilməzdir.
“Sənin Rəbbinin kəlamı doğru və ədalətli şəkildə tamam oldu. Onun kəlamlarını dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) Eşidəndir, Biləndir!” (“əl-Ənam” surəsi, 115)
Odur ki, bu dünyadakı imtahanların suallarına hazırlaşdığınızdan daha da artıq əzmkarlıqla bərzəxdə, daha sonra isə haqq-hesab günündə soruşulacaq suallara hazırlaşın! Dünyada ikən bu suallara cavab vermək, hamı kimi “Rəbbim Allahdır!” demək çox asandır. Lakin diqqətlə nəzər salsaq görərik ki, ömrü boyu sözdə Allahı təsdiq edib əməldə ona asi olan kəs ölümqabağı hətta quruluşca sadə bir kəlməni – şəhadət kəlməsini deməyə çətinlik çəkir, onu demək ona müyəssər olmur. Görəsən ölümqabağı bu kəlməni deyə bilməyən kəsin bərzəx aləmində halı necə olacaq? Allah hamımızı bu kəlməni deməyə müvəffəq etsin! Odur ki, insan onu mərhələlərlə xəlq edən, ona ana bətnində ruh verən Rəbbini tanımalı və Onun buyuruqlarını yerinə yetirməlidir.
“Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların (günahlarının) bağışlanmasını dilə”. (“Məhəmməd” surəsi, 19)
Keçmişə nəzər salsaq görərik ki, insanların böyük əksəriyyəti həmişə Allahdan qeyri kiməsə, yaxud nəyəsə iman gətirib ümidlərini yalnız ona bağlayıblar. Bu həmişə belə olub və qiyamətə qədər də belə günahlar davam edəcəkdir. O insanların bəziləri bilərəkdən, bəziləri də elmsizliyi ucbatından Allahdan üz döndərir. Onlar bu məsələyə ciddi yanaşaraq onu araşdırsalar, yəni ayə və mötəbər hədislərdən başqa heç kimə təqlid (nümunə götürmək) etməsələr, şübhəsiz ki, haqqı tapmağa nail olarlar və başa düşərlər ki, ibadət etdikləri “məbudların” (bütlər, fal oxları, ağaclar və s. ) özləri də Yaradanın buyurduqlarını yerinə yetirir və Onun iradəsi altındadırlar. Həqiqətən, hər bir şeyi yaradan Odur! Biz insanlar yalnız Onun iznilə nəyi isə bir şəkildən başqa bir şəklə salırıq. Məsələn, dəmirdən maşın, ağacdan ev avadanlığı, pambıqdan parça, taxıldan un məmulatı və s. istehsal edirik. Yaxşı, bəs onda dəmiri, ağacı, taxılı, pambığı və s. yaradan kimdir? Hətta “məni ata-anam yaradıb” ifadəsi belə yanlışdır. Baxmayaraq ki, ata-ana övladın yaranmasında müəyyən rol oynayan vasitədir, lakin etiraf etməliyik ki, onu ana bətnində mərhələlərlə xəlq edən də, ona ruh verən də yalnız buna qadir olan Allahdır.
“O sizi müxtəlif mərhələlərdən (keçirərək) yaratmışdır”. (“Nuh” surəsi, 14)
Nə qədər övlad arzusunda olan ailələr vardır ki, buna nail olmamışlar! Əlbəttə, “O, istədiyini xəlq edir. İstədiyinə (ancaq) qızlar, istədiyinə də (ancaq) oğlanlar verir. Yaxud onlara hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O, (hər şeyi) bilən, (hər şeyə) qadirdir!” (“əş-Şura” surəsi, 49,50) Həm də yaradılanların hamısının yemək-içməyə möhtac və ölümə məhkum olması, baş verən hər hansı bir müsibəti dəf etməyə qadir olmamaları onların özlərinin də kiməsə möhtac olduğunu göstərir. Bütlərin üzərinə murdar bir şeyin (quş nəcisinin və s. ) düşməsi və bu bütlərin həmin murdar şeydən özlərini sadəcə olaraq qoruya bilməməsi onların ilahi sifətlərdən uzaq olduqlarını göstərir. Allah isə pak və müqəddəsdir, qüvvət və qüdrət sahibidir və heç nəyə möhtac deyildir. Elə isə gəlin elə bir məbuda iman gətirək ki, O yaratsın və məhv etsin Özü isə ölməz, əbədi və əzəli olsun, O əmr versin, Özünə isə əmr olunmasın, hər kəs Ona möhtac olsun, Özü isə heç nəyə möhtac olmasın. Odur ki, hər bir bəndəyə sual verirəm – bütün məxluqatı yoxdan yaradan kimdir? Yaxud bərzəx aləmində veriləcək ilkin sual olaraq. . .
Rəbbin kimdir?
Bu sualın yalnız bir cavabı var – “Allah!” Bu cavabı Onun Öz kəlamı ilə də əsaslandırmaq olar. Uca Allah buyurur: “And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə dönürlər?” (“əz-Zuxruf” surəsi, 87) Bununla belə onu da qeyd etmək lazımdır ki, hər kəs “Rəbbim Allahdır!” deyib Onun buyuruqlarını yerinə yetirməsə, öz dediyini təsdiq etmiş hesab olunmur. Təqribi müqayisə etmək üçün: “ata-anam filankəsdir, mən onları çox sevirəm” deyən və sonra da valideynlərinin qayğısına qalmayan şəxsə baxmaq kifayətdir. Belə ki, həqiqi mömin o şəxsdir ki, Rəbbini tanıdıqdan sonra Ona itaət etsin. Uca Allah belə şəxslər barəsində buyurur: “Şübhəsiz ki, “Rəbbim Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!”” (“Fussilət” surəsi, 30) Ayə açıq-aydın göstərir ki, təkcə “Rəbbim Allahdır” demək kifayət deyil, mütləq olaraq qəbul edilən Rəbbin buyuruqlarını da yerinə yetirmək lazımdır. Bu xüsusda Peyğəmbərin (s.ə.s) əmisi oğlu Abdullah ibn Abbas (r.a) bu ayəni izah edərkən demişdir: “Düz olan kəslər” Allahın vacib buyurduğu əməlləri yerinə yetirən şəxslərdir. (“Camiul-Bəyan”, 24/115)
Odur ki, Uca Allah insanlar Onu tanısınlar deyə hər zaman onlara peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin hər birinin başlıca vəzifəsi insanları tək Allaha ibadət etməyə dəvət etmək və Ona şərik qoşmaqdan çəkindirmək olmuşdur. Təəssüf ki, insanların bir qismi Allaha və Onun elçilərinə itaət etməkdən boyun qaçırmış və beləliklə də haqq yolundan azmışlar. Onlar barəsində Uca Allah belə buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan (Allahdan başqa qeyri ibadət olunan hər bir şeydən) çəkinin!” – deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!” (“ən-Nəhl” surəsi, 36)
Ayədən görünür ki, hər bir ümmətdən peyğəmbərlərə iman gətirən və gətirməyən kəslər olmuşdur. Hətta elə peyğəmbər olmuşdur ki, ümmətindən heç bir kəs ona iman gətirməmişdir. İbn Abbasın (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: “Ümmətlər mənə göstərildi. Mən (on nəfərdən az) bir toplum ilə birgə olan peyğəmbər və yanında bir kəs olmayan peyğəmbər gördüm. Birdən (uzaqda) çox sayda insan toplusu göründü və mən elə güman etdim ki, bu mənim ümmətimdir. Mənə: “Bu, Musa (a. s) və onun qövmüdür!” – deyildi. Mən nəzər salıb (başqa bir) çox sayda insan toplusu gördükdə mənə deyildi: “Bu sənin ümmətindir! Onlardan yetmiş mini haqq-hesabsız cəzasız Cənnətə daxil olacaq. . . ” (“Səhihul-Buraxi”, 5705, 5752; “Səhih Müslim”, 526)
Haqq-hesab olunacaq və cəzalandırılacaq kəslərə gəlincə, onlar Allaha şərik qoşan və s. günahlar edən kəslərdir. Uca Allah bu günahkar kəslərdən istədiyini bağışlayacaq istədiyini də müvəqqəti olaraq cəzalandıracaqdır. Qaldı ki bilərəkdən Allaha şərik qoşan və tövbə etmədən ölüb gedən bəndələrə, Allah onları heç vaxt bağışlamayacaq və əbədi Cəhənnəm əzabına düçar edəcəkdir.
“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır”. (“ən-Nisa” surəsi, 116)
“Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”(“əl-Maidə” surəsi, 72)
Muaz ibn Cəbəl (r.a) rəvayət edir ki, mən Peyğəmbərlə (s.ə.s) birgə onun uzunqulağının tərkibində olarkən o mənə dedi: “Ey Muaz! Bilirsənmi Allahın bəndələr üzərində və bəndələrin də Allah üzərində olan haqqı nədir?” Mən dedim: “Allah və rəsulu daha yaxşı bilir!” O dedi: “Allahın bəndələr üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaları, bəndələrin Allah üzərində olan haqqı isə Ona şərik qoşmayana əzab verməməsidir!” Mən dedim: “Ey Allahın elçisi, insanları bu şad xəbərlə müjdələyimmi?” O dedi: “Xəbər vermə ki, arxayınlaşmasınlar!” (“Səhihul-Buxari”, 128; “Səhih Müslim”, 30)
Yuxarıdakı ayə və hədislərdən aydın olur ki, hər bir bəndəyə Rəbbinə ibadət etmək və ona şərik qoşmamaq vacibdir. Odur ki, hər bir müsəlman, bütün peyğəmbərlərin məramı olan: “Allaha ibadət edin, Tağutdan çəkinin!” ifadəsinin mənasını dərk etməlidir. Belə ki, “Allahın sevdiyi və razı qaldığı, gizlində və aşkarda olan sözləri və əməlləri əhatə edən hər bir şey ibadət adlanır”. (“Məcmuul-Fətavə”, 10/149) Göründüyü kimi ibadət deyildikdə yalnız namaz qılmaq nəzərdə tutulmur. Əksinə, bu kəlmə Allahın buyuruqlarının hamısına şamil edilir. Deməli, dua etmək, qurban kəsmək, nəzir vermək, təvəkkül etmək, ümid bəsləmək, kömək diləmək və s. bu kimi ibadətlər yalnız Allahın rizasını qazanmaq üçün yerinə yetirilməlidir. Uca Allah bu xüsusda bir çox ayələr nazil etmişdir: “Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. . . ” (“Fatir” surəsi, 14)
“Haqq dəvəti yalnız Onadır. Ondan başqa çağırdıqları isə heç bir şeylə onlara cavab vermirlər”. (“ər-Rəd” surəsi, 14)
“Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” (“əl-Cinn” surəsi, 18)
“Sizin Allahdan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!” (“əl-Əraf” surəsi, 197)
“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (“əl-Fatihə” surəsi, 5)
“Rəbbin üçün namaz qıl və qurban kəs!” (“əl-Kövsər” surəsi, 2)
“Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (“əl-Maidə” surəsi, 23)
“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. . . ” (“ət-Talaq” surəsi, 3)
Yuxarıdakı ayələrdən görünür ki, ibadətlər birbaşa Allah üçün olmalıdır. Burada ibadətin qəbul olunması üçün Allah ilə bəndə arasında dəlil-sübutsuz vasitə tutmağın özü də şəriətə ziddir. Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (“əz-Zumər” surəsi, 3)
“Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər”. (“əl-Əraf” surəsi, 194)
Tağuta gəlincə, onun da özünəməxsus tərifi vardır: “Bəndənin ya ibadət etdiyində, ya ardınca getdiyində, ya da itaət etdiyində həddini aşdığı hər bir şey Tağut adlanır” (“İlamul-Müvəqqiin”, 1/50) Belə ki, Şeytan və onun havadarları Tağut sayılır. Onlar bəndələri Allahın haqq yolundan uzaqlaşdıraraq özlərinə ibadət etməyə, onların ardınca getməyə və yalnız onlara itaət etməyə sövq edirlər. Uca Allah onlar barəsində belə xəbər verir: “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)” (“ət-Tövbə” surəsi, 31)
“Onlara "Allahın nazil etdiyinə (Qur’ana) tabe olun!" deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!" - deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?) Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (Qur’andan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır!” (“Loğman” surəsi, 21,22)
“Musanın hekayəti sənə gəlib çatdımı? O zaman ki, Rəbbi onu müqəddəs Tuva vadisində çağırıb demişdir: "Fir’onun yanına get, həqiqətən o, həddini aşmışdır! Və de ki: "(Günahlardan) təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf (Ona ibadət etməyə) yönəldimmi ki, (Ondan) qorxasan?" (Musa Allahın dediklərini Firona çatdırdıqdan sonra) ona ən böyük mö’cüzəni göstərdi. O isə (haqqı) təkzib edib (ona) asi oldu. Sonra da üz çevirib (fitnə-fəsad törətməyə) səy göstərdi. O (camaatı) toplayıb (onları) uca səslə çağırdı və dedi: "Sizin ən uca rəbbiniz mənəm!" Allah da onu axirət və dünya əzabına düçar etdi. Həqiqətən, bunda (Allahdan) qorxan bəndələr üçün ibrət vardır”. (“ən-Naziat” surəsi, 15-26)
Yuxarıda qeyd olunan ayədə nəsranilərin Məryəm oğlu İsanı özlərinə tanrı etmələri heç də onun Tağut olmasına dəlalət etmir. Belə ki, İsa (a. s) Allaha şərik qoşmağın əleyhinə olmuş və qövmünü də bundan çəkindirmişdir. Odur ki, Uca Allah onun saf etiqadda olduğunu insanlara izah edib demişdir: “(Ya Məhəmməd!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən ömrümü tamam etdikdən (və Öz dərgahına qaldırdıqdan) sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!” (“əl-Maidə” surəsi, 116,117)
Artıq bizə məlum oldu ki, Rəbbimiz hər şeyi yaradan və idarə edən, qüdrət və qüvvət sahibi olan, heç nəyə və heç kəsə möhtac olmayan, pak və müqəddəs olan Uca Allahdır. Şübhəsiz ki, O, hər bir məxluqu Öz hikmətilə yaratmış və bundan sonra da yaradacaqdır. Elə isə gəlin ilk əvvəl yaradılışımızın hikməti barədə düşünək. Heç ola bilərmi ki, bu həyatda yaşamağın məqsədi ancaq yemək-içmək, yatmaq və şəhvəti ödəmək olsun, xeyirxah insanlar mükafatsız, zalim insanlar da cəzasız qalsın? Bilin ki, Uca Allah bizi əbəs yerə yaratmayıb və şübhəsiz ki, hamımız Onun hüzuruna qaytarılacağıq. Allahın hüzuruna qaytarılacaqlarına inanmayan günahkar kəslərə isə belə deyiləcəkdir: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (“əl-Muminun” surəsi, 115)
Bu cür qınanılan aqibətə məruz qalan kəslərdən olmamağı arzulayan hər bir kəs indidən yaxşı-yaxşı düşünməli və Allahın məhəbbətini qazanmaq üçün əlindən gələni əsirgəməməlidir. Vay o kəslərin halına ki, onlar Allahı, Allah da onaları unutmuşdur. Elə isə Allahı xatırlayın ki, O da sizi yada salsın! Allahı yalnız müsibət gəldikdə xatırlayan kəslərdən olmayın. Onlar barəsində Uca Allah belə buyurur: “Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur! Məgər (Allahın) quruda sizi yerə batırmayacağına, yaxud (göydən) başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz). Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq (və ya Bizə qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz”. (“əl-İsra” surəsi, 67-69) Ayədən görünür ki, müsibət baş verdikdə insanlar ibadət etdikləri Tağutlardan üz döndərib yalnız Allaha sığınarlar, Ondan kömək diləyərlər. Təhlükə sovuşduqdan sonra isə onlarla bərabər həmin təhlükəyə məruz qalmış Tağutlara qurban, nəzir və s. verirlər. Əgər bu Tağutlar ilahi qüvvəyə malikdirlərsə onda nə üçün hər hansı bir müsibətə düçar olmalı və hamı kimi Allahın iradəsi altında qalmalıdır? Baxın görün Allah onların aciz olduğuna dair necə gözəl misal çəkir: “Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)” (“əl-Həcc” surəsi, 73)
Uca Allah bütün günahları insanlara başa salmaq, haqqı onlara bildirmək üçün vahid olan bir din göndərmişdir. O din ki, insanları tək olan Allaha ibadət etməyə və Tağutdan çəkinməyə çağırır. Odur ki, belə bir din haqda məlumatı olmayan hər kəsə bərzəx həyatından fərqli olaraq istədiyi cavabı verə biləcək bir məkanda və zamanda sual verirəm. . .
Dinin nədir?
Təbii ki, biz bu suala müxtəlif cür cavablar ala bilərik, lakin onlardan doğru olanı yalnız Allahın buyurduğudur. Uca Allah hər zaman insanlara elçilər göndərmişdir ki, onları təhrif olunmuş “dinlərdən” Onun haqq olan dininə qaytarsın. Elə isə gəlin baxaq görək Rəbbimiz ən hörmətli elçiləri barəsində nə deyir:
“(Bir zamanlar Nuh (a. s) belə demişdir): “Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!” (“Yunus” surəsi, 72)
“Rəbbi İbrahimə : "(Əmrimə) təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!" - deyə cavab vermişdi. İbrahim və (sonra da) Yə’qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (“əl-Bəqərə” surəsi, 131,132)
“Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, Ona təvəkkül edin!” (“Yunus” surəsi, 84)
“Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): "Mənə və peyğəmbərimə iman gətirin!" - deyə əmr etmişdim. Onlar isə: "Biz iman gətirdik və şahid ol ki, biz müsəlmanlardanıq” – dedilər”. (“əl-Maidə” surəsi, 111)
Bu ayələrdə xüsusi şəkildə qeyd olunan müsəlman kəlməsinin həmin elçilərin şəriət qayda-qanunlarına heç bir aidiyyatı yoxdur. Bütün peyğəmbərlərin etiqadlarının eyni olmasına baxmayaraq, Allah onların hər birinə özünəməxsus şəriət qanunları təyin etmişdir. Bu fikri təsdiqləmək üçün Uca Allahın bu kəlamı yetər: “Sizin hər biriniz üçün bir şəriət və bir yol tə’yin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür” (“əl-Maidə” surəsi, 48)
İslam kəlməsinin mənasına gəlincə, bu tövhidlə Allaha təslim olmaq, itaətlə Ona tabe olmaq, şirkdən və şirk əhlindən uzaq olmaq deməkdir. Odur ki, Uca Allah buyurur:
“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır”. (“Ali-İmran” surəsi, 19)
“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (“Ali-İmran” surəsi, 85)
İslam dininin üç mərhələsi vardır: İslam, iman və ehsan. Bunlardan hər birinin özünəməxsus əsasları vardır. Belə ki, islam beş əsasdan – şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həccə getməkdən ibarətdir. İbn Ömərin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “İslam beş (dayaq) üzərində qurulmuşdur: “Allahdan başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə yetirmək, zəkat vermək, evi (Kəbəni) ziyarət etmək və Ramazan orucunu tutmaq!” (“Səhihul-Buxari”, 8; “Səhih-Müslim”, 16) Hədisdə sadalanan bu beş əsası aşağıdakı ayələrdə də sübuta yetirmək olar. Uca Allah buyurur: “Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. ” (“Ali-İmran” surəsi, 18)
“Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (“əl-Əhzab” surəsi, 40)
“Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” (“əl-Bəyyinə” surəsi, 5)
“Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!” (“Ali-imran” surəsi, 97)
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə” surəsi, 183)
Yuxarıda qeyd olunanlardan aydın oldu ki, Allahın buyuruqlarının ən əsası beşdir. Biz bütün bunları diqqətlə nəzərə salsaq görərik ki, Uca Allahın vacib buyurduğu bu beş əsası yerinə yetirmək çətin deyildir. O ki qalsın Onun digər buyuruqlarına. . .
- hər bir insan “Əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rasulullah” (Tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun elçisidir) kəlməsini deməklə müsəlman olur.
- hər bir müsəlman gün ərzində ixtiyarına verilmiş iyirmi dörd saatın yalnız bircə saatını beş vaxt namaz qılmağa sərf edir. Qalan iyirmi üç saatını isə yeyir, yatır, işləyir və s. işlərlə məşğul olur.
- hər bir müsəlman il ərzində Allahın ona verdiyi bol ruzilərdən istədiyi qədər istifadə edir və yalnız ilin tamamında mövcud olan mal-dövlətinin, qızıl-gümüşünün qırxda bir hissəsini zəkat verir. Bu da yalnız imkanlı olan şəxslərə vacibdir.
- hər bir imkanlı müsəlmana ömrü boyu yalnız bircə dəfə həcc ziyarəti etmək vacibdir ki, bu da az bir vaxt aparır.
- hər bir müsəlman on iki ay yeyib-içir və yalnız bircə ay Ramazan ayı oruc tutur. Bu ayda da o ancaq gündüzlər oruc tutur. Gecələr isə yenə yeyib-içməyə davam edir.
Gördüyünüz kimi bütün bu sadaladıqlarım çox asanlıqla yerinə yetirilən əmələrdir. Bütün bunları bizim üçün asanlaşdıran Uca Allah belə buyurur: “Allah sizin üçün ağırlıq deyil yüngüllük istər. . . ” (“əl-Bəqərə” surəsi, 185)
Elə isə qoy bu qədər asanlaşdırılan bir dinin vacibatlarını yerinə yetirməyən insanlar Rəbbinin qarşısında nə cavab verəcəkləri barədə düşünsünlər. Qiyamət günü “məni başa salan olmayıb”, “bunları etməyə mənim vaxtım olmayıb”, “məni aldadıblar” və s. bu kimi bəhanələr qəbul olunmayacaq.
İslamın ikinci mərhələsi Allahın və peyğəmbərinin dediklərinə iman gətirməkdir. Ömərin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (s.ə.s) iman barəsində ondan soruşan Cəbrailə (a. s) (Cəbrail (a. s) peyğəmbərlərə vəhy gətirən mələkdir) belə demişdir: “Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə iman gətirməlisən, (həmçinin) xeyir və şərin qədərinin (Allah tərəfindən) təyin olunmasına da iman gətirməlisən!” (“Səhihul-Buxari”, 8; “Səhih-Muslim”, 16) Hədisdə sadalanan bu altı əsası aşağıdakı ayələrdə də sübuta yetirmək olar. Uca Allah buyurur: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanmaqdır” (“əl-Bəqərə” surəsi, 177)
“Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq” (“əl-Qəmər” surəsi, 49)
Qeyd etmək lazımdır ki, imanın şöbələri bu altı əsasla məhdudlaşmır. Belə ki, bunlar da daxil olmaqla onun altmışdan çox şöbəsi bizə məlumdur.
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: “İman altmış və bir neçə şöbədən ibarətdir, həya da imanın şöbəsindəndir”. (“Səhihul-Buxari”, 9) Başqa bir hədisdə isə: “İman yetmiş və bir neçə şöbədən ibarətdir. . . ” (“Səhihul-Muslim”, 151) ləfzilərə rəvayət olunmuşdur. Bu hədisə aydınlıq gətirən Əhməd ibn Həcər əl-Əsqəlani belə demişdir: “İmanın bu şöbələri üç qismə bölünür. Bunlardan bir qismi qəlb, bir qismi dil, bir qismi də bədən üzvləri ilə, icra edilən əməllərlə əlaqəlidir. Qəlb ilə icra edilən əməllərə etiqadları və niyyətləri misal çəkmək olar ki, bunların sayı iyirmi dörddür:
1 – 6 – Allaha, Onun mələklərinə, nazil etdiyi kitablara, göndərdiyi elçilərə, Axirət gününə, xeyir və şərin qədərinin Allahdan olmasına iman gətirmək;
7 – Allahı sevmək;
8 – Allah xatirinə sevmək və qəzəblənmək;
9 – Məhəmməd Peyğəmbəri (s.ə.s) sevmək və onun çox hörmətli olduğuna etiqad etmək;
10 – İxlaslı olmaq (səmimi qəlbdən Allaha ibadət etmək, nifaqdan və riyakarlıqdan uzaq olmaq) ;
11 – Tövbə etmək;
12 – Qorxmaq (yəni yalnız Allahdan qorxmaq) ;
13 – (Allahın rəhmətinə) ümid etmək;
14 – Şükr etmək;
15 – Vəfalı olmaq;
16 – Səbr etmək;
17 – Qəza və Qədərdən razı qalmaq;
18 – Təvəkkül etmək (yalnız Allaha arxayın olmaq) ;
19 – Rəhmli olmaq;
20 – Təvazökar olmaq;
21 – Təkəbbürlü və özündən razı olmamaq;
22 – Həsəd, paxıllıq etməmək;
23 – Kin saxlamamaq;
24 – Qəzəblənməmək.
- Dil ilə icra edilən əməllərə aid olan imanın şöbəsi isə yeddidir:
1 – Tövhid kəlməsini “Lə ilahə illəllah Muhəmmədən rəsulullah” tələffüz etmək;
2 – Quran oxumaq;
3 – Elm öyrənmək;
4 – Elm öyrətmək;
5 – Dua etmək;
6 – Zikr etmək;
7 – Faydasız sözlərdən uzaq olmaq.
- Bədən üzvlərilə icra edilən əməllərə aid olan imanın şöbəsi isə otuz səkkizdir:
1 – Zahiri və daxili təmizlik;
2 – Övrət yerini örtmək;
3 – Fərz və nafilə (vaciblərdən başqa Sünnədə varid olan əlavə ibadətlət) namazlarını qılmaq;
4 – Fərz və nafilə zəkatını vermək;
5 – Qul azad etmək;
6 – Yaxşılıq etmək, qonaqpərvər olmaq;
7- Fərz və nafilə orucunu tutmaq;
8 – Həcc və Ümrə (Kiçik həcc ziyarəti) ziyarəti etmək;
9 – Kəbənin ətrafında təvaf etmək;
10 – Etikaf etmək (Ramazan ayının axır on gününü məsciddə qalmaq) ;
11 – Qədr gecəsini ibadətlə keçirmək;
12 – Hicrət (şirk, küfr olan yeri tərk) etmək;
13 – Nəzir etdikdə onu ödəmək;
14 – Allaha itaət edib, Ona asi olmayaraq imanı artırmaq;
15 – Hər hansı bir günaha görə müəyyən cəriməni (kəffarəni) ödəmək;
16 – Evlənmək və ya ərə getməklə zinadan qorunmaq;
17 – Ailəni dolandırmaq;
18 – Valideynlərin qayğısına qalmaq, onlara asi olmamaq;
19 – Uşaqları tərbiyə etmək;
20 – Qohumluq əlaqələrini möhkəmləndirmək;
21 – Ağaya itaət etmək, qul ilə mülayim rəftar etmək;
22 – Ədalətlə hökm vermək;
23 – Müsəman camaatı ilə həmrəy olmaq;
24 – İxtiyar sahiblərinə (rəhbərlərə) itaət etmək;
25 – İnsanların arasında olan münasibətləri islah etmək;
26 – Yaxşılıq etməkdə əlbir olmaq;
27 – (İman daxilində) şəriət qanunlarını icra etmək;
28 – (Nəfslə, Şeytanla və s. ) cihad etmək;
29 – Əmanətə xəyanət etməmək;
30 – Borc aldıqda onu qaytarmaq;
31 – Qonşuya yaxşılıq etmək;
32 – Əxlaqlı olmaq, gözəl rəftar etmək;
33 – Lazımi yerə pul xərcləmək, israf etməmək;
34 – Salamı almaq;
35 – Asqırıb “əlhəmdulillah” (Duanın tərcüməsi: Həmd olsun Allaha!) deyənə “yərhəmukəllah” (Duanın tərcüməsi: Allah sənə rəhm etsin!) – demək;
36 – İnsanlara əziyyət verməmək;
37 – Faydasız əməllrdən çəkinmək;
38 – Əziyyət verən bir şeyi yoldan kənar etmək. (“Fəthul-Bari”, 1/68)
İslamın sonuncu mərhələsi isə ehsandır. Ömərin (r.a) rəvayət etdiyi hədisdə Cəbrail (a. s) Peyğəmbərdən (s.ə.s) ehsan barəsində soruşmuş və o belə cavab vermişdir: “Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən Onu görməsən də O səni görür!” (“Səhihul-Buxari”, 8; “Səhih-Muslim”, 16) Hədisdə qeyd olunan bu əsası aşağıdakı ayələrdə də sübuta yetirmək olar. Uca Allah buyurur: “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”. (”ən-Nəhl” surəsi, 128)
“O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da. Həqiqətən, (hər şeyi) eşidən bilən Odur” (“əş-Şüəra” surəsi, 218-220)
Bəşəriyyətə belə bir din göndərən Allaha şükürlər olsun! Həqiqətən, O, insanları dünya və axirətdə nicat tapmağa çağırır. Təəssüf ki, insanların əksəriyyəti bundan bixəbərdirlər və buna görə də üzürlü hesab olunurlar. Odur ki, Allah Öz bəndələrinə rəhm edir və onlara bu din təbliğ olunana qədər möhlət verir. Bu həqiqətlər onlara bəyan edildikdən sonra isə hər kəs etdiyi günaha görə özü məsuliyyət daşıyır. Elə isə bu risaləni oxuduqdan sonra üzürlü sayılıb-sayılmayacağınız, sorğu-sual olunub-olunmayacağınız barədə düşünün! “Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (“əl-İsra” surəsi, 15)
Artıq Rəbbimizin Allah və dinimizin islam olduğu sizə məlum oldu. İndi isə gəlin bu məlumatların necə əldə olunması barədə düşünək. Məgər bütün bu yazdıqlarım mənə yuxuda agah olub? Bəlkə bütün bunlar əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdir?! Xeyr! Bu nə yuxu, nə də əfsanədir. Əksinə, bir çox insanlar haqq olan bu dinin kim tərəfindən təbliğ olunduğundan xəbərsizdirlər. Nəzərə alsaq ki, bir çox insanlar haqq olan bu dinin kim tərəfindən təbliğ edildiyindən xəbərsizdirlər onda növbəti verəcəyim sual belədir – bu dini bəşəriyyətə çatdırmaq üçün Allahın seçdiyi elçi kimdir? Yaxud bərzəx aləmində veriləcək üçüncü sual olaraq. . .
Peyğəmbərin kimdir?
Şübhəsiz ki, hər bir müsəlman bu suala: “Məhəmməddir” – deyə cavab verəcək. Lakin biz onlardan bu insanın necə şəxsiyyət olması barədə soruşsaq bir çoxlarının məlumatsız olduğunu görəcəyik. Odur ki, belə bir şəxsiyyət barəsində az da olsa məlumatlı olmağımız gərəklidir.
Məhəmməd peyğəmbər (s.ə.s) miladi tarixilə 570-ci ildə anadan olmuş və uşaq ikən yetim qalmışdır. Peyğəmbər (s.ə.s) hələ doğulmamışdan atası Abdullah, altı yaşında isə anası Əminə vəfat etmişdir. Anası vəfat etdikdən sonra peyğəmbərin (s.ə.s) ata babası Əbdülmüttəlib onu öz himayəsinə götürmüşdür. Babasının vəfatından sonra isə əmisi Əbu Talib onun hamisi olmuşdur. Qırx yaşına çatdıqda Uca Allah onu seçib təkcə öz qövmünə deyil bütün insanlara Cənnətlə müjdə verən, Cəhənnəm əzabı ilə qorxudan elçi göndərmişdir. Məhəmməd (s.ə.s) islam dinini on üç il Məkkədə, on il də Mədinədə insanlara təbliğ etmiş və nəhayət altmış üç yaşında vəfat etmişdir. O, dini təbliğ edərkən bir çox çətinliklərlə üzləşmiş, kafirlərin əzab-əziyyətlərinə məruz qalmış, lakin bütün bunlara səbr etmişdir. Peyğəmbər (s.ə.s) təbliğatını tamamlayana qədər Uca Allah onu Şeytan və onun havadarlarının şərindən qorumuşdur. Rəbbimiz bu xüsusda belə buyurur: “Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (“əl-Həcc” surəsi, 52) Onun təbliğ etdiyi müqəddəs Quran on dörd əsrdir ki, olduğu kimi qalıb, qiyamətə qədər də belə qalacaqdır. Uca Allah bu xüsusda belə buyurur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (“əl-Hicr” surəsi, 9) “Batil ona nə önündən, nə də arxasından yol tapar. O, hikmət sahibi, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir”. (“Fussilət” surəsi, 42)
O (s.ə.s) peyğəmbərlərin sonuncusu olduğu üçün biz yalnız onun gətirdiyi şəriətə tabe oluruq. Lakin bu heç də o demək deyildir ki, digər peyğəmbərləri isə inkar edirik. Əksinə, Uca Allah bizə bütün peyğəmbərlərə iman gətirməyi əmr edir: “Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizi böyük mükafat gözləyir!” (“Ali-İmran” surəsi, 179) “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur’ana) inanmış və mö’minlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (“əl-Bəqərə” surəsi, 179) Odur ki, adları Qurani Kərimdə bizə məlum olan və olmayan peyğəmbərlərin hər birinin Allah tərəfindən seçilib insanlara göndərildiyinə iman gətiririk. Onların etiqadları eyni, gətirdikləri şəriət qanunları isə fərqli olmuşdur. Buna görə də biz bu peyğəmbərlərdən hər birinin etiqad etdiyinə etiqad edir və yalnız sonuncusunun şəriətinə tabe oluruq.
“Peyğəmbər sizə nə verirsə onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun!” (“əl-Həşr” surəsi, 7) “De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (“Ali-İmran” surəsi, 31)
Bu ayələrdən belə nəticə çıxır ki, Peyğəmbərin (s.ə.s) buyuruqlarını da yerinə yetirmək lazımdır. Məhəmməd (s.ə.s) insanlara yalnız Allah tərəfindən ona nazil olanı – Quran və onun izahını (Sünnəni) (Bu kəlmə lüğətdə yol, adət və s. mənaları ifadə edir. İstilahi mənada (şəriətdə) isə peyğəmbərdən (s.ə.s) varid olan hər bir kəlmə, hərəkət, (səhabələrinin hər hansı sözünü və ya hərəkətini) təsdiq etmə və sifət (fitri və ya əxlaqi dəyərlər)” Sünnə adlanır) təbliğ etmişdir. Uca Allah bu xüsusda belə buyurur: “O kefi istəyəni (havadan) danışmır. Bu ancaq nazil olan bir vəhydir” (“ən-Nəcm” surəsi, 3-4) “Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (“ən-Nəhl” surəsi, 44)
Quranı izah edn Peyğəmbərin (s.ə.s) Sünnəsinə gəlincə, bəzi islam alimləri (“əş-Şərhul-Mumti”, 1/484) onu altı qismə bölmüşlər:
Birinci: səbəblə bağlı olan Sünnə. Buna asqırdıqdan sonra “əlhəmdulillah” deməyi misal çəkmək olar. Belə ki, asqırmaq bu kəlməni ifadə etmək üçün səbəbdir. Əgər biz bunu səbəbsiz olaraq məsələn, əsnədikdə desək peyğəmbərin (s.ə.s) Sünnəsinə müxalif olmuş hesab olunuruq.
İkinci: keyfiyyətlə bağlı olan Sünnə. buna rüku və səcdəni misal çəkmək olar. Belə ki, səcdəni rükudan sonra etmək namazın keyfiyyətlərindəndir. Əgər biz əvvəl səcdə sonra da rüku etsək şübhəsiz ki, peyğəmbərin (s.ə.s) Sünnəsinə müxalif olmuş olarıq.
Üçüncü: miqdarla bağlı olan Sünnə. Buna gündəlik qılınan beş namazın rəkətlərinin sayını misal çəkmək olar. Məsələn sübh namazı iki rəkətdir artıq və ya əskik qılmaq Peyğəmbərin (s.ə.s) Sünnəsinə ziddir.
Dördüncü: cinslə bağlı olan Sünnə. Buna qurban bayramında (zil-hiccə ayının 10-u, 11-i, 12-i və 13-ü, yəni qurban günlərində) kəsilən qoç, öküz və dəvəni misal çəkmək olar. Belə ki, bu bayramda ətinin yeyilməsi halal olan başqa bir heyvan (dovşan, xoruz, qaz və s. ) qurban kəsmək sünnəyə müxalifdir.
Beşinci: zamanla bağlı olan Sünnə. Buna hər hansı bir namazın vaxtını misal çəkmək olar. Məsələn məğrib namazını gün batmamışdan əvvəl qılmaq Sünnəyə ziddir.
Altıncı: məkanla bağlı olan Sünnə. Buna etikafı (Ramazan ayının axır on gününü məsciddən başqa yerdə keçirmək Sünnəyə müxalifdir.
Deməli, hər bir müsəlman dini ayinləri yerinə yetirdikdə son dərəcədə diqqətli olmalı və Peyğəmbərin (s.ə.s) - əmrlərinə qarşı çıxmamalıdır. O yalnız dəlil-sübutla ibadət etməli və dinə əlavə edilmiş hər bir yenilikdən uzaq olmalıdır. Uca Allah belələrini hədələyib demişdir: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö’minlərdən (səhabələrdən) qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir. ” (“ən-Nisa” surəsi, 115) “Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (“ən-Nur” surəsi, 63) Peyğəmbərimiz (s.ə.s) onların əməllərinin qəbul olunmamasını xəbər verib belə demişdir: “Bizim bu işimizə (dinimizə) dindən olmayan bir yenilik gətirən kəsin bu əməli rədd olunur”. (“Səhih-Muslim”, 4467)
Təəssüf ki, bəzi insanlar iman gətirdiklərini dili ilə ifadə edir və: “Qəlbim təmizdir” – deməklə kifayətlənərək Allaha və Onun rəsuluna itaət etmirlər. Məgər ömrü boyu Allahın buyuruqlarını yerinə yetirən peyğəmbərlərin, səhabələrin, imamların və dədə-babalarımızın qəlbi təmiz deyildimi? Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinmək sənin qəlbinin daha təmiz olmasına gətirib çıxarmazmı? Bu barədə düşünməyə dəyər!
O zamanlar Məkkə müşrikləri peyğəmbərimizin gətirdiyi bu dini sehr, onun özünü isə sehrbaz, məcnun, kahin adlandırırdılar. Uca Allah onlar barəsində belə demişdir: “Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: "Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!" deyər, (Qur’an haqında isə: ) "Bu, uydurma yalandan başqa bir şey deyildir!" söyləyərlər. Kafir olanlara haqq (Qur’an) gəldikdə onun barəsində: "Bu yalnız açıq-aşkar bir sehrdir!" - deyərlər. ” (“Səba” surəsi, 43) “(Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: "Bu, açıq-aydın bir sehrdir", - deyərdilər. ” (“əl-Ənam” surəsi, 7) “Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!” (“Sad” surəsi, 4) “Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti sayəsində nə kahinsən, nə də divanə!” (“ət-Tur” surəsi, 29) “Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur!" - deyildiyi zaman təkəbbür göstərirdilər. Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!" - deyirdilər. ” (“əs-Saffat” surəsi, 35,36) Bu ayələrdən də görünür ki, o (s.ə.s) nə sehrbaz, nə də kahindir. Doğrusu Məhəmməd (s.ə.s) Allahın qulu və elçisidir. Burada qul deyildikdə onun ilahi sifətlərə malik olmadığı qəsd edilir. Yəni o, hamı kimi Allahın iradəsinə tabe olan bir insandır. Bu barədə Uca Allah belə buyurur: “De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!” (“əl-Əhzab” surəsi, 188)
Ayədən göründüyü kimi hətta peyğəmbər (s.ə.s) belə nə xeyir, nə də zərər vermək iqtidarında olmayıb. Elə isə nə üçün biz Allahdan qeyrisinin bizə xeyir və ya zərər verə biləcəyinə etiqad etməliyik? Məhəmmədin (s.ə.s) elçi olması isə onun digər insanlardan üstünlüyünü bildirir. Belə ki, Uca Allah onun bəzi xüsusiyyətləri ilə bütün insanlardan, hətta digər peyğəmbərlərdən belə üstün etmişdir. Bu xüsusiyyətlərdən:
- Peyğəmbərlərin sonuncusu olması;
“Lakin o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur”. (“əl-Əhzab” surəsi, 40)
Bütün bəşəriyyətə (insanlara və cinlərə) peyğəmbər göndərilməsi;
“De: “Ey insanlar! Mən Allahın sizing hamınız üçün göndərilmiş elçisiyəm”. (“əl-Əraf” surəsi, 158) “Doğrusu, biz hidayət yolunu göstərəni (Qur’anı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa mə’ruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar. Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. ” (“əl-Cinn” surəsi, 13,14)
- Quranın məhz ona nazil olması;
“Çünki Allah sənə Qur’anı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (“ən-Nisa” surəsi, 113)
- Qiyamət günü olacaq tərifəlayiq məqamda şəfaətçi olması;
“Ola bilsin ki, Rəbbin bəyənilib tə’riflənən bir məqama (axirət günü ən böyük şəfaət məqamına) göndərsin!” (“əl-İsra” surəsi, 79)
- Hər bir ümmətə etdikləri əməllərinə görə öz peyğəmbərinin şahid gətiriləcəyi Qiyamət günü, Məhəmmədin (s.ə.s) onlardan fərqli olaraq həm öz ümmətinə, həm də peyğəmbərlərə şahid gətirilməsi;
“(Ya Məhəmməd!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid tə’yin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?” (“ən-Nisa” surəsi, 41)
- Cənnətə daxil olan ilk şəxs olması;
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “Qiyamət günü mən Cənnətin qapısına yaxınlaşıb onun açılmasını dilədikdə gözətçi (mələk): “Sən kimsən?” – deyə soruşacaq. Mən “Məhəmmədəm” – deyə cavab verdikdə o deyəcəkdir: “Mənə əmr olundu ki, səndən öncə heç bir kimsə üçün qapını açmayım”. (“Səhih-Muslim”, 485)
- Beş xislətin ona verilməsi;
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəlki peyğəmbərlərə verilməyib: “Bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim, yer üzünün mənim üçün pak və məscid (İbadət yeri) olması – belə ki, ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır, qənimətlərin (Döyüşdə əldə edilən mal) mənə halal olması – belə ki, bu məndən qabaq heç bir peyğəmbərə halal olmayıb, Qiyamət günü (tərifəlayiq məqamda) şəfaət verməyim və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm”. (“Səhihul-Buxari”, 335; “Səhih-Muslim”, 1163)
Son söz
Uca Allahın köməyi sayəsində bu risaləni sona yetirə bildik. Buradakı yazılardan nə dərəcədə faydalanmaq isə sizin boynunuza düşən bir məsuliyyətdir. İstərdik ki, bu risaləni oxuyan şəxs hər bir zaman ölə biləcəyini unutmasın. Bu heç də o demək deyildir ki, insan dünya işlərini tərk edib, yalnız dini ayinlərin icrası ilə məşğul olub tərkidünya olsun. Əksinə, hər bir müsəlman öz dövlətinin inkişafı üçün əlindən gələni əsirgəməməlidir. Axı nə üçün dinimiz bizi elmə, tərəqqiyə çağırdığı halda digər qövmlərdən geri qalaq? Məgər biz ixtiralar, kəşflər etməkdə acizik? Məlumatlı olanlar çox gözəl bilirlər ki, İslam elm üzərində qurulan bir dindir. İslam insanları azad fəaliyyətə, inkişafa, tərəqqiyə və maarifə səsləyəndə bir çox qövmlər bu fəzilətlərdən xəbərsiz idilər. Odur ki, dinə və elmə eyni dərəcədə bağlı olmağınızı tövsiyə edirik. Çünki elmsiz dinin, dinsiz isə elmin faydası olmaz!