Bütövlükdə Rusiya 13 illik ağır müharibədən (1803-1813, 1826-1828-ci illər) sonra Azərbaycanın quzeyini işğal edə bilmişdir. Xalqımız üçün çox ağır olan bu müharibə illəri ərzində bir tərəfdən Azərbaycanın xanlıqlara ayrılan quzey hissəsinin mərkəzləşmiş türk Qacar dövlətinə tabe etdirilməsi uğrunda mübarizə gedir, digər tərəfdən isə Qacar şahzadəsi və vəliəhd Abbas Mirzənin başçılığı ilə işğalçı rus imperiyasına qarşı qəhrəmancasına müqavimət göstərilir, qanlı döyüşlər aparılırdı. Rus işğalçılarına qarşı qeyribərabər savaşda Car-Balakən camaatı, Cavad xanın başçılığı altında Gəncə əhalisi və s. Azərbaycan tarixinin şanlı səhifələrini yazdılar. İşğalçı rus qoşunlarının rəhbəri general Sisianovun Bakı qapılarında öldürülməsi və başının Təbrizə - vəliəhd Abbas Mirzəyə göndərilməsi də xalqımızın işğal faktına heç də müticəsinə boyun əymədiyini açıq-aydın göstərməkdədir. Azərbaycan xalqının ciddi müqaviməti ilə qarşılaşan rus imperiyası hərbi işğalı gerçəkləşdirib, siyasi-inzibati bölünmüşlüyü rəsmiləşdirdikdən sonra millətin müqavimət gücünü daha da sarsıda bilmək üçün çeşidli üsullarla “ayır-buyur” siyasətini geniş tətbiq edərək Azərbaycanı mənən, ruhən parçalamağa can atdı. Həmin üsullardan biri də Azərbaycanın quzeyini güneyindən süni şəkildə fərqləndirmək, qüzeydəki əhalini və onun dilini başqa adla adlandırmaq cəhdi idi. Rusiyanın ozamankı görkəmli şəxsiyyətlərindən olan, sonralar Tehrana səfir göndərilən və orada xalq tərəfindən doğranılan Qriboyedov Peterburqa öz hesabatında yazırdı ki, bu xalq birdir və hamısı özünü türk sayır. Biz ya Azərbaycanı bütövlükdə işğal etməliyik, ya da onu parçalayıb Arazdan şimalda yaşayanlara “oğuz”, yaxud “tatar” adı qoymaqla onları bir-birindən ayırmalıyıq. Başqa bir hesabatda isə təklif edilirdi ki, onları ölkənin adına uyğun azərbaycanlı… adlandırmaq daha doğru (oxu: imperiya məqsədlərinə daha yararlı) olardı. Bəli, xalqın “türk” adını “azərbaycanlı” adı ilə əvəz etmək fikri elə Türkmənçay müqaviləsi bağlanan andan meydana çıxmışdı.