- Əgər terrorizm İslam inanclarının kökünə həqiqətən yaxın olsaydı, onda beynəlxalq islamçı terrorun tarixi niyə məhz 1979-cu ildən başlayır?
- "İslamçı” "Komintern"in övladları: “Hizbullah” və “Əl-Qaidə”?
- İran rəsmiləri Tehran küçələrindən birinə niyə Ənvər Sədatın qatilinin adını verdilər?
- İranın keçmiş prezidenti Rəfsəncanidən terrora dəstəklə bağlı etiraflar…
- Kim terroru insan hüquqlarına qarşı hüquqların və məzlumların müdafiəsi sayır?
- Beynəlxalq terrorçular üçün təlim düşərgələrinin təşkili işində də bin Ladeni qabaqlayan qüvvə?
- Siyasi islamın və islamçl terrorun yaradıcıları olan nə Həsən əl-Bənna, nə Mavdudi, nə də Seyid Qütb ənənəvi dini təlim görməyib…
- Gilyotindən və ÇK-dan intihar bombalarınacan uzanan xətt… Yeni çağ: "Niyə?". Dəhşətli 11 sentyabr səhərindən sonra Qərbdə insanları üzən başlıca sual budur. Bu hadisəni törədən terrorçuların, mənsub olduqları hərəkatın məram, inanc və motivləri nədir? Niyə müsəlman gəncləri özlərini böyük bir məmnunluqla intihar bombalarına çevirir? Bu insanlar Qərbə bu qədər zorakı nifrət həddinə necə gəlib çatıblar? Öldürücü fanatizmin mənəvi, intellektual, siyasi və ruhi kökləri hansılardır? Suallar Qərb ekspertləri və şərhçilərinin beynini didib-dağıtdıqca radikal islamçı terrorçuluq (diqqət yetirin ki, biz "islami" demirik) qarşısında intellektual dalana dirəndikləri, təəssüf ki, daha aydın görünür. Bu, çox ciddi narahatlıq doğurur, çünki siyasi islamizmə və terrorçulara qarşı uzun və uğurlu mübarizə bu düşmənlərin kim olduqlarını və nə istədiklərini dəqiqliklə anlamağı tələb edir. Demokratiya tərəfdarları bunun fərqinə nə qədər tez varsalar, 11 sentyabrdan sonra daha da güclənən ideya və dəyərlər mübarizəsində qələbəyə o qədər yaxın olarlar. Liberal demokratik cəmiyyətlərin islamçı terrorizm önündə əlacsız qalması insana qəribə gəlir. Axı "terror" sözü müasir siyasi anlamında Fransa inqilabı ilə əlaqədar ilk dəfə 1793-cü ildə işlədilib və o vaxtdan bəri Qərbin, demək olar ki, hər bir ölkəsi müəyyən terror hərəkatı və yaxud rejimi təcrübəsi keçib. Bəs liberal demokratiyanın özü qədər "müasir məhsul" olan bu fenomen Qərb təhlilçilərinə nə üçün bu qədər qaranlıq bir şey kimi görünür? İslamçı terror dünya səhnəsinə ilk dəfə 1979-cu ilin İran inqilabı və həmin ilin noyabrında Tehrandakı ABŞ səfirliyinin zəbt edilməsiylə çıxıb. O vaxtdan siyasi islamizm yayılmağa başlayıb və bu terrorun cilovlanmasına yönəldilmiş ideoloji və siyasi vasitələrin böyük bir qismi uğursuzluğa düçar olub. Bu terror qloballaşaraq təkcə Qərbdə Mərakeş və Nigeriyadan tutmuş Şərqdə Malayziya və İndoneziyaya qədər uzanan geniş islam ayparası zolağında deyil, həmçinin Avropa, Hindistan, keçmiş Sovet İttifaqı məkanı, Amerika qitələri və hətta Çinin qərb rayonlarında at oynadıb.
İran inqilabından əvvəl terrorizmə bilavasitə müasir ideologiyaların doğurduğu nəticələr kimi baxılırdı. İslamçı terrorçular isə dini (din uğrunda) mübarizə apardıqlarını iddia edirlər. Lakin bu, həm ənənəvi İslama, həm də müasir demokratiyaya meydan oxuyan zorakı islamizmin əsl mahiyyətini ört-basdır edir. Əgər terrorizm, siyasi islamçıların və onların düşmənlərinin bir çoxunun iddia etdiyi kimi, İslam inanclarının kökünə həqiqətən yaxın olsaydı, onda beynəlxalq islamçı terrorun tarixi niyə məhz 1979-cu ildən başlayır? Bu sual islamçı terror şəbəkələrinin əməllərini israrla pisləyən bir çox məşhur islam alimləri və ilahiyyatşünaslarının bəyanatlarında da güclü əks-səda tapır. Bu, terrorçuların İslam ayələrinə istinadlarının saxta olduğunu üzə çıxarır. İslam tarixində "Əl-Qaidə"nin və yaxud "Hizbullah"ın törətdiyi amansız vəhşiliklərə bənzər heç bir presedent olmayıb. Hətta şiəliyin öz düşmənlərini məhv etmək üçün ölümə hazır insanlardan istifadə etdiyinə görə qatillər kimi tanınan İsmaili təriqəti belə "Hizbullah"ın, Üsəma bin Ladenin və onun tərəfdarlarının insanları ucdantutma qırmaq kimi kütləvi zorakılıq həddinə enməmişdi. Qadınları, uşaqları, bütün dinlərdən və növlərdən olan insanları - unutmayaq ki, Dünya Ticarət Mərkəzində müsəlmanlar da çalışırdı - heç nəyə fərq qoymadan, mənasızcasına qətlə yetirmək üçün özünü öldürməyin İslamla heç bir əlaqəsi yoxdur. Müasir islamçı terror əslində indiki dövrə aid problemdir və ona İslam ənənələri və etikasından adda-budda istifadə etməklə dini don biçilir.
İslamla terrorizm arasındakı gərginliyi 1985-86-cı illərdə Parisi sarsıdan bomba partlayışlarında iştirak edən Fuad Əli Salehin mühakiməsi zamanı iki müsəlman arasındakı dialoq daha bariz nümayiş etdirir. Partlayış zamanı ağır dərəcədə yanıb xəsarət alan qurbanlardan biri Salehə üz tutur: "Mən mömin bir müsəlman kimi gündə beş dəfə namaz qılıram. Bəyəm Allah sənə körpə uşaqları, hamilə qadınları bombalamağımı buyurub?" Saleh isə cavabında deyir: "Sən axı əlcəzairlisən. Bunların (fransızların) sizin atalarınızın başına nə müsibət gətirdiklərini unutma".
Öz əməllərinə dini təməl üzərində mübarizə donu geydirmək üçün bu terrorçu Quran ayələrindən deyil, sekulyar milliyyətçi narazılıqlardan yararlanmağa çalışır.
İslamizmin genologiyası
"Panislamizm" ideyası (1) hərəkatı 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində ənənəvi müsəlman cəmiyyətlərinin sürətlə milli dövlət strukturuna keçməsi dövründə meydana çıxıb. Totalitar ideologiyaya islami görkəm verilməsində misirli məktəb müəllimi Həsən əl-Bənna (1906-49) misilsiz rol oynayıb. Misir millətçiliyi ideyasının dərin təsiri altında olan əl-Bənna 1928-ci ildə Qərb təsirlərinə qarşı mübarizə aparan "Müsəlman qardaşları" təşkilatının əsasını qoyub.
1930-cu illərin sonlarında nasist Almaniyası Misir ordusundakı gənc inqilabi zabitlərlə, o cümlədən "Müsəlman qardaşları" təşkilatına yaxın olanların çoxu ilə əlaqə yaratmışdı. Başlanğıcda xeyriyyəçilik, cəmiyyət və mədəniyyət fəaliyyətləri ilə məşğul olan bu təşkilat hələ xeyli əvvəldən gənclər qanadına malik idi; təşkilat liderinə qeyd-şərtsiz tabe olan bu yarımhərbi qanadın "İş gör, tabe ol, sus" şüarı İtaliya faşistlərinin "İnan, tabe ol, döyüş" şüarı ilə səsləşirdi.
Əl-Bənna faşistlərdən, eləcə də Avropanın yalançı "transformativ və təmizləyici" inqilabi zorakılıq ənənəsindən siyasi mübarizə forması kimi qəhrəmancasına ölmək ideyasını da mənimsəmişdi. İndi Qərbdə çox az adam xatırlasa da, ölümün estetikləşdirilməsi, silahlı gücün öyülməsi, özünü qurban verməyə səcdə edilməsi və "soykökün təbliği"nə inancın 20-ci əsrin əvvəllərində həm ifrat sağçıların, həm də ifrat solçu elementlərin iliyinədək işlədiyini gizlətmək çox çətindir. Bənnanın ardıcılları olan bugünkü siyasi islamçı döyüşçülərin qucaq açdığı terrorun özünü qurban vermək kultunun İslamın nə sünni, nə də şiə təriqəti ilə hər hansı əlaqəsi var (2).
İkinci dünya müharibəsində müttəfiq qoşunlarının qələbəsindən, 1949-cu ilin əvvəllərində Bənnanın qətlindən və 1952-54-cü illər Misir inqilabından sonra "Müsəlman qardaşları" sekulyarlaşmaqda olan hərbi hökumətin onlara düşmən münasibəti və Misir kommunistlərinin ciddi rəqabəti ilə üzləşdi. "Müsəlman qardaşları"nın baş ideoloqu və kommunistlərlə əlaqələndiricisi Seyyid Qütb (1906-1966) bugünkü siyasi islamizmin bünövrəsini qoyan ideoloji xəttin çərçivəsini hazırlayıb. Qütb təkcə Bənnanın deyil, həm də pakistanlı yazıçı və aktivist Seyyid Əbül-Üla Mavdudinin də (1903-1979) ardıcıllarından idi. Mavdudi 1941-ci ildə "Camaate-İslami-e-Pakistan" (Pakistan İslami Məclisi) təşkilatını yaradıb və bu qurum o qədər güclü elektorat dəstəyinə iddia edə bilməsə də, Pakistanda mühüm siyasi güclərdən biri olaraq qalır (3). Əvvəllər tərəfdarı olduğu nasionalizm (millətçilik) ideyasından imtina etməsi Mavdudini İslamın siyasi rolu ilə maraqlanmağa sövq edir. Hər cür millətçiliyi ittiham edən Mavdudi ona "küfr" damğası vurub, marksist terminologiyadan yararlanaraq həm Qərbə, həm də ənənəvi İslama qarşı mübarizə aparmağı təbliğ edib, "inqilab", "dövlət" və "ideologiya" kimi mühüm məfhumları "islami" sifətiylə zənginləşdirib.
Hər iki xələfi kimi, Qütb də ənənəvi dini təlim görməyib. Dövlət müəllimlər kollecini bitirdikdən sonra 1948-ci ildə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. Bir Misir millətçisi kimi 1950-ci ildə vətənə qayıtdıqdan sonra "Müsəlman qardaşları" təşkilatına qoşulub. Qütbün islamçı düşüncəsi müasir kapitalizmin və təmsilçi demokratiyanın marksist və faşist tənqidinə dair biliklər əsasında formalaşıb. O, tək bir partiya - İslami Yenidən Doğuluş Partiyasının idarə etdiyi monolit dövlət qurmağa çağırırdı. Mavdudi və bir çox Qərb totalitaristləri kimi, o da öz cəmiyyətini (yəni dövrün müsəlman cəmiyyətlərini) düşmənlərin əhatəsində görürdü və onun fikrincə, ağıllı, ideoloji cəhətdən şüurlu aparıcı azlıq yeni və tamamilə ədalətli cəmiyyəti qurmaq uğrunda zorakı çevriliş də daxil olmaqla, bütün zəruri vasitələrdən istifadə edərək mübarizə aparmalıdır. Onun ideal hesab etdiyi cəmiyyət sinifsiz olmalıydı və burada liberal demokratiyalardakı "fərdiyyətçilik" qadağan edilməli, "insanın insanı istismarı"na son qoyulmalıydı. Və bu cəmiyyəti İslam qanunlarının tətbiq edilməsiylə yalnız Allah idarə edəcəkdi. Əslində, bu, İslam libasında leninizm demək idi(4).
İranla bağlılıq
Bənna və "Müsəlman qardaşları" müxtəlif İslam məktəblərini əhatə edən həmrəylik şəbəkəsi yaratmaq tərəfdarıydılar (5). Bəlkə də qismən bu ekumenizmə görə biz "qardaşlar"ın hələ lap erkən, 1945-ci ildə dünya şiələrinin əksəriyyətinin vətəni olan İrana nüfuz etdiyini görə bilirik. Həmin il İraqdan vətənə qayıdan Nəvab Səfəvi adlı iranlı molla burada terrorçu qrup yaratmağa başlayır və həmin qrup bir sıra dünyəvi İran intellektualını və siyasətçisini qətlə yetirir. 1953-cü ildə Səfəvi "Müsəlman qardaşları"nın dəvətiylə Misirə səfər edir və çox güman ki, burada Qütblə görüşür. 1955-ci ildə ölkənin baş nazirinə qarşı uğursuz sui-qəsddən sonra Səfəvinin yaratdığı qrup dağıdılsa və onun özü edam edilsə də, təşkilatın bəzi sabiq üzvləri 1979-cu ildə İslam inqilabını həyata keçirən ayətullah Xomeyni (1900-1989) ilə bir sırada duran ən mühüm simalardan olurlar. Xomeyni özü siyasi fəaliyyətə ilk dəfə 1962-ci ildə, digər ayətullahlara qoşularaq şahın torpaq islahatı və qadınlara seçki hüququ verilməsi siyasətinə qarşı mübarizə aparmaqla başlayıb. O dövrdə Xomeyni hələ inqilabçı deyildi, sadəcə müasirləşmədən narahatlıq keçirən və mənsub olduğu ruhani təbəqəsinin imtiyazlarının qorunub saxlanılmasına çalışan adi bir ənənəçiydi. Tərəfdarları 1963-cü ilin iyununda şəhərləşmənin inkişafına qarşı ayağa qalxanda həbs olundu və bunun ardınca da əvvəlcə Türkiyəyə, sonra isə İraqa sürgün edildi. Onun həyatında dönüş nöqtəsi 1970-ci ildə baş verdi; bu vaxt hələ də İraqda yaşayan Xomeyni ənənəçilikdən totalitarizmə keçən az sayda şiə avtoritetlərindən biri oldu. O da daha çox Mavdudi kimi, islam dövləti qurmağa çağırırdı və Qütbdən ilhamlanaraq bütün qeyri-teokratik (qeyri-dini) rejimlərə bütpərəst damğası vuraraq lənətləyirdi. Onun İrandakı ardıcılları digər ideyalarla yanaşı, Qütbün və Mavdudinin də ideyalarını yayan islamçı mədəniyyət assosiasiyasında aktiv fəaliyyət göstərirdilər. Xomeyninin tələbələri dünyanın ən aparıcı inqilab mədəniyyətinin - marksizm-leninizmin təsirinə məruz qalmış bütöv bir nəsli islamçı hərəkata qazandırmaq üçün Qütbün ideologiyasından istifadə edirdilər.
Xomeyni islamçı terrorizm hərəkatı tarixində ona görə ən böyük fiqura çevrildi ki, o, belə fəaliyyəti özünə rəva bilən ilk həqiqi dini fiqur idi. Gənclərə olan güclü təsirinə baxmayaraq, İran inqilabından əvvəlki siyasi islamizm marginal, qeyri-ortodoks bir cərəyan olub. Qütb və Mavdudi sünni üləmaların inkar etdiyi və yaxına buraxmadıqları ilahiyyat diletantları idilər. Hətta "Müsəlman qardaşları" belə Qütbün ideyalarını rəsmən inkar edirdi. Xomeyni isə formalaşmış din alimi kimi müasir islamçı totalitarizmə onun son dərəcə ehtiyac duyduğu dini mötəbərlik gətirmişdir.
Vaxtilə torpaq islahatına və qadınların seçki hüququna qarşı çıxan Xomeyni hakimiyyətə gəldikdən sonra "tərəqqipərvər"ə çevrilərək geniş milliləşdirmə və ekspropriasiya (cəmiyyətdə bir sinif və ya ictimai qrup tərəfindən başqa sinif mülkiyyətinin zorla əlindən alınması - red.) proqramları həyata keçirməyə, inqilabi təbliğat və səfərbərlik kampaniyalarında qadınlardan istifadə etməyə başladı. Leninçi xüsusiyyətlərin - terror, hərbi tribunallar və inqilab keşikçiləri, inzibati təmizləmə əməliyyatları və mədəni inqilab siyasətinin onun idarəçilik üsulunda üstünlük təşkil etməsi, habelə SSRİ-yə qarşı loyal münasibəti ruhani həmkarlarının əksəriyyətinin ondan uzaqlaşmasına səbəb oldu. Bununla belə, ona moskvapərəst İran Kommunist Partiyasının fəal dəstəyini qazandırdı: bu partiya 1979-cu ildən 1983-cü ilə qədər yeni teokratiyanın qulluğunda dayandı.
İslamçı "Komintern"
Bu əlaqələrdən də güman edildiyi kimi, siyasi islamizm, kövrək də olsa, panmüsəlman fenomenidir. Ənənəvi dini, etnik və siyasi bölgülərdən (şiələr sünnilərə, farslar ərəblərə qarşı və s.) qaynaqlanan mövcud fərqliliklərinə görə islamçı terror qruplarını bir-birindən ayırmağa çalışmaq mənasız və lazımsız bir işdir. Səbəbi çox sadədir: islamçı qrupların özləri Qərbə qarşı birgə mübarizə aparmağı, eləcə də bütün müsəlman dünyasına nəzarəti gücləndirməyi onları bir-birinə qarşı qoya biləcək istənilən fərqliliklərdən son dərəcə vacib hesab edirlər.
Livanda yerləşən və İranın himayə etdiyi "Hizbullah" bu baxımdan ən yaxşı misal ola bilər. Bu təşkilatıın əsasını qoyan iranlı əvvəllər Xomeyninin yaxın köməkçisi olub; o, ruhani deyil, parktik mühəndis olan gənc bir misirli islamçını öz təsiri altına salıb və həmin misirli tamamilə dini xarakter daşıyan bir termini ilk dəfə siyasiləşdirib. Bu təşkilata diqqətlə nəzər saldıqda onu yaradanların və liderlərinin ideologiyasına marksizm-leninizmin güclü təsirini aydın görmək olar. Bu qrupun hazırkı lideri Məhəmməd Hüseyn Fədlallah Marksın və Nitsşenin zorakılıq nəzəriyyələrindən bəhrələnərək terror metodları və solçu təşkilatlarla taktiki müttəfiqliyi açıq şəkildə müdafiə edir. "Hizbullah" islamçı "Komintern"in ən uğurlu övladıdır.
Sonralar "Əl-Qaidə"nın əsasını təşkil edəcək müstəqil sünni terrorçu şəbəkəsi də İran inqilabından ruhlanıb. Tehran rejimi, demək olar ki, 1982-ci ildən sünni ruhanilər arasında öz fikirlərini yaymaq üçün təbliğat orqanları yaratmağa başlayıb. Bu səylərin ən vacib məqsədi "xalq islamı"nı "təcavüzkar isteblişment islamı"na qarşı səfərbərliyə almaq idi. Bir çox səbəbə görə bu şəbəkə zəif təşkil olunmuş halda qalsa da, onun bütün qanadları eyni ideoloji kökdən gəlir və həmin ideologiya ilə qidalanır(6).
İran İslam inqilabının təsirini 1981-ci ilin oktyabrında Misir prezidenti Ənvər Sədatı qətlə yetirən Misir İslami-Cihad Təşkilatının üzvlərində də izləmək mümkündür. Bu təşkilatın nəzəriyyəçisi - Əbdüssəlam Fərəc adlı bir mühəndis terrora haqq qazandırmaq üçün tez-tez Qütbdən sitat gətirməyi çox xoşlayırmış. Sui-qəsdçilər qətli icra edən kiçik rütbəli zabitlər də daxil olmaqla, İran modelindən ruhlanmışdılar və belə güman edirdilər ki, Sədatın ölümü xalq kütlələrini ayağa qaldıracaq və bu da iki il əvvəl Tehranda baş verən hadisələrin Qahirədə təkrarlanması ilə nəticələnəcək (İran rəsmiləri sonralar Tehranda bir küçəyə Ənvər Sədatın qatilinin adını verdilər).
İslam tarixi və təlimlərinin təhrif edilməsi
Bu nümunələrdən də göründüyü kimi, terror qrupları arasında mövcud ola biləcək hər cür fərqlilik onların ümumi ideoloji inanclar naminə hər an birləşməyə və əməkdaşlıq etməyə hazır olmaları səbəbindən kölgədə qalmaqdadır. Bu inanclar əslində islami deyil, islamçı adlandırılır, çünki onlar faktiki olaraq İslamla ziddiyyət təşkil edir və biz gərək terrorçuların İslam dini terminologiyasından istədikləri kimi istifadə etmək və onu öz təhrifləriylə çirkləndirmək kimi vərdişlərinin bu ziddiyyəti ört-basdır etməsinə imkan verməyək. İslamçıların hicrətlə - bizim eranın 622-ci ilinin sentyabrında Məhəmməd peyğəmbərin ilk dəfə olaraq tam şəkildə və müstəqil islam cəmiyyəti (ümmə) qurmaq üçün Məkkədən Mədinəyə səfəriylə bağlı şərhi buna əyani misal ola bilər. Onların dediklərinin əksini sübut edən zəngin tarixi və doktrinal sübutların mövcudluğuna baxmayaraq, alayarımçıq təhsilli islamçılər peyğəmbərin bu səfərini inqilabi sıçrayış kimi qələmə verir, öz radikal utopik görüşləri zəminində müasir İslam ölkələrini dünyadan təcrid etmək arzularına haqq qazandırmaq istəyirlər.
İran İslam inqilabı da qeyri-ortodoksallığa, daha doğrusu, islami yurisprudensiyanın (faqih) yeganə, ən ali yurisprudensiya kimi absolyut gücə malik olması barədə Xomeyninin qeyri-adi və hətta idiosinkretik nəzəriyyəsinə söykənir. Təsadüfi deyil ki, Xomeyni rejiminə qarşı ilk qiyam tanınmış ayətullah Şəriətmədarinin rəhbərliyi altında baş qaldırıb. Rejim rəsmiləri etiraf edir ki, İran mollalarının çoxu həmişə Xomeynizm görüşünə ehtiyatla yanaşıb. Ona da diqqət yetirmək vacibdir ki, Xomeyninin öz üsul-idarəsinə haqq qazandırmaq üçün istifadə etdiyi dini sitatlar bir əsr əvvəl islam təməli əsasında parlamentarizmin və xalq suverenliyinin legitimliyini sübut etməyə çalışan məşhur ayətullahın gətirdiyi sitatlarla hərfbəhərf eynilik təşkil edir. Quran ayələrinin özü onları çox fərqli və hətta ziddiyyətli şəkildə şərh etməyə imkan verir. Buna görə də əgər biz siyasi islamizmin və onun öz uydurma cəmiyyəti uğrunda apardığı müharibənin - beynəlxalq terrorizm isə onun yalnız bir cəbhəsini təşkil edir - mahiyyətini başa düşmək istəyiriksə, onda İslam dini mənbələrinə deyil, başqa şeylərə nəzər salmalıyıq(7).
Bin Ladenin 1998-ci ildə Birləşmiş Ştatlara qarşı cihad elan etməsi barədə yığcam məqaləsində Qernard Luis bin Ladenin təkcə faktları deyil (məsələn, o, dəvət edildiyi üçün Səudiyyə Ərəbistanında yerləşdirilmiş ABŞ hərbi qüvvələrini "müdaxiləçi səlibçilər" adlandırır), həm də dünyanın hər yerində rast gəlinə bilən bütün ABŞ vətəndaşlarını heç bir fərq qoymadan qırmağa çağırmaqla İslam doktrinasının özünü təhrif etdiyini parlaq şəkildə açıb göstərir. İslam hüququnda (şəriətdə) faktiki müharibə dövründə cihad elan edilməsinin nəzərdə tutulduğunu öz oxucularına xatırladan Luis bu qənaətə gəlir ki, "əsas İslam mətnləri heç bir halda terrorizm və qətl törətməyi buyurmur. Onlar hətta heç bir halda qeyri-müsəlmanlara qarşı təsadüfi zorakılığı da nəzərdə tutmur" (8).
İranlıların uydurduğu və sonra bin Ladenin mənimsədiyi terrorçu cihad ideyasına güc verən şey onun öz kökü etibarilə Quranla bağlılığı deyil (çünki heç belə bir bağ da yoxdur), terror aktlarının vəhşicəsinə uğurla həyata keçirilməsidir. Bin Laden ABŞ-ın Livandan çıxarılması məqsədilə İranın sponsorlaşdırdığı və 1983-cü il oktyabrın 23-də Beyrutda 241 Amerika hərbi dənizçisinin və digərlərinin ölümü ilə nəticələnən intihar bombasının partladılmasından xüsusi rəğbətlə danışıb. Həmçinin beynəlxalq terrorçular üçün təlim düşərgələrinin təşkili işində də bin Laden birinci olmayıb, burada da Tehran rəsmiləri onu xeyli qabaqlayıblar (9).
Bu rəsmilərdən biri - sonralar İranın dövlət başçısı olmuş Əli Əkbər Haşimi Rəfsəncaninin 1989-cu ildə cümə namazlarının birindəki çıxışı islamçı terrorizmin məntiqini daha yaxşı açıb göstərir. İslama qarşı geniş küfr müharibəsində İsrailin mövcudluğunun xüsusi bir cəbhə təşkil etdiyini bildirən Rəfsəncani deyir: "Əgər bu gün Fələstində öldürülən hər bir fələstinlinin əvəzinə beş amerikalı, ingilis və yaxud fransız öldürülərsə, onlar bir daha belə əməllərə yol verməzlər… Amerikalılar dünyanın hər yerinə səpələniblər… Onlar İsraili müdaifə edirlər. Onların qanının hər hansı bir dəyəri varmı? Fələstindən kənarda onları qorxudun ki, özlərini rahat hiss edə bilməsinlər… Ölkədə yüz minlərlə fələstinli var. Onlar oxuyur, işləyirlər… Fələstinin düşmənlərinə xidmət edən zavodlar fələstinlilərin əməyi hesabına fəaliyyət göstərir. O zavodları partladın. Harada işləyirsiniz, orada bir iş görün… Qoyun sizə terrorçu desinlər… Onlar ("informasiya və təbliğat imperializmi") cinayətlər törədir və bunu insan hüquqları adlandırırlar. Biz də onu hüquqların və məzlumların müdafiəsi adlandıracağıq".
Burada dinə heç bir istinad yoxdur; Rəfsəncaninin bu müraciəti tamamilə siyasi xarakterlidir. O, insan hüquqlarını Qərbin cinayəti adlandırır, buna qarşı, məzlumların hüquqlarını müdafiə etmək üçün müsəlmanları terrora çağırır. Bundan əlavə, Rəfsəncani "terror"u tövsiyə edərkən bu sözün fars və ya ərəb dilindəki ekvivalentindən deyil, ingiliscəsindən istifadə edir. Beləliklə, o, Leninin Fransa inqilabından əxz etdiyi eyni - "la terreur" terminini işlədir. Gilyotindən və ÇK-dan intihar bombalarınacan uzanan xətt aydın görünür.
Müasir siyasi terrorun meydana çıxdığı fransız inqilabına bir anlığa nəzər salaq. 1793-cü ilin sentyabrında Fransadakı inqilabı hökuməti idarə edən "müdrik azlıq" öz cəmiyyətinə qarşı müharibə elan etmişdi. Bu müharibənin məğzini iki "xalq" anlayışı arasındakı qanlı toqquşma təşkil edirdi. Bunlardan biri həqiqətən mövcud və ayrılmaz hüquqlara malik fərdlərdən ibarət 25 milyonluq qrupu nəzərdə tuturdu. Digəri isə mahiyyət etibarı ilə ideoloji bir qurama, mücərrəd, bölünməz və mistik bir qurum olub absolyut hakimiyyətə malik idi. Fransız inqilabının törətdiyi terror nə bir yanlışlıq, nə də təsadüfi bədbəxt hadisəydi; həmin inqilab bu mistik qurumu terroristlərin korruptiv hesab etdikləri təsirlərdən arındırmaq məqsədi güdürdü və onlar insan fərdlərinin alınmaz hüquqlarını da bu cür təsirlər siyahısına daxil etmişdilər.
İslamçı inqilab ideoloqlarının çıxışları yakobinçi fransız terrorçularının çıxışları ilə səsləşir. İnsan hüquqlarının lənətləndirilməsi müsəlman cəmiyyətindəki daxili çəkişmələrin Qərb əleyhinə müharibəyə yönəldirdiyinə işarə edir. Dünya Ticarət Mərkəzinin partladılmasından sonra bin Ladenin dediyi sözləri eşitmək bunun üçün kifayətdir: "Azadlığın, insan hüquqlarının və insanlığın simvolu olan qorxunc qüllələr məhv edilmişdir. Onlardan yalnızca toz dumanı qalmışdır". Son 20 ildə qərblilərə qarşı törədilən hər bir islamçı terror kampaniyası dünyanın hər yerindəki müsəlman əhalisini qorxu içərisində saxlamaq məqsədini güdən islamçı cəhdlərlə bağlıdır. "Taliban"la "Əl-Qaidə"nin Əfqanıstan xalqını məruz qoyduğu məşəqqətləri və yaxud adi əlcəzairlilərin 1990-cı illərdə baş verən islamçı vətəndaş müharibələrindən nələr çəkdiklərini düşünün. Və yaxud, İranda insan hüquqlarının tanınması ümidlərinin dövlət terroru səbəbindən günbəgün necə puça çıxdığını fikirləşin. Qərbə qarşı terrorla müsəlmanlara qarşı tiraniya arasındakı əlaqənin tam tədqiqi ayrıca məqalə mövzusudur. Amma 1979-cu ildə Tehranda Amerika səfirliyinin girov götürülməsiylə ABŞ-a qarşı ilk islamçı terror aktına nəzər salmaqla bu əlaqənin təbiəti haqqında müəyyən fikir söyləyə bilərik.
Demokratiyanın girov götürülməsi
1981-ci ildə girovlar azad edildikdən sonra Tehran rəsmiləri öz qələbələrini təntənəli surətdə bayram etdilər, baş nazir Məhəmməd Əli Rəcai onu "dünyanın sosial tarixində ən böyük siyasi nailiyyət" və "dünyanın ən qüdrətli şeytani gücünü diz çökdürən" hərəkət adlandırdı. İlk baxışdan bu iddia bir qədər gülünc görünə bilər, çünki Birləşmiş Ştatlar inqilabi hökumətin şahın təslim edilməsi və İranın xarici banklardakı hesablarına qoyulan sanksiyanın aradan qaldırılması ilə bağlı tələblərinə "yox" demişdi. Amma bu hadisəyə daha diqqətlə nəzər saldıqda məlum olur ki, İran islamçıları, əslində həm Birləşmiş Ştatlar, həm də daxili opponentləri üzərində çox böyük siyasi və ideoloji qələbə qazanmışdılar.
ABŞ səfirliyi zəbt edilərkən Xomeyni və onun tərəfdarları öz despotik rejimlərini hələ tam şəkildə möhkəmləndirə bilməmişdilər. Ekspertlər Şurası İslam Respublikasının konstitusiyasını hazırlayırdı. Həm dini, həm də mötədil dünyəvi dairələrdə müxalifət günbəgün güclənirdi. Öz mətbuat orqanlarına qadağa qoyulmasından acıqlı olan marksist-leninçi solçuların narazılığı artırdı. Etnik kürdlər və azərilərin məskunlaşdığı həssas sərhəd bölgələrində açıq qiyamlar baş verirdi. Özünün radikal tələbə kadrlarını ABŞ səfirliyini zəbt etməyə və onun əməkdaşlarını girov götürməyə göndərməklə İran rejimi bir güllə ilə iki quş vurdu və hətta geniş tənqid olunan konstitusiyasını qəbul etdirmək üçün özünə münasib mövqe qazandı. Rəfsəncaninin həmin aktı necə dəyərləndirdiyi bu baxımdan çox ibrətamizdir: "İnqilabın ilk aylarında Vaşinqton İranda dövlət çevrilişi həyata keçirmək qərarına gəlmişdi. Həmin ideyaya görə, İran qruplarının daxilinə nüfuz edilməli və inqilabı aradan qaldıracaq hərəkat yaradılmalıydı. Ancaq ABŞ səfirliyinin zəbt edilməsi və xalqın ABŞ-a qarşı zorakı çıxışları bu planı neytrallaşdırdı və ABŞ-ı müdafiə vəziyyətinə keçməyə məcbur etdi" (10).
Belə bir versiyanı parodiya kimi də qəbul etmək olar: 1979-cu ildə ABŞ hökumətinin İranda dövlət çevrilişi etməyə nə niyyəti, nə də imkanı vardı. Ancaq totalitar insanlar adətən özləri uydurduqları ezoterik dildə danışırlar. İnqilabi Fransada terroru idarə edənlər öz ölkələrinin ən tanınmış respublikaçılarına "monarxist" damğası vuraraq gilyotinə göndərmişdilər. Bolşeviklər mübarizəyə qalxan fəhlələri və Kronştadt dənizçilərini "bandit" və "əksinqilabçı" adlandıraraq qırmışdılar. İnsan hüquqlarının genişləndirilməsi 1979-cu ildə Birləşmiş Ştatların xarici siyasətinin ən başlıca aspekti elan edilmişdi. Rəfsəncaninin məntiqinə görə, insan hüquqlarından danışan istənilən İran qrupu bu yolla özünün ABŞ aləti olduğunu iddia etmiş olurdu.
Digər tərəfdən, girovların azad edilməsi ilə bağlı gərgin və qarmaqarışıq danışıqlar düyünə düşdüyünə görə ABŞ prezidenti Cimmi Karter və onun administrasiyası İranda demokratiyanın müdafiəsinə həsr olunan istənilən danışıqdan qaçırdı. Halbuki İran şahının dəstəklənməsinə son verilməsi haqqında Karterin riskli qərarının əsasını məhz bu məsələ təşkil edirdi. Buna baxmayaraq, inqilabi rejim stalinçi taktikadan istifadə edərək daha geniş təmsilçilik hökumətindən danışan hər kəsi ABŞ-ın casusu elan etməyə başlamışdı (11). Girovlarla bağlı böhran dövründə islamçı rejim antiamerikanizm siyasətini İranda elə aparıcı mövzuya çevirdi ki, İran marksistləri onu müdafiəyə qalxdılar və Moskva yeni teokratik hökumətə öz susqun müdafiəsini daha da genişləndirdi.
1980-ci il aprelin 25-də ABŞ-ın "Səhra Bir" xilasetmə hərbi əməliyyatı uğursuzluğa düçar olduqdan və səkkiz aylıq danışıqlardan sonra ABŞ hökuməti girovların azad edilməsinə, nəhayət ki, nail ola bildi. Bunun üçün o, İran inqilabının legitimliyini tanımalı, İranda insan hüquqları və beynəlxalq qanunların kobud şəkildə pozulmasına baxmayaraq, bu ölkəyə qarşı beynəlxalq təşkilatlar qarşısında heç bir iddia qaldırmayacağına söz verməli oldu. Bu cür güzəştlərə getmək o dövr üçün zəruri görünsə də, retrospektivdə biz həmin güzəştlərin islamçıları Qərbə və onun insan hüquqları barədə söhbətlərinə qarşı daha yüksək səviyyədə nifrət bəsləməyə və ikrahla yanaşmağa ruhlandırdığının şahidi oluruq. Tehranda Böyük Şeytanı öz prinsiplərindən vaz keçməyə və diz çökməyə vadar edən inqilabçı tələbələrə və mollalara necə nifrət edilə bilərdi?
Terrorçular öz qələbələrini ciddi şəkildə dəyərləndirdilər və ondan özləri üçün lazımi nəticələr çıxardılar. Öz məqsədlərinə çatmaq üçün onlar terrordan istifadə etmişdilər və bundan sonrakı mövcudiyyətlərinin terrordan davamlı surətdə istifadə etməkdə olduğunu anlamışdılar.
Tehranda girovçuların cəzasız qalmaları terrorçu azğınlıqlarının həm tezliyini, həm də miqyasını getdikcə artırdı. Bundan əlavə, təhlükəsizlik tədbirləri, kəşfiyyat uğursuzluqları, xarici siyasətin müəyyən edilməsində hesablaşmalara yol verilməsi və buna bənzər mətləblər barədə qaldırılan bütün digər məsələlər, 11 sentyabr vəhşiliyi demokratik ölkələrin vətəndaşlarını demokratik dəyərlərə nə qədər möhkəm sadiq olduqlarını düşünməyə məcbur edir. Onların düşmənləri hansısa bir cəfəngiyata inana bilərlər, ancaq onların hamısı məhz bunun uğrunda ölməyə hazır olduqlarını nümayiş etdirir. Terrorçuların qurbanlarının aynasında azad dünyanın vətəndaşları öz vicdanlarını tədqiq etməyə çağırılır; onlar zəif və qeyri-mükəmməl demokratiyaya öz loyal münasibətlərinin təbiətini yenidən dəyərləndirməlidirlər. Xüsusən də islamçı totalitaristlərin yaratdıqları möhkəm həmrəylik şəbəkəsi demokratik cəmiyyətlərin vətəndaşlarını İranda, Əlcəzairdə, Əfqanıstanda, Sudanda və dünyanın hər yerində uzun illərdən bəri təqib olunan demokratiya fəallarına nə qədər kömək etdiklərini özlərindən və öz hökumətlərindən soruşmağa məcbur etməlidir. Heç bir silahı olmayan bu insanlar terrora və tiraniyaya qarşı mübarizənin cəbhə xəttində dayanıblar və onların himayə olunmağa haqları var. Qərbin ağıl və ürəklərinin xüsusi diqqət yetirməli olduğu mənəvi, siyasi və hətta fəlsəfi problem məhz budur!
Müsəlman dünyası hara gedir?
Son bir neçə əsr ərzində İslam dünyası Qərblə özü üçün öldürücü qarşıdurmaya məruz qalıb. Bir tərəfin tam hegemonluğu, digər tərəfin isə alçaldılması və bu səbəbdən qəzəbli olması şəraitində keçən bu qarşıdurmanın başladığı vaxtdan bizim tariximiz müasirləşmə tarixçəsinə çevrilib. Müsəlmanların şüurunda Qərb və onun yaşayış üsulları çox qüdrətli bir mifə - əlçatmaz, dərkedilməz, şeytani bir şeyə çevrilib.
Biz başqalarına açılmaq qabiliyyətimizdən və yaxud arzumuzdan məhrum olmuşuq. Biz Qərbin İslam qiyafəsində maskalanmış intellektual kateqoriyaları və konsepsiyalarından ibarət asan həll yollarını seçməyə vərdiş etmişik. Belə etməklə də biz nəinki Qərbi başa düşmək imkanını yaxalaya bilməmişik, həmçinin öz mədəniyyətimizin açarını itirmişik. Başqa sözlə desək, əgər belə olmasaydı, degenerat (nəsli pozulmaq, bioloji cəhətdən korlanmaq - red.) leninizm bu gün özünü böyük bir monoteist dinin həqiqi ifadəçisi kimi necə təqdim edə bilərdi? İslamçılar özlərinə müasirliyə və Qərbə qarşı mübarizə aparan ən cəsarətli əsgərlər kimi baxırlar, amma əslində onlar həmişə müasir Qərbdən gələn bəzi ən şübhəli ideayaları idxal edən və onlara ilk baxışdan islami kimi səslənən boş və mənasız sözlərdən don geydirənlərdən başqa bir şey deyillər. Biz mədəni irsimizə bu qədər laqeyd qalmamalıyıq, bizim ilahiyyatçılar və intellektuallar islamçıların dedikləri ilə əsl İslam təlimləri arasındakı fərqləri açıb göstərmək üçün daha səylə işləməlidir. Onlar terrorçuların Allahın yerdə yeganə və birbaşa təmsilçiləri olduqları ilə bağlı iddialarına daha səmərəli şəkildə son qoymalıdırlar; çünki onlar, ən azı, insanların qurban kəsilməsi adətinin yenidən dirçəldilməsini tələb edən təlimdən başqa heç nəyə tapınmırlar.
Əgər bizim də Qərb sivilizasiyasını dərindən bilən məşhur ekspertlərimiz olsaydı, onda bilərdik ki, Qərb çox fərqli, çoxşahəli və mürəkkəb mahiyyətə malikdir. Onun siyasi mədəniyyəti bizim üçün ciddi əndişələr doğursa da, həm də insan ləyaqətini müdafiə edən institutları var. O əndişələrdən biri müsəlman dünyasına və digər ölkələrə qarşı ipmerializm siyasəti ilə bağlı olub, ancaq həmin siyasət, Birinci dünya müharibəsinin səbəb və nəticələri ilə tanış olan hər kəsin bildiyi kimi, avropalıların özünə bizdən çox ziyan vurub. Bizim ekspertlər aça bilərdilər ki, Qütbün və Xomeyninin insan hüquqlarını ittiham etməsi papa VI Piyin "İnsan hüquqları haqqında 1789-cu il Fransa Bəyannaməsi"ni ittiham etməsi ilə kifayət qədər eynilik təşkil edir. Biz onu da dərk etməliyik ki, qərblilər də bir müddət bundan əvvəl bu gün bizim demokratiya yolunda üzləşdiyimiz əngəllərlə qarşılaşıblar. Qərb vətəndaşları öz azadlıqları uğrunda mübarizə aparıblar: bu mübarizədə onlar nə qəlblərini, nə də dinlərini itiriblər. Öz azadlığımızı qazanmaq üçün biz də qollarımızı çırmayıb mübarizə aparmalıyıq və eyni zamanda onu da unutmamalıyıq ki, Allahın ləyaqət bəxş etdiyi ilk və əbədi, azad və şüurlu bəşər övladlarıyıq.
Qeydlər
Biz, dəyərli şərhləri və tənqidi qeydləri üçün Hörmüz Hikmətə və bəzi faydalı informasiyalar üçün Leyz Kubbaya təşəkkürümüzü bildirmək istərdik.
1. Qərb müstəmləkəçiliyinə müqavimət göstərmək üçün iranlı seyid Cəmaləddin Əfqani və misirli Məhəmməd Abduh kimi müsəlman intellektualları və din alimləri bu qənaətə gəlmişdilər ki, müsəlman cəmiyyətlərinin islahatlara və İslamın yeni şərhinə ehtiyacı var. Onların müdafiə etdikləri islahatlar İslamın çağdaşlığa uyğunlaşdırılması və müasirləşdirilməsi məqsədi güdürdü. Onlar fərdi azadlıqları, sosial ədaləti və siyasi liberalizmi genişləndirməyə çalışırdılar. Buna baxmayaraq, Birinci dünya müharibəsindən sonra bu hərəkat siyasi liberalizmə düşmən kəsilən bir hərəkata çevrildi.
2. Şiələrin özünü şəhid etmək kultunun intihar hüquqları üçün dini təşviqə xidmət etməsiylə bağlı geniş yayılmış, amma səhv təsəvvür var. Bu, terrorçuların özləri haqda məharətlə yaydıqları illüziyalardan biridir. Şiələr üçüncü imam və peyğəmbərin nəvəsi olan Hüseynə (680-ci ildə vəfat edib) müqəddəs şəhid kimi sitayiş edirlər. Bununla belə, şiə təlimi həm də şəhid olmaqdan qaçmağı buyurur, hətta insanın ölümcül təqibdən qurtara bilməsi üçün öz dinini gizlətməyi (taqiye) tövsiyə edir. Sünnilər Hüseynə sitayiş etmirlər, amma intihar hücumları həyata keçirmək lazım gələndə "Əl-Qaidə"”li sünnilərlə əksəriyyəti şiələrdən ibarət "Hizbullah"”lı kadrlar arasında elə bir fərq qalmır. Zorakılığa və özünü qurban verməyə haqq qazandırılmasında islamçılarla 1970-ci illərin italyan və alman marksist terrorçuları arasında çox ciddi bənzərliklər mövcuddur.
3. Mavdudi haqqında bax: Seyyed Vali Reza Nasr. The vanquard of İslamic Revolution: The Jama at-i İslami of Pakistan (Berkeley: University of California Press, 1994); və Seyyed Vali Reza Nasr. Mawdudi and Making of İslamic Revivalism (New-York: Oxford University Press, 1996).
4. Seyid Qütbün qardaşı Məhəmməd Qütb Ərəbistanda hörmətlə qarşılananlar arasında olub.
5. Bənnanın ardıcılları onun tez-tez "İslamın dörd təriqətinin hər biri şərəflidir” və gəlin biz anlaşa bildiyimiz şeylər üzərində əməkdaşlıq edək, anlaşa bilmədiklərimiz barədə isə bir-birimizə qarşı iltifat göstərək"” dediyini xatırlayırlar.
6. 1998-ci il martın 22-də "Times of London"” qəzeti xəbər vermişdi ki, bin Ladenlə İran İnqilab Keşikçiləri Albaniyada və Kosovoda öz əməliyyatlarını birləşdirmək məqsədilə ilk dəfə fevralın 16-da pakt imzalayıblar. 1999-cu ilin sentyabrında isə Türkiyə kəşfiyyatı İranın Təbriz şəhərində bin Ladenin maliyyələşdirdiyi qrup aşkar etmişdir.
7. İslamçı hərəkatların birləşdirilməsinə dair ilk konfrans İranın himayəsi altında 1982-ci ilin yanvarında təşkil edilib.
8. Bernard Lewis. "License to Kill: Usama bin Ladin’s Dectaration of Jihad"”, Foreign Affairs, 77 (November-December, 1998); bin Laden cihad elan edərkən ibn Taymiyyanın adını xatırladır, ancaq onun elan etdiyi cihad sonuncunun cihad haqqındakı fikirləriylə ziddiyyət təşkil edir. İbn Taymiyya mülki insanları öldürməyi açıq-aydın şəkildə qadağan edir, qanun və qaydalara
dəqiq əməl etməyi tələb edir.
9. 1989-cu ildə İran parlamentinin sədr müavini Höccətül-İslam Mehdi Kərrubi "regionda imperializmə qarşı mübarizə" üçün təlim düşərgələrinin yaradılmasını təklif edib.
10. Əli Əkbər Haşimi Rəfsəncani. "İnqilabe va defa’e Moqaddas" ("İnqilab və onun müqəddəs müdafiəsi"); (Tehran: Press of Foundation of 15 Khordad, 1989)
11. Tehranda çıxan "Jomhourei-e Eslami" qəzetinin 1981-ci il 4 noyabr sayında ABŞ səfirliyinin girov tutulmasının ikinci ildönümü münasibətilə verdiyi müsahibədə radikal tələbə lideri Musəvi Xoyeniha buna işarə vurmuşdu ki, İran liberalları və demokratlarının neytrallaşdırılması bu hadisədə qazanılan ən vacib nəticədir.
Ladan Borumənd
Röya Borumənd
"Journal of Democracy", cild 13, nömrə 2, aprel 2002
Yazının orjinal adı: “Terror, İslam və Demokratiya”
Tərcümə etdi:
Tehran Vəliyev
“III Sektor” jurnalı